U-15 Liqası: Çempion bu gün məlum olacaq

Dünən “Boulevard U-15 Liqası"nda mövsümün son turuna start verildi.

 

Şənbə günü baş tutan 5 oyundan heç biri turnir cədvəli baxımından elə bir əhəmiyyət daşımırdı.

 

Bəlkə də bu üzdən oyunlar bir qədər sönük keçdi. Hər halda ilk oyun günü sensasiyasız ötüşmədi. "Zirə»nin səfərdə İOEUGİM-ə məğlub olması gözlənilməz idi.

 

Daha bir sensasiya Binə qəsəbə stadionunda qeydə alına bilərdi. Lakin «Neftçi» son dəqiqə qolu ilə «Turan»ı məğlub edə bildi.

 

U-15 Liqasında mövsümə bu gün keçiriləcək 2 oyunla yekun vurulacaq. Məhz bu qarşılaşmalar başa çatdıqdan sonra birinciliyin qalibinin kimliyinə aydınlıq gələcək. «Vətən»in qızıl medalları qazanması üçün «Qarabağ»la səfər oyununda cəmi 1 xala ehtiyacı var.

 

«Qəbələ»nin isə çempion olması üçün evdə «Viləş»ə qalib gəlməsindən başqa «Vətən»in məğlub olması da lazımdır. Xallar eyni olarsa, «Vətən» şəxsi oyunlardakı nəticələrə görə (1:1, 3:1) rəqibini qabaqlayacaq.

 

Hər 2 oyun 16:00-da başlayacaq. Cəza səbəbindən bu gün yalnız 1 futbolçu meydanda görünməyəcək. Bu, ötən tur «Viləş»lə oyunda qırmızı vərəqə alan «Qarabağ»ın qapıçısı Cavidan İzzətlidir.

 

Yeri gəlmişkən, «Sərhədçi» OİK-nin meydanında baş tutacaq «Qarabağ» - «Vətən» matçından sonra təltifetmə mərasimi keçiriləcək. AFFA rəsmiləri «Keşlə» və «Vətən»ə medalları təqdim edəcəklər.

 

«Keşlə»yə bürünc medalların veriləcəyi dəqiqdir. «Vətən»in medal əyarı isə oyun başa çatdıqdan sonra bilinəcək. «Qəbələ»nin medallarını nə vaxt alacağı məlum deyil.

 

İndisə dünən keçirilmiş oyunlar barədə…

 

«Neftçi» - «Turan» 2:1

Turun açılış matçı Binə qəsəbə stadionunda baş tutdu. Çempionatın sonuna doğru zəif təsir bağışlayan «Neftçi» autsayderlər qrupunda yer alan «Turan»ı qəbul etdi. Meydan sahiblərinin qalib gələcəyi gözlənilən idi. Doğrudur, bu, onlara qismət oldu. Amma böyük zəhmət bahasına.

 

Qarşılıqlı hücumlar şəraitində keçən birinci hissədə hesab açılmadı. Fasilədən sonra isə hakim mərkəzi 3 dəfə göstərdi. Oyunda ilk qol ikinci hissənin lap əvvəlində vuruldu. Rəqibi əks hücumda yaxalayan Talıb Bayramov – Elnar Hüseynov – Fariz Nəbiyev «trio»su sonuncu adı çəkilən futbolçunun qol vurması ilə «Turan»ı hesabda önə keçirdi. Zədəli futbolçuların çox olması «Neftçi»nin baş məşqçisi Zaur Seyidova bu oyunda heyət qurmağa əməlli-başlı çətinlik yaratmışdı.

 

Bu üzdən o, 2004-cü il təvəllüdlü bir neçə futbolçunu əsas heyətdə meydana buraxmışdı. Elə həmin futbolçular komandanın qələbəsində böyük pay sahibi oldular. Buraxılan qoldan az sonra Elcan Əbilov uzaq məsafədən effekti zərbə ilə hesabı bərabərləşdirdi. Matçın sonuncu dəqiqəsində bakılılar qələbə topunu vura bildilər. Ağadadaş Salyanskinin zərbəsindən sonra qapıçı topu geri qaytarsa da, Altay Əbdülkərimov təkrar zərbə ilə komandasına 3 xal qazandıran qola imza atdı.

