"Azərbaycandan heç bir təklif yoxdu, səmimiyyətimə inan"

Vaxtilə “İnter”in adı çəkiləndə ağla Kaxaber Tsxadadze gəlirdi.

 

Bu da təsadüfi deyil. 2009/10 mövsümünü çempion kimi başa vuran, 2011-in yanvarında “Birlik kuboku”nu qazanan, 2010/11 mövsümündə kubokun finalına adlayan komandanın “sükanı arxasında” məhz gürcü mütəxəssis idi.

 

Roman Qriqorçuk Azərbaycana gələnə qədər nəticə vermiş və bacarığını ortaya qoymuş ən yaxşı əcnəbi mütəxəssis məhz Tsxadadze sayılırdı.


Sonradan Gürcüstan yığmasında işlədi, ardınca Qazaxıstana üz tutdu və bir il “Kayrat”ı çalışdırdı. Ötən yay avrokuboklardakı uğursuz çıxışdan sonra istefa verdi. Həmin vaxtdan bu yana işsizdi. Məhz buna görədi ki, qış fasiləsində adı “Qəbələ” ilə yanaşı çəkilirdi.

 

İndi də mövsüm sona yaxınlaşır deyə Tsxadadze soyadı yenidən gündəmə gəlib. Gah “Qəbələ”ni, gah “Keşlə”ni, gah da “Neftçi”ni çalışdıracağı haqda xəbərlər dolaşır.

 

Maraqlı olacağını nəzərə alıb, Kaxaber Tsxadadze ilə söhbətləşdik. Təbii ki, təkcə yenidən Azərbaycanda işləmək perspektivi ilə bağlı yox (Futbol+).


“Bildiyimə görə, Roma “Qəbələ”də qalır”

 

Xeyli vaxtdı danışmıram sizinlə. Yanvarda Antalyada da görüşə bilmədik. Necəsiz, haralardasız?

- Yaxşıyam, bu günümüzə şükür. Hələ ki evdəyəm. Futbollara baxıram, nəticələri izləyirəm. 
 

Saat 11-di, hələ də yuxulusuz. Bu vaxt yatmaq olar?
- (gülür) Adi günlərdə bu vaxta qədər yata bilsəydim, nə dərdim? Səfərdəydim, işlə bağlı danışıqlar üçün getmişdim. Səhər 5-də gəlmişəm.
 

Karyeranızda nə kimi yeniliklər gözlənilir? 
- Bu dəqiqə desəm ki, təkliflər başımdan aşır, seçim etmək istəmirəm, əlbəttə, yalan olar. Müəyyən dəvətlər var, danışırıq, müzakirə aparırıq. Amma ortada konkret bir şey yoxdu. Mövsümün sonunu gözləməliyik. 
 

Xarici ölkələrdəndi?
- Bəli.
 

Gürcüstanda çalışmaq istəmirsiz?
- Hazırda bu haqda düşünmürəm. Hədəfi yüksək olan komandalarda çalışmaqda maraqlıyam. Siz ki məni tanıyırsız, bilirsiz. Günü yola vermək olacaqsa, ondansa, evdə oturaram. 
 

Son vaxtlar adınız bəzi Azərbaycan təmsilçiləri ilə yanaşı hallanır. Deyəsən, bura gəlməyə hazırlaşırsız.
- Bu gün üçün real heç nə yoxdu. 
 

Gözlənilir?
- Futbolda ehtimallar həmişə olur. Ona görə də dəqiq nəsə demək çətindi. Yalan danışmağı xoşlamıram. Özümü reklam etməklə də aram yoxdu. Qısa deyim, bu gün Azərbaycandan təklif yoxdu. Bu cavab qane edir? (gülür)
 

“Qəbələ” variantı yoxdu?
- Bildiyimə görə, Roma (Roman Qriqorçuku nəzərdə tutur – H.) “Qəbələ”də qalır. Ona görə də bu haqda danışmağın özü artıqdı.


“Keşlə” “İnter”in qazandığı nəticələri təkrarlamasa, “İnter” unudulmayacaq”


“Keşlə”, “Neftçi”?
- Bu komandaların hər ikisi mübarizəni davam etdirir. Avroliqaya vəsiqə qazanmaq öz əllərindədi. Hədəfə çatsalar, çox güman, həmin məşqçilərlə davam edəcəklər. Ona görə deyirəm ki, konkret bir şey yoxdu. Xəbər, şayiə həmişə var.
 

