“Əminliklə deyə bilərəm ki, “Vətən”də bu cür hallar baş vermir”

(Əvvəli ötən yazıda - http://sportinfo.az/news/3208)


Sportinfo.az “Uşaq futbolu: problemləri necə aradan qaldırmalı?” mövzusunda layihənin icrasını davam etdirir. Bu dəfə üz tutduğumuz istiqamət "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbi, müsahibimiz isə bu məktəbin direktoru Mustafa Həsənov oldu.

 

 

Yaxşı, peşəkar futbolçu olmaq üçün heç də təkcə istedad lazım deyil. Eyni zamanda təhsil də vacib rol oynayır. Və bu gün faktdır ki, uşaqlar böyüdükcə təhsilə maraqları azalmağa başlayır. Sizin məktəbdə vəziyyət necədir, faiz nisbətilə götürsək, uşaqlar daha çox təhsilə üstünlük verirlər, yoxsa futbola?
- Təbii, bura gələn azyaşlı uşaqlar üçün futbol həm də bir əyləncədir. Onlar o qədər inkişaf etməyiblər ki, seçim qarşısında qalsınlar. Bu mənada dərs öz yerində, futbol öz yerində olur. Siz dediyiniz seçim mərhələsi hardasa 13-14 yaşdan sonra başlayır. Bu yaşa qədər qədər olan uşaqların hamısı, demək olar ki, normal və müntəzəm qaydada həm dərslərilə məşğul olur, həm də futbolla. İxtisas seçimi həyata baxışın formalaşdığı, dünya görüşünün artdığı zamana təsadüfi edir ki, burada da məcburiyyət rol oynaya bilməz. Bu zaman fərqli yanaşma başlayır. Çox dzgün qeyd etdiz, bu gün baxsaq, dünyanın ən məşhur idmançıları, futbolçuları hətta təhsilin önəmindən danışırlar, savadı xüsus vurğulayırlar. Onların bu səviyyəyə çatmaları, böyük şəxisyyət kimi formalaşmalarında təhsilin, savadın rolu çox böyükdür. Düşünürəm ki, uşaqların şəxsiyyət kimi formalaşması üçün insani keyfiyyətləri, dünya görüşü, dil biliyi, təhsili çox vacibdir. Təkcə istedad rol oynamır. Bizdə universitetə daxil olmaqdan ötrü intensiz hazırlığa gedən uşaqlar var, onlara, onların valideynlərinə də demişəm ki, uşağı məcburi seçim qarşısında qoymayın. Buraxın, yolunu özü seçsin, bir şəxsiyyət kimi formalaşsın. Təhsilə daha çox ayıran uşaqlarımız var, hansı ki, futbolu da çox gözəl oynayırlar. Onların da valideynlərilə oturub məsləhətləşmişik ki, gəlin, günləri bölək, elə edək, bu uşaq həm dərsləri ilə məşğul olsun, həm də futbolu buraxmasın. Futbol məcburi deyil. Onsuz da gün ərzində istənilən insanın istirahət etməsi üçün 2-3 saat vaxt ayırması lazımdır. Əgər məktəbimizdə bir uşaq həm yaxşı dərs oxuyur, həm gözəl futbol oynayırsa, o zaman qrafiki elə quraq ki, heç bir tərəfdən çətinliklə üzləşməsin. Uşağın istedadı varsa, yetişib boya-başa çatana qədər hər iki yolla davam etsin, onsuz da tam formalaşandan sonra konkret seçimini özü edəcək. Bizim missiyamız isə yaxşı futbolçu yetişdirməkdən əvvəl uşağın bir fərd, bir şəxsiyyət kimi formalaşmasında vacib olan təhsil almalarına şərait yaratmaqdır. Ən böyük məsuliyyət valideyn-müəllimlərin üzərinə düşür.


“Vətən”in Təhsil Nazirliyinin balansında olduğunu, yəni, dövlət müəssisəsi kimi fəaliyyət göstərdiyini nəzərə alsaq, aydındır ki, sizdə əmək haqları o qədər yüksək deyil. Ümumən işçilərinizin işə tam məsuliyyətlə yanaşmalarını necə təmin edirsiz?
- Müəyyən ödənişli xidmətlərimiz olur. Misal üçün, turnir təşkil keçirmək, həvəskar komandaların oyununu təşkil eləmək və.s. Əlbəttə ki, tək əmək haqqı ilə kifaytlənmirik. Əmək qanunvericiliyinə uyğun olaraq bizim məktəbdə “premya” da var. Bundan başqa, FİFA və UEFA-nın təlimatlarına uyğun qaydada AFFA ilə rəsmi əməkdaşlıq edirik. Bu istiqamətdə işlər görülür. Doğrudur, məşqçilərimizin, ümumiyyətlə, təhsil mərkəzlərindəki idman müəllimlərinin əmək haqları çox yüksək deyil. Amma peşəkar klublarla müqayisədə, lap az da maaş almırlar. Məşqçilərimizin, ümumən personalımızın əməyi lazımi səviyyədə qiymətləndirilir. Biz qrupları çox olan, müəyyən nailiyyətlərə, kateqoriyaya və adlara malik məşqçiləri nəzərə almışıq.


