"Bilsəm ki, rəhbərlik qalmağımı istəyir, niyə də olmasın?!"

Çempionatın ilk yarısında cəmi 8 xal yığaraq çempionatda qalmaq uğrunda “Kəpəz”lə mübarizə aparan “Keşlə”də qış fasiləsindən sonra durum 180 dərəcə dəyişdi.

 

Sportinfo.az xəbər verir ki, Yuri Maksimovun gəlişi və bir heyətin gücləndirilməsi ilə “qırmızılar” əməlli-başlı sıçrayış etdi.

 

Bunun nəticəsidi ki, son turlarda “Zirə”, “Neftçi”, “Qarabağ” kimi rəqiblərini məğlub edən bakılılar qışdan sonra hesabına 20 xal yazmağı bacarıb.

 

Üstəlik, komanda kubokun finalına yüksəlib ki, hadisələrin gedişatı “Qəbələ”ni favorit görənlərin gümanlarında yanılacağına doğru aparır. Hər halda, “Keşlə” əvvəlki “Keşlə” deyil.

 

Amma bir məsələ var ki, sabiq “bankirlər”in Avroliqaya vəsiqə qazanacağıı təqdirdə ölkəmizi beynəlxalq arenada təmsil etməsi sual altındadı. Üstəgəl, Maksimovla yanaşı, bir sıra aparıcı futbolçuların müqavilə müddəti başa çatır.

 

Onlardan biri də son 3 ildə komandanın uğurları üçün tər tökən və əsas heyət üzvü sayılan Denis Silvadı. Odu ki, bəzi mövzular ətrafında söhbətləşmək üçün müsahib kimi məhz braziliyalı müdafiəçini seçdik (Futbol+).

 

“Qarabağ”ın qapısından 3 cavabsız top keçirməyiniz turun sensasiyalı nəticəsi kimi yadda qaldı. Bunu bacarmaq üçün nə etdiz?

- O məsələdə sizinlə razıyam ki, sonluğun belə olacağını heç kim gözləmirdi. “Qarabağ” kimi komandanın qapısından qısa müddətdə 3 top keçirmək... Amma biz yalnız qələbə haqda düşünürdük. Son vaxtlar qələbələri sıralamağımız uşaqlarda özünəinamı artırmışdı. Başa düşürdük ki, bir qədər istəkli olmaqla növbəti 3 xalı əldə edə bilərik. Çünki qarşıda bizi kubokun final oyunu gözləyir. Həmin matçdan üzüağ ayrılmaq istəyiriksə, qalib əhval-ruhiyyəsini qoruyub saxlamalıyıq. Oyun planında bəzi çatışmazlıqlar var ki, bu qələbələrlə onları aradan qaldırmağa çalışırıq. Amma bir şeyi unutmamalıyıq, “Qarabağ” çempionluğu təmin etdiyindən, istər-istəməz müəyyən qədər rahat idilər. Bu da işimizə yaradı.

 

Bu cür qələbə qazanacağınızı gözləyirdin?

- Qalib gələcəyimizə inanırdım. Amma bu hesabla udacağımızı ağlımdan keçirməmişdim. Düzünü desəm, gözləmirdim.

 

Oyunun gedişində Vaqif Cavadovla münaqişə yaşadın. Hətta baş məşqçi və tribunada olan atası da Vaqifi sakitləşməyə çalışırdı. Nə baş vermişdi?

- Oyunda olan şeylərdi. Az qala hər matçda bu cür hallarla rastlaşa bilərsiz. Ciddi insident deyildi. Sadəcə, künc zərbəsi zamanı biz müdafiəçilər irəli şığıdıq və cərimə meydançasına asma gözləyirdik. Vaqif isə qısa ötürmə etdi və rəqib topu ələ keçirdi. Belədə yenidən 100 metr geri qaçmalı olduq. Həmin an ona narazılığımı bildirdim. Olanlar meydanda qaldı. Oyundan dərhal sonra bir-birimizdən üzr istədik, məsələ bitdi.

 

Qış fasiləsindən sonra yaxşı başlamamışdız. Lakin sonradan sanki “ikinci nəfəs” açıldı. Ardıcıl qələbələr qazandız, kubokun finalına yüksəldiz. Birdən-birə nə baş verdi?

