400 min manatla “Xəzər Lənkəran”ı futbola qaytarmağın yolları

“Xəzər Lənkəran”ın növbəti mövsümdən etibarən çıxışının bərpa olunması ilə bağlı təklifi yazmışdım.

 

Yaxın 10 gün içində mövzu ilə bağlı Lənkərana getməyi, bu işdə bizə qoşulmaq,

 

Təşkilatçı Qrupda yer almaq istəyən dostlarla ilk toplantını keçirməyi düşünürəm. Növbəti belə görüşü Bakıda keçirəcəyik və tam ictaimaiyyətin nəzarətində fond yaradılması, həmin fonda şəffaf nəzarət məsələlərini müzakirə edəcəyik.

 

Dediyimiz kimi, hazırda Mübariz Mənsimova məxsus, Palmali şirlətər qrupuna daxil olan XL-in bərpasından getmir söhbət. Müstəqil, bütün hüquqları Lənkəranlı futbolsevərlərə məxsus olan alternativ klub təsis olunmalıdı. Rənglər olduğu kimi saxlanılır: “ağ-yaşıl”. 2004-cü ildə yaradılmış klubun varisi hesab edilir. Bunlar yeni yaradılan klubun Əsasnaməsində öz əksini tapır. 


Klub əvvəl Məhdud Məsuliyyətli Cəmiyyət formasına təsis edilir, tədricən İctimai Birlik formasına keçilir və üzvlərin mülkiyyətinə verilir. Ancaq işlərin axsamaması və operativ addımlar atılması üçün 5-6 nəfərlik Təşkilatçı qrup yaradılmalıdı. Bu layihənin gələcəyinə inanan, əlini məsuliyyətin altına qoymaq istəyən və Təşkilatçı qrupda yer almaq istəyən dostlar yazsınlar, onları tanıyaq. 


Təşkilatçı qrup nə edəcək?


1. Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edəcək;
MMC “Xəzər Lənkəran”a yaxın adla təsis edilir. Misal üçün, “Xəzər-2004” və ya “Xəzər Lənkəran 2004” və.s. kimi.


2. İanə fondu yaradacaq və ianələrin toplanmasına, şəffaflığa nəzarət edəcək;
Bank hesabları göstərilir və hesablara daxil olan vəsatin son qəpiyinə qədər həftəlik rəsmi Facebook səhifəsi və ya sayt vasitəsi ilə hesabatı verilir. Beləcə hədəf büdcənin toplanma prosesi açıq aparılır. Ayrıca təşkilatı işlərlə bağlı bütün xərclərin də açıq hesabatı verilir. Bu proses büdcə İdarə heyyətinə təhvil verilənə qədər davam etdirilir. 


3. Üzvlərin toplanması, idarə heyyətinin seçilməsi, komandanın yaradılması və idarəetmənin təşkil olunması ilə bağlı işləri görəcək;
Üzvləri könüllü iştirak etmək istəyən futbolsevərlər arasından seçirik. Təxminən, ilkin olaraq 50 nəfərə qədər üzv seçilə bilər. İdarə heyyətində yer alacaq icraçı qrupun da yarısını üzvlər, yarısını da Təşkilatçı qrup müəyyənləşdirə bilər.

 

4. Komandanın 1-ci divizionda iştirakı ilə bağlı, Peşəkar Futbol Liqası ilə əlaqələndirici işləri aparacaq;
Klubun iştirakı ilə bağlı danışıqları başlatmaq üçün lazım olan büdcənin yarısı toplanmış olmalıdı. Çünkü PFL bank təminatı istəyəcək. Ona görə də işləri sürətlə aparmaq, vaxt itirməmək şərtdi.


5. Kütləvi İnformasiya Vasitələrində təbliğat işlərini təşkil edəcək.
Yuxarıdakı 5 bəndlik plan təmin edildikdən sonra, Təşkilatçı qrup idarəetməni tamamən İdarə heyyətinə təhvil verir.

 

Əvvəlki qeyddə də bildirdiyim kimi, 1-ci divizionda layiqli çıxış etmək üçün 400 min manat civarında vəsait tələb ediləcək. Bu məbləğin yarısını ianələrlə avqust ayına qədər toplaya bilsək, başqa sponsorların cəlb edilməsi yönündə işlər apara bilərik.


Palmali ilə danşıqlar aparıb, stadion və infrastrukturdan istifadə ilə bağlı güzəştlər istənilməlidi. İcra Hakimiyyəti ilə iş aparmaq lazım olacaq. Bu məsələlərdən də müəyyən dvidentlər əldə edilməsi mümkündü. Lakin birinci təməl ianə fondu olmalıdı.

