Samir Abasov: “Xəbərim olmadan kimsə futbolçuları iclasa toplaya bilməz”

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Sportinfo.az-ın suallarını cavablandırıb:  

 

Komandanız Premyer Liqanın son 3 ev oyununda məğlubiyyətlə üzləşib. «Zirə» ilə qarşılaşmanı da doğma meydanda keçirəcəksiz. Hazırda düşərgədə əhval-ruhiyyə necədi, düzəlirmi?

- «Qəbələ» ilə oyundan sonra futbolçuları 2 günlük istirahətə yolladıq ki, bir az stadion ab-havasından uzaqlaşaq. Birinci məşqdən sonra da ümumiyyətlə oyun haqda danışmadıq. Sadəcə, aramızda söhbət etdik ki, özümüz nə istəyirik? Soruşduq ki, həyatımızı futbola bağlamışıqsa, məqsədimiz nədi? Dedik ki, əgər məqsədimiz əl-qolumuzu sallayıb, başımızı aşağı dikib bununla barışmaqdısa, bu oyunu verməkdisə, sözün əsl mənasında bizi heç nə gözləmir. Bu da yoxsa o biri oyunlar kimi olacaq. Biz bu oyunu çıxarmalıyıq. Belə bir söhbətlərimiz oldu. Meydançadan kənarda hamımız dil ustasıyıq. Danışmaq üçün. Elə eləyəcəyik, belə eləyəcəyik… Meydançaya çıxanda isə ümumiyyətlə ab-hava təmiz dəyişilir. Çünki ən azından oynayan iki komandadı. Ola bilsin ki, rəqibdə motivasiya səndən də güclü olsun. İkinci sual yaranır ki, sən bunu aqa bilərsən, yoxsa bilməzsən? Əfsuslar ki, futbolçular meydançadan kənarda çox güclüdü. Meydana girdinsə, doğrudan da, nələrə eləməlisən. Bir çətinlikdi, düşmüşük ora. İnşallah, öhdəsindən gələcəyik. Məşqçilər olaraq «Zirə» ilə oyunadək komandanı bu ab-havadan çıxarmağa çalışacağıq. Görək!

 

Klubla müqavilənizin müddətini 2 illik artırmağınız artıq dəqiqdimi?
-  Vallah, səmimi sözümdü, indiyədək rəhbərliklə kontrakt söhbəti eləməmişəm. İki illik müqavilə təklif elədilər, şərtləri dedilər. İzah etdilər ki, komanda avrokuboklara vəsiqə qazansa, filan-filan şeylər olacaq. Əsas da futbolçular baxımından. Avrokuboklara vəsiqə qazanmasaq, nələr olacağını da açıqladılar. Mayın 20-dən sonra bu söhbətə bir də qayıdacağıq və ümumi məsələlərin hamısına birdəfəlik aydınlıq gətirəcəyik. Mətbuat da həmin vaxt biləcək ki, vəziyyət nə yerdədi. Aramızda pul söhbəti olmayıb və mən bundan sonra da bu haqda danışmayacam. Çünki əsas işdi, biz nə isə eləməliyik. 

 