“Vətən”də ödənişli təhsil varmı, varsa, hansı kriteriyalara əsasən həyata keçirilir?
- Bizdə ödənişli əsaslarla futbolla məşğul olan uşaqların sayı olduqca azdır. Bunu hər hansı bir kriteriyaya uyğun seçməyə ehtiyac da yoxdur. Bunun üçün bir neçə nəfərdən ibarət olan Məşqçilər Şurası faəliyyət göstərir. Hansılar ki, uşaqları elementar formada sınaqdan keçirməklə seçmək bacarıqlarına malikdirlər. Bir də valideynlər tərəfindən məktəbimizə könüllü ianə olunması halları var. Təbii ki, bunu da qanunvericilik çərçivəsində həyata keçirib sənədləşdiririk, ödənişi bank vasitəsilə rəsmi qaydada edirlər. Burada heç bir qəbahət yoxdur. Şəffaflığı təmin etmək, personalımızın adlarına ləkə yaxılmasın deyə, həmin maliyyəni aktlaşdırıb məşqçi-müəllimlərə mükafat formasında veririk. Amma kimdənsə məcburi formada pul tələb etmək bizdə mümkün olan iş deyil. Ən çox mübarizə apardığımız sahələrdən biri məhz belə xoşagəlməz halların qarşısını almaqdır. Nə qədər çətin olsa da, hazırda işlədiyimiz kollektivə əsasən tam əminliklə deyə bilərəm ki, bu cür hallar “Vətən”də baş vermir. Bu sahədə yeni olsam da, çalışıram ki, futbolda iyrənc hallarda adımız hallanmasın. Artıq 4-cü ildir “Vətən”ə rəhbərlik edirəm. Futbolla peşəkar səviyyədə məşğul olmasam belə, çalışdığım insanların bu kriteriyalara cavab vermələri mənim üçün çox vacibdir. Hesab edirəm ki, Azərbaycan futboluna xidmət etmək baxımından formalaşdırdığımız kollektiv daim ümidləri doğruldacaq.


İstərdim bu suala dövlətin balansında olan uşaq futbol məktəbinin rəhbəri kimi yox, futbolu anlayan sadə Azərbaycan vətəndaşı kimi cavab verəsiz: Sizcə, bu gün ölkəmizdə uşaq futbolunun problemləri nədən ibarətdir?
- Çox aktual mövzudur. Mənə elə gəlir ki, Azərbaycan futbolu hələ keçid dövrünü yaşayır. Sovetlər birliyindən ayrılandan sonra məlum Qarabağ müharibəsi və digər bu kimi səbəblərdən çox vaxt, eləcə də çoxlu insan, torpaq itirmişik. O dönəmdə dünya futbolunda böyük irəliləyişlər oldu, ancaq biz sadaladığım problemlər ucbatından bu inkişafa qoşula bilmədik. Bir azarkeş kimi öz-özlüyümdə həmişə təhlil aparıram, düşünürəm ki, Azərbaycan futbolu yeni ənənəyə qədəm qoyub. Yeni futbol nəsli yetişir və məncə, bunun üçün zamana ehtiyac var. Maksimum inkişafa nail olmasaq da, AFFA tərəfindən heç bir iş görülmür demək düzgün sayılmır. Yavaş-yavaş bəhrəsini görməyə başlayırıq, təkmilləşmə dövrü hələ başa çatmayıb. Bu üzdən bir qədər də gözləməliyik. Axsamalar var, başqa cür mümkün də deyil.


Bu gün “Vətən”də konkret hansı problemlər var və necə həll edirsiz?
- Deyərdim ki, bu gün əsas problemlərimizdən biri nizam-intizamdır. Yaşından asılı olmayaraq, bizim uşaqların futbola baxışı Avropa komandalarından çox zəifdir. Gözümlə gördüyümü deyirəm. Bundan başqa, əsas çatışmazlıqlardan vitaminləşməni qeyd edə bilərəm. Tibbi preparatlar yox, təbii vitaminlərdən, qidalardan söhbət gedir. Ondan sonra valideynlərin yanaşmasını deyərdim. Ən nəhayət, infrastruktur, lazım olan maddi-texniki bazanın, inventarların yoxluğu. Təbii, bunlar zamanla həll olunan məslələrdir və vaxt aparacaq. Burada mentalitet də rol oynayır. Azərbaycan mentalitetini nəzərə alaraq loru dildə desəm, bizim futbolçular döyüşçü ruhunda yetişməlidirlər. Ciddi nizam-intizam olmalıdır, rejimə əməl etmək mütləqdir. Vaxtında yatıb-durmaq kimi xırda, amma əslində vacib olan çatışmazlıqları aradan qaldırmaq üçün valideynlərlə məşqçi-müəllimlərin futbola yanaşmasında fikirləri üst-üstə düşməlidir. Uşaqların bu gün həyatımızı idarə edən telefonlardan uzaq qalmasını təmin etmək şərtdir. Texnologiya uşaqların həyatına o qədər təsir edib ki, beyni məşq etdirmək yaddan çıxıb. Beyin işləməlidir, beyin düşünməlidir. Biz də bu istiqamətdə müvafiq tədbirlər görürük. Məşqçi-müəllimlərimiz problemlərin qarşısını almaqdan ötrü lazım olan tapşırıqları uşaqlara aşılayırlar, başa salırlar.


