"Qarabağ" bizə gəlir gətirmir”

"Qarabağ"ın prezidenti, "Azersun" şirkətinin rəhbəri Abdulbari Gözəl komandası haqda danışıb. 

 

Sportinfo.az xəbər verir ki, o, əvvəlcə bu çempionluğu necə dəyərləndirdiyinə aydınlıq gətirib:

 

“İlk gündən "Qarabağ"a dəstək verdik. Adı, ruhu üçün dəstək verdik. Məqsədimiz "Qarabağ"ı tanıtmaqdır. "Qarabağ"la çempion olduq, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandıq.

 

Bunların hamısını bacara bildik. "Qarabağ"ı dünyaya çıxardıq, komandamız Azərbaycanın səsi oldu. Buna görə çox sevinirik. Azərbaycan xalqı da komandamızı çox dəstəklədi... Sevinirik ki, ardıcıl 5-ci ildir çempion oluruq”.

 

Klub prezidenti etiraf edib ki, bu mövsüm işləri çox çətindir: “Çünki Avropanın ən güclülərinə Çempionlar Liqasının təsnifat mərhələlərində rəqib olacağıq. Ona görə də hazırlıqlar görəcəyik.

 

Baş məşqçimiz Qurban Qurbanov ağıllı insandır. Biz ona hər cür səlahiyyət vermişik. Özü də nə etməli olduğu üzərində düşünüb. Ümidvaram ki, yaxşı nəticə göstərəcəyik”. 

 

Məlum olduğu kimi, Avropanın transfer bazarında qiymətlər qalxıb. Bu, "Qarabağ"ın transfer siyasətinə təsir edəcəkmi?

 

Abdulbari Gözəl bu suala cavabında bildirib ki, büdcə ötən mövsümlərdəki kimi olmayacaq: “Amma təbii ki, bu gün Avropa ilə ayaqlaşmaq çox çətindi. Onlar illərin klublarıdır, bilet satırlar, gəlirləri var.

 

Onlar klubdan pul qazanırlar. Biz isə kluba sərmayə qoyuruq. Qoy, Azərbaycanda elə bir gün yetişsin ki, camaat varlansın, pullansın, biz də biletin birini 50 manata sataq. O zaman bizim də pulumuz olacaq, biz də Avropadakı klublar kimi olacağıq”.

 

Klub prezidenti onu da vurğulayıb ki, təbii, qoyduqları vəsaitin Avropadan onlara gəlir gətirəcəyini də nəzərə alırlar:

 

“Çünki Avrokuboklara yüksəlməsək, çox şey itiririk. Vəsiqə qazandıqda xərcimizin çox hissəsini geri qaytara bilərik. İrəli getməyə məcburuq...

 

Mən deməzdim ki, Azərbaycan çempionatı zəifləyib. Bu mövsümdə klublar güclü idi. Amma "Qarabağ" yaxşı məşqçinin sayəsində oynayır. Bizdə komanda oyunu var, hər kəs özü üçün deyil... ".

Tarix: 22 May 10:12    Oxunub: 750    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.