"Bu, kişiliyə yaraşan bir şeydi?"

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov "report"a müsahibə verib.

 

Sportinfo.az həmin müsahibəni təqdim edir:

 

Premyer Liqanın sonuncu – XXVII turunda evdə “Qəbələ”yə 0:2 hesabı ilə uduzduğunu oyundan sonra xeyli aqressiv idiniz. Əsəbiliyinizin səbəbi nə ilə əlaqədar idi? 

- Oyunçularda sonluğu gətirmək keyfiyyəti çatışmırdı. Futbolçu çatışmır – problem budur. Burada ediləsi bir şey yoxdur. Söhbət istədiyinizi həyata keçirə biləcək oyunçulardan gedir. Bu çatışmır. Bəxtimiz də gətirmədi - bu da bir amildir. Neçə oyundur xeyli qol epizodları yaradır, amma vura bilmirik. Buna görə də əsəbiləşdik.

 

Daha əvvəl "Kəpəz"lə səfər matçınızın isti hava şəraitində keçirilməsindən şikayətlənmişdiniz. Mayın 20-də sonuncu turda “Zirə” ilə ev oyununuz da saat 17:15-ə təyin olunub...

- Bu, hər iki komandaya problem olacaq. Bizimlə yanaşı, “Kəpəz” – “Neftçi” və “Səbail” – “Zirə” oyunlarının eyni vaxta təyin edilməsini, Gəncədə işıqlandırma sisteminin olmamasını nəzərə alsaq, bunu da başa düşmək olar. İsti havada süni örtüklü meydanda çıxış etmək həddindən artıq çətindir. Həm də matç Ramazan ayına, orucluğa təsadüf edir. Ancaq yenə də deyirəm, qarşılaşmanı bu saata təyin edənləri də günahlandıra bilmərik. Eyni vaxtda oynamalıyıq. Gəncə şəhər stadionunun vəziyyəti məlum məsələdir. Durumu başa düşürük.

 

Bəs futbolçularınızın durumu necədir: Onlar son görüşə hansı motivasiya ilə hazırlaşırlar?

- Eyni vəziyyətdir. Necə var idisə, elə də qalıb. Qıraqda danışmaq başqa, meydanda oynamaq başqadır. Kənarda danışanda, yüz faiz udmaq, yer tutmaq istədiklərini deyirlər. Ancaq bunu meydanda reallaşdırmaq qıraqda danışmaqdan xeyli fərqlənir. Son oyunlarda köklənmənin olmadığını söyləyə bilmərəm. “Qarabağ”la görüş istisna olmaqla, digərlərində 20-ci dəqiqədə 3-4 qolla öndə olmalı idik. Sadəcə, ustalıq səviyyəsinin olmaması bizi bu vəziyyətə gətirdi. Yaratdığımız qol epizodlarından yararlana bilmədiyimiz üçün indiki durumdayıq. “Zirə” ilə qarşılaşmaya qeyr-adi oyun kimi çıxmayacağıq. Adi matçdır. Qol epizodlarından yararlansaq, udacağıq. Bacarmasaq, yenə bu vəziyyətdə qalacağıq.

 

Azərbaycan Kubokunun finalında “Qəbələ” ilə qarşılaşacaq “Keşlə”yə avrokubokda iştirak üçün lisenziya verildi. Bu, baş verməsəydi, 4-cü yeri tutub, Avropa Liqasına düşmək baxımından daha çox şansınız olardı. Amma artıq "Zirə"ni məğlub etməkdən əlavə, "Neftçi"nin Gəncədə "Kəpəz"ə, "Keşlə"nin isə finalda "Qəbələ"yə uduzmasını gözləməli olacaqsınız... 

- Biz “Zirə”ni və ya “Keşlə”ni fikirləşmirik. Meydana öz oyunumuzu sərgiləməyə çıxacağıq. Digər tərəfdən, niyə “Keşlə”yə lisenziya verilməli deyildi? Çempionatın əvvəlindən bunu fikirləşmirdik. Hansısa komandaya lisenziya verilməməsini arzulamaq qeyri-etik, insanlıq çərçivəsindən uzaq hərəkətdir. UEFA “Keşlə”yə lisenziya verməsin, biz gedək - bu, kişiliyə yaraşan bir şeydir? Digər tərəfdən, hələ “Keşlə” “Qəbələ”ni udmayıb ki, 4-cü yerin şansı olmasın. Əsas öz oyunumuzla qalib gəlməkdir. Heç-heçə də bizə kömək etmir. Məqsəd 4-cü yeri tutmaqdır. Bu, alınmasa, bizim üçün “Keşlə”yə lisenziya verilib-verilməməsinin, finalda kimin udmasının əhəmiyyəti qalmır. Mən kimlərinsə UEFA-dan “Keşlə”yə lisenziya verilməsini gözləməsinin tərəfdarı deyiləm. Bu haqda heç düşünmürəm də.

 

Ötən mövsümün sonlarında da avokuboka vəsiqə baxımından önəmli matçda “Zirə” ilə evdə qarşılaşdınız və qalib gələ bilmədiniz. Oyunun 1:1 hesablı heç-heçə ilə yekunlaşması sizə mane oldu...

- Amma həlledici yox, önəmli matç idi. Çünki həmin vaxt "Zirə”ni udub, son 2 turda “Qarabağ” və “Qəbələ”yə uduzsaydıq, mənası nə idi? Turnir cədvəli, intriqanı saxlamaq baxımından vacib qarşılaşma idi. Bərabərə qaldıq və intriqadan qopduq.

Tarix: 17 May 09:24    Oxunub: 564    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyul 2018
17 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.