Bildiyimizə görə, Premyer Liqa məşqçiləri arasında ən az maaşı siz alırsız. Bir müddət öncə mətbuata açıqlamışdız ki, klubdan yeni təklif gəlsə, əməkhqqımın artırılmasını istəyəcəm. 
- Doğrudanda maaşım bütün məşqçilərdən aşağıdı. Türklər demişkən, bu, heç umrumda da deyildi. Bunun əziyyəti, psoxoloji təsiri heç vecimə də deyildi. Necə ki, dünən civildəyən futbolçular bu gün pul haqda düşünməli deyil, eyni vəziyyətdə də mən. Bu haqda, ümumiyyətlə, düşünmürdüm. Həmişə köməkçilərimə də deyirdim ki, biz əvvəlcə nəsə etməliyik, sonra özümüz haqda da düşünək. İnanın, bu dəfə də rəhbərliyə gedib deməmişəm ki, maaşım aşağıdı, qaldırın. Rəhbərlik mənə öz istəklərini deyəndə və iki illik müqavilə bağlamağı təklif edəndə, cavab verdim ki, özümün də fikrim burda qalmaqdı. Riad müəllimlə söhbətdə pulun yox, Sumqayıt futbolunun inkişafına səbəb olacaq şeylər var, bax, onların üstündə dayanmışam. Demişəm ki, mən bunların olmasını istəyirəm. Bayaq dediyim ki, ayın 20-dən sonra bu söhbətlərə qayıdacağıq. Mənə «biz bunları həll edəcəyik» deyə bir sözlər veriblər. Mən də öz növbəmdə uşaqlara söz vermişəm ki, rəhbərlik 2 illik müqavilə təklif edib, ən azı, bu müddətdə qalacam. Hə, 20-dən sonra necə olacaq, necə olmayacaq… Şükür, hazırda hər şey müsbətə doğru gedir və gedəcək. Özünüz bilirsiz, Azərbaycan futbolunda hər şey bir anın içində dəyişə bilər. Mən tərəfdən yox, klub tərəfdən. Allah eləməsin, Avropaya çıxmasaq, nələr olacaq… Gələn həftənin ortası hər şey bilinəcək.

 

«Sumqayıt» 2011-ci ildən, yəni, Premyer Liqada çıxış etməyə başlayandan bəri yalnız Azərbaycan pasportu daşıyan futbolçulara güvənib. Siz isə dəfələrlə qeyd etmisiz ki, legionerlər gətirmədən çempionatda yüksək hədəflər uğrunda mübarizə aparmaq, avrokuboklara vəsiqə qazanmaq demək olar mümkünsüz məsələdi. Rəhbərliklə son görüşünüzdə bu strategiyanın dəyişdirilməsinin vacibliyi üzərində dayandızmı?
- Bizdə başqa cür fikirləşirlər. Deyirlər ki, Samir Abasov legionerdən danışırsa, hökmən onun da komandasında bir dənə sarı, bir dənə qara olmasını istəyir. Yox! Sadəcə, mən komandamda yaxşı futbolçuların olmasının tərəfdarıyam. Bunu da mən ancaq qıraqdan gətirilən futbolçuların timsalında görürəm. Rəhbərlikdə söhbətimdə əsasən bu mövzuya toxunmuşam. Onlarla büdcədən danışıb, bəlkə də azərbaycanlı futbolçulardan daha aşağı qiymətə, amma səviyyəli legionerlər gətirməyin mümkünlüyünü bildirmişəm. Demişəm ki, çıxış yolu legioner dəvət etməkdədi. Mənə söz veriblər ki, çempionat qurtarandan sonra bu söhbətlərə qayıdacağıq. Rəhbərlikdən yeganə istəyim «Sumqayıt»da yaxşı futbolçuların yığılması və yaxşı komanda yaratmaq olub.

 

Klubun baş sponsoru olan «Azərikimya»nın sədri Muxtar Babayev nazir keçdi və həm şirkətdən, həm də Müşahidə Şurasının üzvlüyündən getdi. «Azərikimya»nın yeni rəhbərliyi ilə görüşdə iştirak etdizmi?
- Mənim «Azərikimya»nın yeni rəhbərliyi ilə görüşüm və danışığım lmayıb. Əvvəl belə idi; bizə deyirdilər ki, filan vaxtı şirkət rəhbərliyi ilə yığışıb, filan məsələləri müzakirə edəcəyik. Kamran Quliyevin vaxtında həmişə belə olub. Kamran müəllimlə bütün məsələləri ən son nöqtəyə kimi danışırdıq, planlarımızı aydınlaşdırırdıq, sonra gedirdik ümumi görüşə. Bu da əsasən transferlərlə, təlim-məşq toplanışlarıyla, yeni mövsümlə bağlı məqsədlərə görə olurdu. Mən hələlik yeni prezidentimiz Riad Rəfiyevlə danışmışam. Komandayla bağlı nə lazımdısa, ona demişəm. Vallah, prezidentimizin onlala görüşməsindən də xəbərim yoxdu.