Təklif mövzusunda Azərbaycandan heç kimlə danışmamısız?
- Son vaxtlar yox. 
 

“Keşlə”nin baş məşqçisi Yuri Maksimov mövsümün gedişində “Avroliqaya vəsiqə qazansaq da, gedəcəm” demişdi...
- Avrokuboklara vəsiqə hər bir məşqçinin gördüyü işin nəticəsidi. Orda nələrin baş verdiyini bilmirəm. Bəlkə də nəyə görəsə belə deyib və ya həmin vaxt əsəbi olub. İş prosesində belə hallar qaçılmazdı. Mətbuatdan oxuduqlarıma əsasən deyə bilərəm ki, “Keşlə”də vəziyyət yaxşıdı, rəhbərlik də baş məşqçinin işindən razıdı. Niyə də razı olmasınlar?! Qış fasiləsindən sonra müəyyən eniş müşahidə olunsa da, sonradan işləri qaydasında getdi. Son vaxtlar yüksəlişdə olan “Neftçi”ni uddular, Qəbələdən xalla qayıtdılar. Və ən əsası, 7 ildən sonra kubokun finalında oynayacaqlar. Komandada qlobal problemlərin olduğunu düşünmürəm. “Keşlə” Avroliqaya vəsiqə qazansa, çox güman, Maksimov qalacaq. Bu da normaldı. Amma meydandan kənarda nələrin baş verdiyini bilmirəm. 
 

Azərbaycan sizi özünə çəkir?
- (gülür) Nəsə əldə etməsən, əl çəkən deyilsən də. Həbib, səmimiyyətimə inan, Azərbaycandan heç bir təklif yoxdu. 
 

Onu bildim. Sadəcə, içimdən bu sual gəldi. 
- Bu sualın cavabı hamıya məlumdu. İlyarım “Standard”da, 6 il “İnter”də işləmişəm. Az müddət deyil. Və bu qədər vaxt keçirdiyim ölkəyə soyuq yanaşmağım mümkün ola bilməz. Azərbaycanda xoş günlərim, xatirələrim olub, yaxşı nəticələr qazanmışıq. 
 

Mövsümün gedişində “İnter”in adı dəyişib “Keşlə” oldu. Bunu biləndə nə hisslər keçirdiz? 
- “İnter” atamın klubu olmayıb ki, ordakı hansısa dəyişikliyə görə üsyan edim. Atamın olsaydı, bəlkə də edərdim. Düzdü, 6 il o komandada çalışmışam, pis-yaxşı günlərimiz olub. Amma belə olacağını gözləyirdim. Çünki sponsor dəyişikliyindən sonra “İnter”in “Keşlə”yə çevriləcəyini hamı bilirdi, o cümlədən də mən. Həm də Keşlə qəsəbə adıdı, bu da başadüşüləndi. 
 

Deməli, zərrə qədər də təsir etmədi? Bəs “İnter”in uğurlarının “Keşlə”nin adına yazılması?

- O nəticələr tarixdə qalır. Şükürlər olsun, texnologiyanın inkişaf etdiyi vaxtdı. İndi internetə daxil olub, istədiyin məlumatı ala bilirsən. Kiməsə hansısa uğur haqda məlumat toplamaq lazım gəlsə, orda masajçıdan tutmuş klub rəhbərinə kimi hamının adı var. Ona görə də narahatlığa ehtiyac duymuram. “İnter”i tarixdən silmədilər ki. Sadəcə, “Keşlə” “İnter”in xələfi oldu.Yaranma tarixi də yerindədi, uğurlar da. 
 

Faktiki “İnter”in adı unudulur.
- “Keşlə” “İnter”in qazandığı nəticələri təkrarlamasa, “İnter” unudulmayacaq. Buna əmin ola bilərsiz. 


