“Neftçi” söhbəti yoxdu, bu, real deyil" - Samir Abasov

Sportinfo.az “Sumqayıt”ın baş məşqçi postundan ayrılan Samir Abasovun müsahibəsini təqdim edir:\

 

Klub prezidenti Riad Rəfiyev müqavilə müddətinin uzadılmasını müzakirə etmək üçün sizinlə görüşəcəyini bildirib. Onunla bir araya gəldiniz?

- Belə bir görüş olmayıb, olacağına da inanmıram. Amma olsa, gedib görüşəcəyəm. Sumqayıtda yaşayıram, nə vaxt çağırsalar, gedərəm. Lakin nəyinsə dəyişəcəyinə inanmıram.

 

Yəni, qərarınız qətidir?

- Qərar hansı halda dəyişə bilər? Oyunçu versələr, klubda futbolçu baxımından vəziyyət düzəlsə, məmnuniyyətlə qalıb, işləyərəm. Bizə ən azı 6 – 7 legioner lazımdır.

 

Rəfiyev bildirib ki, “Sumqayıt”ın strategiyası yalnız yerli oyunçularla çıxış etmək formasında qoyulub və bu cür də davam ediləcək...

- Klubun strategiyası var. Prezident deyirsə, bu cürdür, demək, elədir. Klubumuza, “Sumqayıt”a uğurlar. Mən bu strategiyadan narazı olaraq klubdan çıxıram. Yəni, bu formada işləyə bilmirəm. Burada bir çıxış yolu var – razısansa, işləyirsən, razı deyilsənsə, gedirsən. Mən ikinci variantı seçirəm və işləmirəm. Vəssalam!

 

“Neftçi”nin baş məşqçisi olacağınızla bağlı deyilənlər nə dərəcədə doğrudur?

- “Neftçi” söhbəti yoxdur. Bu, real deyil. Hələ ki, evdəyəm. Başqa bir təklif var idi, hansı ki, rədd etdik. Komandanın adını deyəsi deyiləm. Çünki o da mənim üçün ürəkaçan, perspektivli görsənmirdi. “Neftçi” barəsində də söhbət gedə bilməz. Yəni, belə söhbət olmadığına görə deyirəm ki, hələlik yoxdur.

 

Təklif Premyer Liqa klublarından idi?

- Premyer Liqadan da var idi, qıraqdan da.

 

Qəbul etmədiyiniz təklifi nəzərdə tuturuq...

- Bəli, yerli komanda idi.

 

İddialı klub idi?

- Bütün klublar, ən azı “Sumqayıt” da iddialıdı, özünü iddialı sayır. 

 

Amma bu, yüz faiz “Neftçi” deyil?

- Yüz faiz “Neftçi” deyildi.

 

Adınız indiyə qədər 3 klubla – “Neftçi”, “Qəbələ” və “Zirə” ilə yanaşı hallanıb...

- Klubların adlarını saysaq, axırda birində dayanacağıq (gülür). Ad çəkəsi deyiləm. Adımın hansı klublarla yanaşı hallandığını bilmirəm. Amma mən tərəfdən heç nə yoxdur. Olanda, biləcəksiniz.

 

Qarşıdakı planlarınız necədi?

- Hazırda ailəmlə birgəyəm. Hələlik məktəb mövsümüdür deyə, uşaqlarımla məşğulam. Onların dərsləri, imtahanları var. Bu vaxta qədər izləyə bilməmişdim, vaxtım yox idi. İndi isə çiynimdən böyük bir yük düşüb. Onun rahatlığını yaşayıram. Ramazan ayıdır, oruc tuturam.

 

Xarici klublardan təklif var?

- Hazırda yoxdur. Amma tanış agentlərdən - Rusiyada olan dostlarımdan xahiş etmişəm ki, uyğun bir şey olsa, işləmək xoş olardı.

 

Hələlik real variant yoxdu?

- Xeyr (report).

Tarix: 21 May 17:24    Oxunub: 995    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.