 

«Sumqayıt»ın prezidenti Kamran Quliyevlə baş menecer Ceyhun Sultanov bu ilin fevralında “Sumqayıt”ı «Neftçi»yə dəyişdilər. Sizcə, onlar qalsaydı, «Sumqayıt» bu gün turnir cədvəlində «Neftçi»dən yuxarıda olardımı? 
- İstər Kamran Quliyev, istərsə də Ceyhun Sultanov komanda üçün əllərindən gələni edirdilər. Bu, danılmaz faktdı. İndi desəm ki, onlar «Sumqayıt»da qalsaydı, nələrsə dəyişəcəkdi, bunu yalan söyləmiş olaram. Görünən tərəf odu ki, bu gün Riad müəllim də komanda üçün əlindən gələni edir, çalışır. Klub tərəfdən əvvəl nə edilirdisə, hazırda da o olur. Məsəlçün, maaş və mükafatların verilməsi. Bəlkə bəzi şeylər var ki, dəyişib. Hə, mükafat əvvəl 10 manat idisə, son oyunlara görə bəlkə 11 manata qalxa. Belə götürəndə, dəyişiklər yoxdu. Sadəcə, futbolçular çıxıb oynamalıdı, vəssalam! Açığı, mən bir məşqçi kimi gözləyirdim ki, bizdə də haçansa qırılma nöqtəsi olacaq. Çünki oyunlar vaxtı elə anlar olur ki, hər xətdə liderlərə, oyunu öz üzərinə götürən futbolçulara sənin ehtiyacın yaranır. Bu, bizdə olmadığından, fikirləşirdim ki, həmin vəziyyət hardasa gəlib qabağımıza çıxacaq. Ən pisi odu ki, qırılma nöqtəsi sezonun axırına, ən lazımlı oyunlar vaxtına təsadüf etdi. Təkəbbürlükdən uzaq olsun, demirəm ki, mən beləyəm, mən eləyəm. Mən təzə başlayanlardan, hələ məşqçilikdə heç nə eləməmişəm biri kimi deyirəm ki, burda bir komanda var, burda bir baş məşqçi var. Yəni ki, onlar bu situasiyaya girdilər və onlar bu situasiyadan çıxmalıdılar. Çünki indiki situasiyanı burda bir baş məşqçi və onun komandası yaratdı. Yük bizlərin boyunundadı. İstər əvvəl olsun, istər indi olsun. Bax, budu vəziyyət!

 

Bugünlərdə mətbuatda xəbər yayıldı ki, Quliyevlə Sultanov «Qarabağ»la matçdan öncə «Neftçi»də baş məşqçidən xəbərsiz futbolçularla toplantı keçirib və bunu futbolçuları ruhlandırmaq məqsədilə etdiklərini bildiriblər. Maraqlıdı ki, onlar sizinle çalışdığı dönəmdə də belə bir hərəkət ediblərmi?
 - Mənə orda olan durumdan danışmaq çətindi. Çünki bilmirəm belə şey olub-olmayıb. Hansı klubda işləməyimdən asılı olmayaraq, hətta  «Sumqayıt»da belə olsa, komanda pis vəziyyətdə də yox a, lap çuxurun dibində qalsa da, mənim xəbərim olmadan kimsə futbolçuları iclasa toplaya bilməz. Ən azından əvvəlcədən bu haqda mənə deyilməli, icazə alınmalıdı. İkinci bir tərəfdən, mən ya buna icazə verəcəm, ya da icazə verməyəcəm. İcacə verəcəmsə və rəhbərlik də komandanı yığacaqsa, əslində, burda da böyük bir problem yoxdu. Baş məşqçi də prezidentə, kluba tabedi və onunla məsləhətləşdikdən sonra rəhbərlik də gedib sözünü futbolçulara deyə bilər. Bilsəm ki, xəbərim olmadan komanda yığılıb, inanın, həmin klubda bir dəqiqə qalmazıdım. Bu, mənim yüzə-yüz sözümdü. Çünki xəbərim olmalıydı. Bu, mənim fikrimdi. 

Tarix: 16 May 16:24    Oxunub: 515    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.