Bir də fikirləş, Abasov!

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov istefa verdi.

 

Premyer Liqanın son turunda doğma meydanda “Zirə” ilə qarşılaşan komandasının 1:2 hesabı ilə məğlubiyyətinin həmən ardından.

 

Bu nəticə ilə komanda mövsümü 5-ci pillədə başa vurdu. Avrokubok şansını itirən çalışdırıcı mətbuat konfransında istefa verdiyini bildirdi. Buna səbəb kimi rəhbərliyin şərtlərini yerinə yetirməməsini göstərdi. 

 

Samir Abasov 2015-ci ildən "Sumqayıt"da işləyirdi və… İşləməlidi!


Məncə o, bu qərarı moyuq başla verməyib. Məğlubiyyətin təsirindən də ola bilər. Son həftələrədək hamı gözləyirdi ki, «Sumqayıt» avro-eşalonda yer alacaq. Əla şans düşmüşdü, bundan istifadə etməmək istifadə etməkdən daha çətin idi. Gəl ki, apreldən başlayan eniş «Sumqayıt»i dibə vurdu, qaldıra bilmədilər.


Başda Samir Abasov olmaqla, bütün futbolçular. Hamısı günahkardı. Tək-tək. Öz əlləriylə, alın təri və zəhmətləri ilə bu yerə gəlib çatmışdılar, gərək idi ki, nizamı pozmasınlar, son anadək boşalmasınlar.

 


Edə bilmədilər. Fevralın ikinci yarısı və martda gələn ard-arda uğurlu nəticələr komandanı eyforiya gölünə soxdu, sonra da çaxnaşmaya.


Aldandılar. Xoş sözlərə və təriflərə. Artıq məsələni bitmiş saydılar, erkən nalxdılar işin dalından. Hələ marafon final mərhələsinə qədəm basmamış. Fikrimcə, «Sumqayıt»ı təlaşlandıran, həyacana boğan səbəblər bunlardan qaynaqlandı. Oysa ki, nə problem vardı? Gözəl oyun, gözəl qələbə, gözəl atmosfer.

 

Hamı «Qarabağ» deyir, amma məncə, Azərbaycanda ən çətin komanda «Sumqayıt»dı. Futbolçuları bir-birlərini gözüyumlu başa düşür meydanda. Abasov bunu qısa müddətdə etməmişdi. 2015-ci ildən bu yolla irəliləyirdi. «Sumqayıt»ı iddialı duruma gətirən baş məşqçinin bu cür sonluğu, doğrudan da, qətiyyən içaçıcı deyil, düşündürücüdü. 


Abasov fərqindədi ki, «Sumqayıt» tərk olunub. kimlərsə bura başqa niyyətlə ayaq basmışdı, o niyyətlə də ayrıldılar. «Sumqayıt»ı sadəcə hara üçünsə vəsilə görənlər isə yol üstədi, bu gün-sabah ayrılacaqlar. Abasov o qafilədə yer almamalıdı. Palaza bürünüb həmin insanlarla, həmin insanların arxasınca sürünməməlidi.

 

İddiasız adamı mən də bəyənmirəm. Çox təhlükəlidi o. Bəzən elə yersiz və müəmmalı hərəkət edər, zərbə vurar ki… Yerə baxandan qorx!


Hər məşqçinin öz özəlliyi, üstünlüyü və zəif cəhəti var. Bu sahəni peşə seçənləri firqələrə bölməyin deyil də, fərdlərə ayırmağın tərəfdarıyam. Abasov o məşqçilərdəndi ki, doğulduğu, boya-başa çatdığı, havasını udub suyunu içdiyi kəndə, şəhərə, o kəndin və şəhərin insanına, adətinə, ənənəsinə, ümumən camiəsinə bağlıdı, onunla özgürləşib. 


«Sumqayıt»dan «x» bir kluba getsin, o, yenə sumqayıtlı Samir, «Sumqayıt»ın Samiri kimi yadda qalacaq.

 

Bunu fikirləşərək, qərarına bir də baxmalı, gözdən keçirməlidi.

 

Anlayıram, Abasov bu qərarı verməklə avrokuboklara vəsiqə qazanmağın məsuliyyətini bütünlüklə öz üzərinə çəkdi. Olmasını istəyirdi, olmadı. Amma həyat ki davam edir, ruhdan düşmək, özünə qapanmaq, inanmamaq ona yaraşmır axı.

 

Bilmirəm hardansa dəvət alıb, haraylasa əvvəlcədən razılaşıb, ancaq hara gedir-getsin, harda çalışır-çalışsın, o yer Sumqayıt və «Sumqayıt» qədər Abasova isti yuva, doğma ev olmayacaq.

 

Üç ildi tikib-qurduğu, bönövrəsindən tanıdığı klubdan bir buna görə – strategiyanın dəyişməməsini səbəb göstərərək ayrılmaq tələsik aldığı qərardı. Legionersiz komandayla nəticə qazanmağın çətinliyi fikrini mən də qəbul edir və bölüşürəm.

 

Lakin əcnəbi futbolçuların birbaşa cənnətə bilet qazandırmadığını da diqqətə almaq gərək. Yəni, məsələnin bir də bu tərəfi var. Çözüm legionerdə olsaydı, Yunis Hüseynov «Kəpəz»in divziona yuvarlanmasını önləyərdi. Maliyyə və  şəraitin fonunda sabitlik əsasdı, «Sumqayıt»da da var bu. Abasov birindən şikayət edərkən, birini də nəzərə alsın.


KAMİL

Tarix: 21 May 15:00    Oxunub: 793    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.