Niyə ölüb yerə girmirsiz?

Ağasəlim Mircavadov o…

 

Yaşı 70-i ötmüş qocaman.
Mən onu necə tanımışdım, tanıyırdım… 


Nələr gördü(m) amma!
Bir bu qalmışdı, bunu da gördü(m).


Gördüyünüz şəkil Binədə çəkilib: O, Region Liqasının yarımfinal oyununu izləməyə gəlib, daha doğrusu, göndərilib. «Energetik»in «Araz-Naxçıvan»ı penaltilərlə keçdiyi oyuna. 


Mircavadovun gözləri yol çəkir. Sakit oturması, dinməz-söyləməz meydana tamaşa etməsi bundandı.

 

Artıq 8 ilə yaxındı işləmir. Sonuncu iş yeri «Xəzər Lənkəran» olub. Ondan əvvəl də bu cənub klubunu çalışdırıb. İlk dəfəsində «qızıl dubl» etmişdi. İkincidə də buna yaxın idi. «Bakı» ilə bölüşə bilmədilər, çempionluq da əlindən çıxdı, kubok da.


Mircavadov 11 il öncə atdığı addımın, verdiyi qərarın acısını və altını çəkir. İndinin özündə də. Yoxsa ki, ondan güclü və təcrübəli çoxmu məşqçimiz var? Vaxtilə «Neftçi»ni «Xəzər Lənkəran»a dəyişməsinin üstündə Rövnəq Abdullayevin gözündən düşən bu qocaman sənətkar qələmi qırılmış durumda. Mübariz Mənsimov inad etməsəydi, o, daha öncə, 2008-də də sevimli peşəsi ilə vidalaşmışdı.


Faktiki olaraq sağollaşıb. Qoymurlar. Çalışmasına izn yox. AFFA Məşqçilər komitəsinə də ona görə gətiriblər ki, başını saxlasın, başını qatsın, gəlsin-getsin, 1000 manat maaş alsın və… Sussun! AFFA-nın, millilərin, rəhbərlərin ünvanına güldən ağır söz söyləməsin.


Danışan deyildi zatən. Ara-sıra tənqid edirdi, onda da çəkinə-çəkinə, iş alacağına ümid yeri qoya-qoya, o günü gözləyə-gözləyə… Yaş keçir, ömür vəfa etmir, bir də gözümüzü açıb görəcəyik ki, Mircavadovun işləməyə nə halı qalıb, nə hacəti, bir əsanın üzərində güclə dayanıb.


Mən Mircavadovu o vəziyyətdə, o düşmüş halda görmək istəmirəm. Onu həmişə necə görmüşəm, bundan sonra da görmək istəyirəm. Mircavadovu bu gün texniki zonanın kənarında saxlayanlar, önündən zibil vedrəsini götürməyənlər, əmin olun, sabah ya birigün peşmançılıq hissi keçirəcək. Tarix onları cəzalandıracaq.

 

Bu iş fələyin işi deyil. bu işi görənlər şəxsi ambiyalarını hər şeydən üstün tutanların işidi. Dövran indi onlarındı. Məhz indi! «Sabah da onların olacaq» deyə bir şey yox.


Mircavadovun canı suludu. Məşqçilər Komitəsinin sədri var e, Vaqif Sadıqov, o, Mircavadovun yanından yel olub ötə, atılan dırnağı belə ola bilməz! Məşqçi var, komanda onu məşqçi və titul sahibi edir. Məşqçi də var, o, komandanın komanda və titul sahibi edir.

 

Mircavadov getdiyi hər klubda işiylə, nəticəsylə xaruqələr yaradan mütəxəssisdi. Zamanında «Qarabağ» da, «Bakı fəhləsi» də, «Neftçi» də, «Xəzər Lənkəran»da ən yaxşı illərini onunla qazanıb. Mircavadov fərqini hər dönəm hiss etdirib. Bir onun çalışdırdığı komandalara baxın, bir də buraxıb ayrıldığı komandalara. Ondan sonra heç cür özlərinə gələ bilməyiblər.

 

Bu səviyyənin yiyəsini, futbolu futbolçuya və azarkeşə sevdirən mütəxəssisi biz necə itirə, illərini hədərə verə bilərik ki? Niyə hələ də ondan istifadə etməyək, üstündən xətt çəkək? Rəvadımı heç? Mircavadovun önündən o şlaqbaum götürülsə, çalışdıracağı komanda ilə çempionata rəng qatmaz, rəqabəti geri qaytarmazmı o? 


Tamam, «pulgirdi» deyir biriləri. Dünənki uşaqlar – Ayxan Abbasov, Samir Əliyev, başqaları konfet kağızı almaq üçün işləyir yoxsa? Özünə, işinə əmin məşqçi pulunu danışmayacaq, nəyi danışacaq, nədən danışacaq bəs? Danışmalıdı da.

 

Çün o, illərin yetişdirdiyi, «Pünik»lə - ermənilər üzərində son qələbəmizin memarıdı. Nə tez unuduruq o tarixi?

 

Yaxın keçmişə belə biganəyik? Bir gün Mircavadov da bu fani həyatda olmayacaq.

 

Onu düşünəndə içi, vicdanı, ürəyi sızıldamayacaqmı? Bu gün ona düşmən kəsilib, zibil vedrəsinin arxasında əyləşib sakit poz verməsinə səbəbkar olanların…


MUSA

Tarix: 21 May 18:48    Oxunub: 1249    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.