Nizam-intizam məsələsi həmişə gündəmdə olub, problem kimi qalmaqda davam edir. Yəqin ki, sizdə də bu sahədə çatışmazlıqlar var. Belə halla qarşılaşdıqda valideynlərlə danışırsız, yoxsa bu işlərlə məşqçiləriniz məşğul olur?
- Təbii ki, valideynlərlə görüşüb fikir mübadiləsi aparmaq, irad və təklifləri səsləndirib-dinləmək vacib məqamdır. Buna cavabdeh şəxslər konkret olaraq Məşqçilər Şurasının üzvləridir. Bunlar Əməkdar məşqçi Elxan Nəsirov, Yaşar Abdulov, Fərrux İsmayılov, Vasif Haqverdiyev, İlqar Mənsimov, Namiq Allahverdiyev, Namiq Həsənov kimi tanınmış-təcrübəli mütəxəssislərdir.


Müxtəlif yaş qrupu üzrə milli komandalara verdiyiniz futbolçular var. Onlara görə AFFA-dan sizə hər hansı bir rəsmi ödəniş, yaxud kompensasiya edilir?
- Sözün düzü, dəqiq bilmirəm, bu hansı yaş qrupu üzrə yığmalara futbolçu verəndə olur. Federasiya ilə münasibətlərimiz qaydasındadır, yaxşıdır. Hər halda bu istiqamətdə qaydalarda konkret nəzərdə tutulan nədirsə, AFFA-nın yerinə yetirəcəyinə şübhəmiz yoxdur. Bilirsiz ki, AFFA ilə Təhsil Nazirliyi arasında da memorandum imzalanıb. Biz milli komandalara futbolçuları son 1 ildə verməyə başlamışıq. Amma bir neçə dəfə futbolçu satışımız olub, büdcəmizə rəsmi qaydada müəyyən məbləğ köçürülüb. Son 2 ildə isə əsasən komandalarımızı gücləndirməklə məşğuluq.


“Vətən”i sırf təhsil mərkəzi nöqteyi-nəzərindən götürsək, cari mövsüm çempionatlarda təmsil olunan klublarınızın turnir cədvəlindəki vəziyyəti yaxşıdır. Komandalarınızın qarşısına konkret konkret nəticə tələbi qoymusuz?
- Avropa ölkələrində, Azərbaycan daxilində bir sıra şəhərlərdə, o cümlədən Qəbələdə təşkil olunan turnirlərdə iştirak etmişik. İnanın, bizim üçün əsas olan nəticə deyil. Komandalardan birmənalı şəkildə bunu tələb etmək olmaz. Biz Azərbaycan futboluna xidmət edirik və əsas məqsədimiz də yaxşı futbolçu yetişdirməkdir. Hər yaş qrupu üzrə komandalarımızdan Azərbaycan millisinə 2-3 futbolçu verə bilsək, bizim üçün böyük fəxr olar. Gizlətmirəm, böyük yaş qrupu üzrə komandalarımızın birinin çempionatda nəticə qazanmasını istərdim, olsa, lap yaxşı. Amma kiçik yaş qrupu üzrə komandalarımızın çempionatda olması yetər. Balaca uşaqların futbol oynaması elə uğur deməkdir. Özüm stadiona gedib aşağı yaş qrupları üzrə komandalarımızın oyunlarını izləyirəm. İndidən dəqiq bir rəqəm deyə bilmərəm, amma mənə elə gəlir ki, hər komandamızdan hardasa 4 nəfər gələcəkdə peşəkar futbolçu ola bilər. Bəlkə bir az da çox sayda, çünki uşaqlarımızda o potensialı görürəm.


Uşaq futbolunun inkişafı üçün qarşıdakı müddətdə hansı layihələriniz var?
- Planlarımız var, ancaq məncə, indidən bu barədə danışmaq hələ tezdir. Bizim işimiz demək olar ki, başlanğıc mərhələdədir. Ona görə ətraflı açıqlama verməyə ehtiyac yoxdur. Qarşıya qoyulan işi görək, planlarımızı həyata keçirəndən sonra danışmaq olar. Yalnız onu deyim ki, futbola, futbolun inkişafına çox fayda verə biləcək layihələrimiz olacaq.


Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir
Elvin ƏHƏD

Tarix: 11 Fevral 10:12    Oxunub: 558    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

29 İyun 2017
28 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.