“Hələ o vaxt hiss edirdim ki, Samir yaxşı məşqçi olacaq”


Baxıram, maşallah, Azərbaycan futbolundan məlumatlısız. Oxuyursuz, izləyirsiz. Cari mövsümdə diqqətinizi çəkən, yaxud sürpriz kimi qarşıladığınız nə oldu?
- Mən “İnter”i tərk edəndə 10 komandalı çempionat keçirilirdi. Son iki mövsümdə 8 komanda çıxış edir. Mən “İnter”də çalışanda iddialı komandaların sayı 5-6 idi. Adlarını sadalayıb, uzunçuluq etmək istəmirəm. “Qarabağ” kimi komandayla sona qədər mübarizə aparırdıq. 2013/14 və 2014/15 mövsümündə sona qədər döyüşdük, 5 xal geri qaldıq. Halbuki 2015-də ciddi maliyyə sıxıntımız vardı, mən iki yerdə işləyirdim. Deməyim odu ki, o vaxt intriqa böyük idi. İndi bir az sakitlikdi. “Qarabağ”a baxın, sona bir neçə tur qalmış çempionluğu bayram edirlər. Və mən “Qarabağ”a , Qurban Qurbanova görə çox narahatam. Avrokuboklarda uğurlu çıxış etmək üçün çempionatda gərgin mübarizə getməlidi, futbolçular son tura qədər “soyumamalıdı”. Bilirəm ki, növbəti mövsümdə 10 komandanın iştirakı üçün danışıqlar gedir, müzakirələr aparılır. Amma bunun özü də risklidi. AFFA rəhbərliyinin mövqeyini bəyənirəm. Onlar premyer-liqada dayanıqlı sponsoru olan klubların iştirak etməsini istəyir. Belə də olmalıdı. Hansısa komanda gəlsin, 5-10 turdan sonra geri çəkilsin – bu həm çempionatın, həm də ölkə futbolunun imicinə zərbədi. İlk növbədə şirkətlər, sponsorlar futbola maraq göstərməlidi. Yox, hansısa komandalar gəlib aşkar autsayder olacaqsa, ondansa, 8 komandalı çempionat daha yaxşıdı. “Xəzər Lənkəran”la “Bakı”nın, hətta “Simurq”un da yox olması, “Neftçi”nin quyuya düşməsi, “Keşlə”nin əvvəlki büdcəsinin olmaması premyer-liqanın səviyyəsini aşağı saldı. Yaxşı ki, “Qəbələ”ylə “Zirə” var, “Neftçi”ylə “Sumqayıt” boy verir. 
 

“Neftçi” düzəlməyə doğru gedir.
- Bilirəm, xəbərim var. Son turda “Qarabağ”ı udub, durumlarını xeyli yaxşılaşdırdılar. Məncə, “Neftçi” Avroliqaya vəsiqə qazanacaq. Amma avrokuboklarda inamlı iştirak etmək üçün komanda güclənməlidi. Ehtiyat qüvvələri yox dərəcəsindədi. Məncə, “Keşlə” də yayda güclənəcək və növbəti çempionat daha maraqlı olacaq.
 

Samir Abasov – sizə kifayət qədər yaxşı tanış olan ad-soyad...
- Samirin “Sumqayıt”ını həvəslə izləyirəm. Çempionata rəng qatan komanda yaradıb. Sürətli və məzmunlu futbol oynayırlar, üstəlik, legionersiz. Afərin Samirə, sadəcə, afərin. Xoşuma gələn odu ki, dayanmaq bilmir, işləyir, öyrənir, yeniliklər etməyə çalışır. Bu gün Azərbaycan futbolunun “1 nömrə”si Qurban Qurbanovdu, bu birmənalıdı. Artıq Samir də onun dalınca gedir. Abasovun yaxın gələcəkdə Qurbanovun nəticələrini təkrarlayacağına inanıram. 
 