 

Mən düşünürəm ki, 400 min manat 20 min nəfər futbolsevərin 20 manat dəstək olması ilə yığılması real görünən rəqəmdi. Ancaq təbii ki, imkanlısı var, imkansızı var. Bu yük fərqli paylaşılacaqdır. Kimsə, 5 manat ianə edəcək, kimsə, 50 manat, kimsə 500 manat, kimsə də 5000 manat. Bu şəkildə balans təşkil oluna bilər. Əsas odu ki, təbliğat dairəsini geniş tutmaq. Bu işdə media quruluşlarından da dəstək alacağıq. 


Hər şeydən əsası bu işi istəməkdi. İstəmək hər hədəfə gedən yolun 50%i, yarısıdı. Mənim bu işdə marağım Lənkərandakı futbol aurasının geri qayıtmasıdı. Çünkü digərlərindən fərqli, başa düşünürəm ki, FUTBOL TRİBUNALARDA İNKİŞAF ETDİRİLƏN SƏNƏTDİR və o potensialı məhv etmək cinayətdi. Əgər biz bu dirilişi başlada bilsək, inanın ki, küsmüş Palmali də, başqa şirkətlər də dəstək olacaqlar. 

 

Lənkəranda müstəqil futbol klubunun formalaşdırılması, böyüdülməsi başqa bölgələr üçün də nümunə olacaq. Odu ki, bu məsələyə sadəcə bir klubun bərpası kimi yox, Azərbaycan futbolunda inqilabi islahatlar dövrünün başlanğıcı kimi baxmalıyıq.

 

Müstəqil klub modellərinin getdiyi hədəf özünümaliyyələşdirmədir.Bu layihənin davamında bizlər Lənkəranda Qafqazın ən böyük futbol akademiyasını qura bilərik. Hamısının layihəsi var. Belçika sistemi ilə, müasir standardlarla. Bu şansı heç kimdən istəməyəcəyik. Bu şansı özümüz özümüzə verməli, bu ölkədə futbolu ürəkdən sevən insanların işləməyinə şərait yaratmalıyıq.

 

Fərdə məsxus olan klub fərddən asılıdı. Mübariz Mənsimovun SOCAR ilə münasibəti yaxşı olacaq, klub qayıdacaq, pisləşəcək, məhv olacaq. Yəni bir nəfərin ruh halından asılıdı, o boyda klubun taleyi. Biz isə deyirik ki, “Xəzər Lənkəran” bir nəfərdən, 5 nəfərdən asılı olmamalıdı. Xalqın, cənubun, futbolsevərlərin komandası olmalıdı. 


1-ci divizionda başlanılsa, bu klubu cəmi 1 ildə premyer liqa səviyyəsində özünümaliyyələşdirən müəssisə formasına sala bilərik. Şirkətləşdirərik, XL markası ilə geyim satarıq, yanacaqdoldurma məntəqələri, mağazalar, xidmət-iaşə sahələri açdırarıq, və.s.

 

Soruşa bilərsiniz ki, 400 min büdcə kluba ancaq çatacaq, bunları necə açırsınız? XL-ı sevənlər açacaq, bəzilərinə təklif edəcəyik, mövcudlarını klub markası altına keçirəcək və daha çox qazanacaqlar. Necə qazanacaqlarının, necə qazandıracaqlarının yolları layihələşdiriləcək, hər birinə izah ediləcək. Bunların hamısının ayrıca layihələri bizdə mövcüddu.

 

Yekundə ictimai mülkiyyətə çevrilmiş gerçək klub modelini yaratmış olacağıq. Bu cəmiyyət çoxdan müstəqil və böyük Lənkəran klubuna hazır olduğunu göstərib. İndi qalır, Mənsimovçuluq xəstəliyinə yoluxmamış, şəhərini, bölgəsini, klubunu sevən, bu işdə vəzifələnmək istəyən insanların ortaya çıxması, “mən də varam” deməsi, bu məsuliyyətli işin altına çiyin verməsi.


Danışaq, razılaşaq, toplaşaq, Təşkilatçı qrupu və ianə fondunu yaradaq.


Mən bu yolda yerimək istəyənlərin ayaqları yerə möhkəm basana qədər yanınızdayam və yol yoldaşınızam. Təmənnam isə, dediyim kimi, tamamən mənəvidi.

 

Bu mövzu ilə bağlı bəzi AFFA və PFL rəsmilərinin nəbzini yoxladım. Klub iştirak etmək niyyətini bildirəcəyi təqdirdə, onların tərəfindən hansısa əngəl törədilməyəcəyinə inandırdılar məni. Odu ki, işləmək lazımdı.
“Xəzər Lənkəran”ın bərpası ilə bağlı planların qısa xronologiyasını yazıram.

 

1. Təşkilatçı Qrupun yaradılması. Bunun üçün layihənin gerçəkləşdirilməsində iştirak etmək istəyən fəallarla Lənkəranda ilkin toplantı keçirmək lazımdı.

