"Elmar Vəliyevin AFFA-ya gücü çatmadısa, biz nə edək" təsəllisi

“Kəpəz” Premyer Liqanın 2017/18 mövsümünü 3 antirekordla başa vurdu.

 

Sonuncu pilləni tutan qərblilər yüksək liqadakı yerini itirməklə yanaşı, həm də tarixinin ən aşağı göstəriciləri ilə diqqət çəkdi.


Mövsümü cəmi 14 xalla başa vuran “Kəpəz” indiyədək heç vaxt bu qədər aciz olmayıb. Premyer Liqada 20-ci mövsümünü keçirən komanda az – 28 oyuna çıxdıqlarını da əsas gətirə bilməz.

 

Çünki Azərbaycan çempionatlarında bundan az matçın baş tutması dəfələrlə yaşansa da, qərblilər daha çox xal toplayıb.


Ölkənin ən köklü klublarından biri mövsüm ərzində vur-tut 3 qələbə qazanıb. Elə bu da “Kəpəz”in güclülər dəstəsindəki çıxışları tarixinin antirekordudu.


Gəncə klubu çempionat ərzində cəmi 18 qol vurub. Bu, 20 mövsümlük Premyer Liqa tarixinə malik üçqat çempionun ən zəif göstəricisidi.


Komandanın hazırkı mövqeyində qalması həm də prinsipial rəqiblərindən asılıydı. Artıq heç bir stimulu qalmayan, yalnız şərəf xatirinə oyunlara çıxan «Kəpəz» bu görüşlərdə daha çox söz sahibi olmaq imkanını qaçırdı. Çünki «Neftçi»dən əvvəl «Zirə» və «Sumqayıt»ı da dişə çəkməyə çalışmadı. Sadəcə, yola verdi.

 

Hələlik dəqiq olaraq heç nə bilinmir. Düzdü, AFFA «Kəpəz»ı Premyer Liqada saxlamaqda maraqsız görünür, bununla belə, yenə yüzdəyüz demək olur ki, bu, bitmiş məsələdi.  «Kəpəz»in xəmiri daha bir müddət su aparacaq.

 

Hər halda klubun arxasınca Elmar Vəliyevin – qərb bölgəsinin ən qüdrətli icra başçısının ayaq səsləri eşidilir. AFFA-nın Gəncəni futbolunu divizionla məhdudlaşdırması ona ilişmək demək olacaq.

 

Heç kimə sirr deyil ki, Vəliyevlər güclü dayaqlara malikdi, əlləri hər yerə çatır, sayılır və seçilirlər. «Kəpəz» aysberqin görünən tərəfidi və hələ də oturub ümidlə gözləməyə dəyər ki, Vəliyev problemi çözəcək. Bu, onun əlində olan məsələdi. 


İşdi, AFFA «Kəpəz»i son güman istehkamını dağıtsa, bundan ən böyük təsəllini «Xəzər» tapacaq. Divizionun debütant çempionu nə yerdədi, nə göydə. Nə irəli gedir, nə gedir. Gözü yolda, qulağı səsdədi.

 

«Elmar Vəliyevin AFFA-ya gücü çatmadısa, biz nə edək » - astadan, aram-aram bir-birlərinə pıçıldayırlar. Durğunluğu pozacaq addımı kim birinci atacaqsa, o da qabağa düşəcək. Qərarlılıq birinci şərtdi. 

 

ELXAN

Tarix: 22 May 11:00    Oxunub: 1174    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.