- Özünüz də bilirsiz ki, qışda komandada böyük dəyişikliklər edildi. Xeyli sayda futbolçu “Keşlə”ni tərk etdi, onların əvəzinə yenilər gəldi. Heç də hamı bir-birini yaxşı tanımırdı. Ona görə də oyunumuz istədiyimiz kimi alınmırdı. Amma təcrübəli futbolçu kimi bilirdim ki, müvəqqəti çətinlikdi, get-gedə düzələcək. Hətta bu haqda komanda yoldaşlarıma da deyirdim. Bizə 3-5 oyun lazım idi. Həmin periodu keçəndən sonra isə işlər qaydasına düşdü. Ona görə də indi rahat oynayırıq. Ən əsası komanda kimi birləşmişik. Vaxtımızı birgə xoş keçiririk, zarafat edirik, yəni hamı bir-birini yaxşı tanıyır. İlk dönəmlərdə belə deyildi.

 

“Qəbələ” ilə oyun asan olmayacaq. Rəqib doğma azarkeşləri önündə oynayır, heyətində kifayət qədər güclü futbolçular cəmləşib. Azarkeşlərə nə demək istəyirsən?

- Əvvəla onu demək istəyirəm ki, olduqca maraqlı qarşılaşma olacaq. Kimin imkanı varsa, mütləq Qəbələyə yollansın. Hər iki komandanın ifasında maraqlı oyuna şahidlik edəcəklərinə əminəm. Arzu edirəm ki, tribunalar tam dolsun. Belə olsa, bu bizə əlavə motivasiya verəcək. Meydandan kimin qalib ayrılacağını isə oyunun sonu göstərəcək. Məncə, hər iki komandanın şansları bərabərdi.

 

Bir çox futbolçuların müqavilə müddəti başa çatmaq üzrədi. O cümlədən də sənin. Bu haqda rəhbərliklə söhbətiniz olub?

- Bəli, mənim də klubla anlaşmam başa çatır. Buna baxmayaraq, hələ heç kimlə danışmamışam. Final matçını gözləyirik. Ondan sonra bütün suallara cavab tapılacaq. Bilsəm ki, rəhbərlik qalmağımı istəyir, niyə də olmasın?!

 

Maksimov açıqlamalarının birində “Keşlə” Avroliqaya vəsiqə qazansa da, komandadan ayırlacam” demişdi. Ümumiyyətlə, buna bənzər açıqlamaları çox olub. Bilmirsən, onu narazı salan nədi?

- Bu haqda mənim dəqiq nəsə deməyim çətindi. Çünki baş məşqçinin nə düşündüyünü, rəhbərliklə aralarında nə olduğunu bilmirəm. Biz də mətbuatda yazılanlardan xəbər tuturuq. Bizimlə heç bir problemi yoxdu. Amma mən də hiss edirəm ki, mövsümün sonunda getmək istəyir. Səbəbini bilmirəm. Komanda Avroliqaya vəsiqə qazansa və bu heyət qorunub saxlanılsa, Maksimovun “Keşlə”də qalmasını istəyərəm. Çünki bu işdə onun zəhməti var.

 

“Qarabağ” çempionluğu, “Qəbələ” Avroliqaya vəsiqəni təmin edib. Avroliqaya qalan iki vəsiqəyə dörd komanda – “Neftçi”, “Keşlə”, “Sumqayıt” və “Zirə” namizəddi. Səncə, sonda üzü gülən iki komanda hansılar olacaq?

- Ümid edirəm ki, biri “Keşlə” olacaq. Kuboku əldə etmək üçün əlimizdən gələn hər şeyi edəcəyik. Digər vəsiqənin kimə nəsib olacağını demək çox çətindi. Hər birinin taleyi öz əlindədi. Bu gün Azərbaycan futbolunda hər cür nəticələr qeydə alınır. Artıq favorit anlayışı yoxdu. İstənilən komanda rəqibini məğlub etməyi bacarır. Əsas bu deyil. Vacib olan Azərbaycan klublarının ölkəni Avropada layiqincə təmsil etməsidi.

 

HƏBİB

Tarix: 15 May 17:24    Oxunub: 568    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 May 2018
27 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.