 

2. Klubun qeydiyyatdan keçirilməsi. Digər yazıda qeyd edildiyi kimi, rəsmi işləri aparmaq üçün 2004-cü ildə yaradılmış “Xəzər Lənkəran”ın varisi hüququnda yeni Məhdud Məsuliyyətli Cəmiyyət təsis etmək lazım olacaq.

 

3. Təsis olunmuş klubun bank hesabında İanə Fondunun yardılması, elan edilməsi və fonda nəzarət edəcək şuaranın yaradılması. Şuaraya cənub camaatının tanınan, nüfuz sahibi şəxsləri “Ağsaqqallar şurası” formatında daxil edilməlidi. Fond klubun sonradan yaradılacaq İdarə heyyətinə təhvil verilənə qədər bu şuranın nəzarətində olacaq. İanələrin toplanması, xərcləmələr, hesabat reqlamenti yaradılacaq və işlər hüquqi normaya salınacaq.

 

4. İdarə Heyyətinin yaradılması. İdarə heyyətini Təşkilatçı Qrup kluba üzv olan üzvlərlə birlikdə formalaşdıracaq. Elə bir idarə sistemi olmalıdı ki, rəhbərliyi futbolsevərlər nəzarətdə saxlasın, seçsin və işləri bəyənilmədikdə vəzifədən azad edə bilsin. Məsələn, klubun prezidenti 2 illik müddətdə seçilsin və cəmi 2 dəfə seçilə bilsin. Klubun prezidentliyinə namizədliyini verənlər üçün kriteriyalar müəyyən edilsin. Müəyyən müddət stabil üzvlük haqqı ödəyən adamlar, sadiq üzvlər namizəd ola bilsinlər.

 

5. Komandanın yaradılması, məşqçilər korpusunun təyini, təlim-məşq bazasından, stadiondan istifadə üçün Palmali ilə danışıqların aparılması. 

 

Düşünürəm ki, Palmali rəhbərliyini bu təşəbbüs ancaq sevindirə bilər və texniki məsələlərin həllində xeyirxaq Mübariz Mənsimov köməyini əsirgəməyəcək.

 

6. Klubun maddi bazasının, İanələr xaricindəki gəlir istiqamətlərinin layihələşdirilməsi, yan şirkətlərin açılması, marka paylaşımı, əlavə sponsorların cəlb olunması.

 

7. Peşəkar Futbol Liqasına Birinci Divizionda iştirakla bağlı müraciət edilməsi.

 

Bu 7 bəndlik plan, “Xəzər Lənkəran”ın müstəqil şəkildə, cənublu futbolsevərlərin dəstəyi, ianə fondu əsasında yığılan vəsaitlə bərpa edilməsinin formatıdı. Mən də bu layihənin müəllifi kimi birinci ianəni etməyə və bu yolda ilk addımı atmağa hazıram. “Palmali”nin “Xəzər Lənkəran”ı maliyələşdirmək, bərpa etmək istəməməsinin hansısa obyektiv səbəbləri vardır. Bunun bizim üçün görünən tərəfi odu ki, Mübariz Mənsimov istəmir.

 

Gəlin, “Xəzər Lənkəran” üçün zamanında böyük işlər görmüş iş adamını başa düşək. Lakin Lənkəran klubu lazımdı. Bu azarkeş, bu atmosfer Azərbaycan futbolunun inkişafının ana maddələrindən biridi. Şəxsdən asılı olmayan, xalqa məxsus klub olmaq perspektivləri var. Bu addımlar atılmağa başlasa, inanın ki, Mənsimovları da yanımızda görəcəyik. 

 

Hədəf 400 min manat büdcəni toplamaq, başlamaq və 3 ildə bu klubu özünümaliyələşdirən şirkət etmək, Avrokubokların daimi iştirakçısına çevirməkdir.

 

Səsimiz hər kəsə çatsın deyə. "Xəzər Lənkəran" la bağlı qruplarda, səhifələrdə PAYLAŞMAĞINIZ məsləhətdir.

 

***

Əlavə qeyd: 
Bu mövzunu ictimaiyyətə açıq şəkildə müzakirə etmək istəməyən, XL camiasında nüfuz sahibi olan yoldaşlar var. Onların hər halda bilmədiyimiz müəyyən səbəbləri mövcuddur. Gəlin, bu nöqtədə müzakirələrə qoşulmaq istəməyənlərin mövqelərinə də hörmətlə yanaşaq. Heç kimi məcbur etməyək. Təşkilatçı Qrup yaradılandan sonra, o yoldaşlarla görüşərik, fikirlərini və səbəblərini öyrənərik.

 

Rəsul Şükürsoy

Tarix: 15 May 11:48    Oxunub: 852    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyul 2018
17 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.