UEFA "Qarabağ"ı ÇL-də birinci mərhələyə göndərdi

2018/19 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində birbaşa oynayacaq 26 komandanın hamısı bəlli olub.

 

Sportinfo.az xəbər verir ki, son vəsiqəni dünən “Latsio”nu 3:2 hesabı ilə məğlub edərək A seriyasında 4-cü yeri təmin edən “İnter” qazanıb.

 

Milan təmsilçisi 2011/12 mövsümündən sonra ilk dəfə qitənin ən ali klub yarışına qatalacaq. 2018/19 mövsümündə ÇL-in qrupunda birbaşa oynayacaq komandalar:

 

İspaniya: "Barselona"*, "Atletiko", "Real", "Valensiya"

Almaniya: "Bavariya"*, "Şalke-04", "Hoffenhaym", "Borussiya" (Dortmund)

İngiltərə: "Mançester Siti"*, "Mançester Yunayted", "Tottenhem", "Liverpul"

İtaliya: "Yuventus"*, "Napoli", "Roma", "İnter"

Fransa: "Pari Sen-Jermen"*, "Monako", "Lion"

Rusiya: "Lokomotiv"*, SSKA

Portuqaliya: "Portu"

Ukrayna: "Şaxtyor"

Belçika: "Brügge"

Turkiyə: "Qalatasaray"

Çexiya: "Viktoriya"

Adlarının qarşısında ulduz qeyd olunan komandalar püşk zamanı birinci səbətdə yer alacaqlar.

 

Niyə Çexiya?

 

2016-cı ildə Çempionlar Liqasının 2018/19, 2019/20 və 2020/21 mövsümü üçün yeni formatı təsdiq edilib.

 

Reytinqdə ən yüksək yer tutan ilk dörd ölkənin ən güclü dörd komandası birbaşa ÇL-in qrupunda oynamaq hüququ əldə edir. Yeni mövsümdən bu hüququ İspaniya, Almaniya, İngiltərə və İtaliya əldə edib.

 

Yeni qaydalardan sonra Avropa Liqasının qalibi də ÇL-in qrupunda oynaya biləcək. Əvvəllər isə bu komanda pley-off mərhələsində çıxış edirdi.

 

UEFA-nın saytı yazır ki, AL-in hazırkı qalibi “Atletiko” eyni zamanda İspaniya çempionatında ikinci yeri tutmaqla da ÇL-ə vəsiqəni təmin etdiyindən bu vəsiqələrdən biri reytinqinə görə beşinci olan assosiasiyaya (indiki halda Fransaya) verilir.

 

ÇL-in bu mövsümkü qalibi də yeni mövsümdən yarışın qrupunda birbaşa oynamaq hüququ qazanacaq. Öz ölkəsinin liqasında tutduğu yerlə artıq ÇL-ə vəsiqəni təmin edən “Real” və “Liverpul”un cari mövsümün finalında da üz-üzə gəldiyini nəzərə alsaq, indiki qalibin vəsiqəsi hazırda reytinqinə görə UEFA-da 11-ci yeri tutan ölkəyə - Çexiyaya (“Viktoriya”) verilir.

 

“Qarabağ” nə vaxt başlayır?

 

Qrupun digər 6 iştirakçısı təsnifat mərhələlərinin oyunlarından sonra müəyyənləşəcək. Həmin mərhələnin iştirakçıları arasında Azərbaycan çempionu “Qarabağ” da var. ÇL-in yeni formatına əsasən, Ağdam klubu bu dəfə mübarizəyə ikinci deyil, birinci təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin ilk oyunları 10-11 iyul, cavab matçları 17-18 iyulda keçiriləcək. Qrup oyunlarına isə 18/19 sentyabrda start veriləcək.

Tarix: 21 May 15:48    Oxunub: 836    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.