Elxan Məmmədov işini bilsin: Alternativ qüvvə? Aha...

Fikrini-zikrini, həyat tərzini futbola uyğunlaşdıranlarımızın, heç olmasa, yarıdan çoxu həm də ölkə futboluyla yaxından maraqlanır.

 

Onlarçün daim bir mövzu aktual olub: Azərbaycan futbolunda alternativ qüvvə varmı?

 

Mövcud rejimin davam etməsi ciddi sistem problemləriylə müşahidə olunur.  İctimai qınaq yükü azdır, mətbuat pressinqi korşalmış durumdadır. Belədə  yanlış davam edən və böyüyən prosesə qarşı əsas təsir qüvvəsi alternativ qüvvədir.

 

Zahirən görünmür.  Məsələn, ziyalı təbəqəsi yoxdur. Onlar aktiv deyil. Danışmırlar, problemlərlə bağlı çıxışlar etmirlər, məqalələr yazmırlar. İctimai fikir yükü yoxdur.

 

Bəxtiyar Musayev buyaxınlarda çatışmazlıqlarla bağlı radikal tonda müsahibə verdi, onunçün də problem yaradıldı. Müntəzəm davam edən tək Tahir Süleymanovdur və bu da təbii ki, yetəri güc demək deyil.

 

Alternativ fikir adamlarının təkanverici qüvvəsi olmalıdır. Bu da yoxdur deyə, əks fikir cəbhəsi formalaşmır. Riskli, dayaqsız bir işlə heç kim məşğul olmaq istəmir. 

 

Ancaq Azərbaycan futbolunda ciddi qüvvə formalaşmaqdadır. "Zirə"nin fəxri prezidenti Orxan Məmmədov həmin fikir, xarakter sahibidir.

 

Rövnəq Abdullayev - Elşad Nəsirov klanları arasında ambisiya poliqonuna çevrilən futbol industriyasına ilk ciddi dövlət müdaxiləsi Qurban Qurbanovun milliyə baş məşqçi təyin edilməsi oldu. Bu, yalnız Qurbanovun, üstündən ötüb keçilməsi mümkün olmayan nəticələr qazanmasından sonra baş verdi. Yoxsa Elşad Nəsirov klanı artıq italiyalı Di Matteonu Bakıya gətirmiş, AFFA rəhbəri ilə görüşdürmüşdü. Hətta detallar da razılaşdırılmışdı.

 

Son anda məhz prezident İlham Əliyevin istəyi ilə Qurbanov "sükan" arxasına gətirildi. Bu, ölkə futbolu tarixində nadir hadisələrdən oldu ki, ictimaiyyətin bütün təbəqələri alqışladı. Rövnəq Abdullayevin də istəyincə olan bu prosesdə o, əslində hökumətin müdaxiləsi ilə Nəsirov klanının gizli/hiyləli pressinqində yaxa qurtulmuş oldu... Və Qurbanova 6 il vaxt verilməsi, bütün yaş qrupları üzrə sistemin formalaşdırılması kimi ciddi qərarlar məhz Abdullayevin istəyi ilə olub. 

 

...Belə bir gedişat "Zirə"li Orxan Məmmədov üçün davam etməkdədir. Bəli, "Zirə"yə qarşı provokativ məqamlar oldu və klubun ən zəif cəhəti də bu məqamları hiss etməməsindədir. Bununçün klub ciddi bazalaşmalı, sistemli idarəçilik formalaşdırmalıdır.

 

Qısa zamanda uğurlu, maxinasiyasız, ikişaf yolunda olan klub modeli yaratmaq Məmmədovu fiqura çevirməkdədir. O da  fərqindədir və dünən brifinqdə ortaya qoyduğu tərzlə bunu hiss etdirdi. İstənilən halda, politik ayıqlıq qaçılmazdır.


Əks halda, Nəsirov klanı necə ki yetişməkdə olan nüfuz ocaqlarını söndürməkçün əlindən gələni edib/edir - onlarçün real "təhlükəyə" çevrilən "Zirə" amili üçün də "planları" yox deyil.  Nəsirov klanı Abdullayevin politik zəifliyindən istifadə edərək, "Bakı", "Xəzər Lənkəran" kimi meqa gücləri ölkə futbolunda zərərsizləşdirilməsini onun adına yapışdırmağı bacardı. Ciddi araşdırılsa, proseslərin "burulma" mərkəzi Abdullayev klanında yox, Nəsirov "drujina"sıda tapılar.

 

***               ***                ***

Prezident seçkilərindən sonra müxtəlif ixtisarlar və  təyinatlar prosesində yeni vəzifə (İqtisadiyyat Nazirliyində Kiçik və orta sahibkarlığın inkişafı agentliyinə icraçı direktor - müəl.) alan Orxan Məmmədov yuxarı dairələrin yaxın adamıdır. Təyin olunduğu yeni vəzifədən sonra futboldan uzaqlaşacağı haqda kuluarlarda fikirlər səslənsə də, dünən göstərdiyi tərzlə belə olmadığına işarələr verdi.

 

"Sumqayıt"la oyundan sonra qalib gələn komandanı təbrik etməkçün paltardəyişmə otağına gedən Məmmədov çıxandan sonra  jurnalistlərə tərəf gəldi. Mətbuatda görünməyi sevməyən biri öz təşəbbüsüylə mətbuat nümayəndələrinin toplandığı yerə tərəf gəlib, geniş söhbət etdi. Suallara cavabında  futboldan - "Zirə"dən uzaqlaşmadığını göstərdi: "Çalışacam, ölkə kubokunun finalına da canlı baxım".

 

Həmin oyunda "Keşlə" qalib gəlsə, "Zirə"nin tutduğu 4-cü yer Avropa Liqasına getməyə imkan verməyəcək. Orxan Məmmədov bu vəziyyətə sistemli bir klub rəhbəri kimi izah verdi: "Bizimçün klub olaraq ən vacib bu deyil,  vacib odur ki, 11 oyun qələbə qazana bilməyən bir komanda geridönüş etməyi bacardı".

 

Və komandanın, baş məqçinin yanında olduğunu bəyan edən klub rəhbəri bildirir ki, kubok finalından sonra baş məşqçi Ayxan Abbasovla növbəti mövsümün planları üçün görüş olacaq. Həmin görüşdə komandaya dair təkliflər dinlənəcək.

 

"Zirə"nin ortabab klub imicindən çıxması üçün layihələriniz varmı" sualına "Bəli, bir çox layihələrimiz, planlarımız var. Tədricən həyata keçiriləcək. Əsas məqsədimiz ciddi futbol klubu formalaşdırmaq, Azərbaycan futbolunun inkişafına nail olmaqdır" cavabı verdi.

 

Orxan Məmmədov yarandığı gündən inkişafa gedən, adı heç vaxt pis olaylarda hallanmayan bir klub modeli formalaşdırmağın nümunəsini ortaya qoya bilib.
Hazırkı futbol idarəçiliyinin buraxdığı irili-xırdalı səhvlər ictimaiyyəti futbol istiblişmentinə inamı, hörməti xeyli azaldıb.

 

Belə vəziyyətdə ciddi, uğurlu alternativ qüvvənin yetişməsi müşahidə edilməkdədir.

 

Elçin Cəlilov, Futbolpress

Tarix: 21 May 13:24    Oxunub: 647    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.