 

«Keşlə» - İsgəndər Cavadov BFA 1:0

3-cü yeri özünə vaxtından əvvəl təmin edən «Keşlə» İsgəndər Cavadov BFA ilə oyuna rahat çıxmışdı. Məğlubiyyət belə Xəyal Mustafayevin komandasının turnir cədvəlindəki mövqeyinə təsir etməyəcəkdi.

 

Bəlkə də bu üzdən oyun çox sönük keçdi. Matçda yeganə qol 11-ci dəqiqədə vuruldu. Seymur Məmmədovdan əla ara ötürməsi alan Məhəmməd Tağıyev qapıçı ilə dueldən qalib ayrıldı. Bu qol həm də «Keşlə»nin matçı qalib kimi başa vurmasına bəs etdi.

 

Matçda yaddaqalan məqamlardan biri də qonaqların kapitanı və oyunda ən çox gözə dəyən futbolçusu Vüsal Nəcəfzadənin matçın başa çatmasına bir neçə dəqiqə qalmış ikinci sarı vərəqə ilə meydandan qovulması oldu.

 

«Neftçi» İK İB – «Sumqayıt» 1:0

Eyni hal Lökbatan OİK-nin meydanında yaşandı. Meydan sahibləri rəqibi cəmi 1 qolla məğlub etdilər. «İnter Arena»dakı oyunla yeganə fərq qolun qonaqlar tərəfindən oyunun başa çatmasına 10 dəqiqə qalmış vurulması oldu. 55-ci dəqiqədə Kamran Baloğlanovun qapı önünə etdiyi asmanı «Sumqayıt»ın futbolçusu Araz Hüseynov uzaqlaşdırmaq istəyərkən tərs toxunuşla öz qapısından keçirdi.

 

«Kəpəz» - «Zaqatala» 3:0

«Kəpəz»in autsayderi məğlub edəcəyi kimdəsə şübhə doğurmurdu. Belə də oldu. Gəncəlilər rəqibi böyük hesabla məğlub etdilər. «Kəpəz»dən qolların ikisi Bəhram Muradovun adına yazıldı. O, 40-cı və 62-ci dəqiqələrdə fərqləndi. Bəhramdan savayı 62-ci dəqiqədə Sərxan Rüstəmov da qol vurmağı bacardı.

 

Qarşılaşmada maraq, eyni zamanda təəssüf doğuran məqam 41-ci dəqiqədə yaşandı. Sərxanın əkiz qardaşı Orxanla «Zaqatala»nın futbolçusu Qurbanəli Qurbanov bir-birilərini təhqir etdiklərinə görə meydandan qovuldular.

 

İOEUGİM – «Zirə» 2:1

Turun sensasiyası Sumqayıtda – Mehdi Hüseynzadə adına stadionda qeydə alındı. Qonaqların ərazi üstünlüyü şəraitində keçən oyunun ilk hissəsində 1 qol vuruldu. 22-ci dəqiqədə Elnur İsmayılovdan ötürmə alan Tural Axverdiyev «Zirə»nin qapıçısı Uğur İbrahimovla təkbətək mübarizədən qalib ayrıldı və İOEUGİM-i hesabda irəli çıxardı.

 

Cəfər Hüseynovun yetirmələri fasilədən bir qədər sonra hesabdakı tarazlığı bərpa etdilər. Künc zərbəsindən ötürülən topu Gülağa Əsədov başla qapıdan keçirdi. Matçın 50-ci dəqiqəsində Baba Əsgərovun yetirmələri yenidən hesabda irəli çıxdılar. Rəqib müdafiəçi və qapıçının bir-birini anlamamasından istifadə edən Sabir Quliyev Sumqayıt təmsilçisinə qələbə qazandıran qolu vurdu.

 

Bombardirlər: Elvin Abdullayev («Vətən») – 32 qol, Mehrac Baxşəliyev («Qəbələ») – 26 qol.

 

«Het-trik news» qəzetinin və sportinfo.az saytının birgə layihəsi

Tarix: 20 May 14:12    Oxunub: 597    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.