Samir Abasovun sizin oynatdığınız futbola yaxın futbol oynatdığını iddia edənlər var. Yəni indiki “Sumqayıt”ın oyun modeli 3-5 il əvvəlin “İnter”ini xatırladır. Razısız?
- Ümumiyyətlə, bu deyimə qarşıyam. Hər məşqçinin futbola öz baxşı, öz yanaşması var. Ola bilsin, çalışdığı hər məşqçidən nəsə öyrənib. Amma sırf hansısa məşqçinin üslubundan istifadə etməsi - bu mümkün deyil. Samir futbolçu kimi 2 il rəhbərliyim altında oynadı, “İnter”in kapitanı idi. Ona görə də çox yaxşı münasibətimiz vardı. Daim söhbətləşər, nələrisə müzakirə edər, məsləhətləşərdik. Hələ o vaxt hiss edirdim ki, Samir yaxşı məşqçi olacaq. Ona uğurlar arzulayır, möhkəm olmağı məsləhət görürəm.
 

Mayın 28-də kubokun finalında “Keşlə” “Qəbələ” ilə qarşılaşacaq. Qəbələylə Tiflis arasında məsafənin o qədər də çox olmadığını nəzərə alsaq, matçı canlı izləməyiniz mümkündü. Gələcəksiz?
- Çox istərdim gəlim, baxım, dost-tanışı görüm. Amma indidən söz verə bilmərəm. Çünki mövsümün sonudu, ora-bura gedirəm, iş görüşmələri olur. Tiflisdə olsam, gələcəm. Maşınla 3-4 saatlıq yoldu. 
 

Yanvarda Antalyaya səfər etməyinizi “Qəbələ”yə baş məşqçi təyin olunacağınızla əlaqələndirənlər vardı. Hətta Roman Qriqorçukun “Astana” yolunda olduğunu qeyd edib, yaxın günlərdə “qırmızı-qaralar”la anlaşacağınızı yazırdılar. Nə baş vermişdi?
- Mən ora Hacı Hacıyevin yanına getmişdim. Həmin vaxt “Amkar”ı çalışdırırdı. O həm mənim müəllimim olub, həm də dostumdu. Vaxtım var idi deyə Antalyaya gedib, 5-6 gün Hacı Müslimoviçin yanında qaldım. Fürsətdən istifadə edib, U-21-lərin Azərbaycan - Gürcüstan matçını canlı izlədim, başqa oyunlara da baxdım. PFL prezidenti Ramin Musayevlə, Qurban Qurbanovla görüşdüm. Yəni səfərimdə xüsusi məqsəd yox idi.
 

Qurban Qurbanovla harda görüşdüz?
- “Qarabağ”la eyni oteldə Şota Arveladzenin çalışdırdığı “Paxtakor” da məskunlaşmışdı. Həmin otelə getməklə həm Şota, həm də Qurban ilə görüşdüm. 


“Yığmada Qurban kimi avtoriteti yüksək olan məşqçi çalışmalıdı”
 

Azərbaycan – Moldova oyununda yox idiz. Halbuki Qurban Qurbanovun yığmanın məşqçisi kimi debüt görüşü idi.
- İnanın, həmin oyuna baxmalıydım. Hamıdan çox özüm istəyirdim. Lakin ailəmin bir telefon zənginə görə təcili Gürcüstana qayıtmalı oldum. Əsas odu, Qurbanla görüşüb, xeyli söhbətləşdik.
 

Qurbanovun yığmanın başına keçməsi deyəsən, sizin də ürəyinizcə olub.
- AFFA rəhbərliyi Azərbaycan yığması və ölkə futbolunun gələcəyi üçün ən ideal seçim etdi. Bundan yaxşı variant ola bilməzdi. Azərbaycanlıdı, yerli futbolçuların bacarığına bələddi, çempionat gözünün önündədi, yerli mentallığın incəliklərindən xəbərdardı. Belə də olmalı idi. Şəxsən sevindim. Yığmada Qurban kimi avtoriteti yüksək olan məşqçi çalışmalıdı. 
 

Amma iki yerdə çalışacaq...
- Bilirəm, xəbərim var. Əlbəttə, işi çox çətin olacaq, bunu özünə də demişəm.
 

Vaxtilə siz də “İnter”də və Gürcüstan yığmasında çalışmısız. Bunu nəzərə alıb Qurbanova hansısa məsləhət verdiz?
- Fikrimcə, Qurbanın mənim məsləhətimə ehtiyacı yoxdu. 3 dəfə Avroliqanın, ötən mövsüm Çempionlar Liqası kimi mötəbər yarışın qrup mərhələsində iştirak etmiş komandanın baş məşqçisidi. Kifayət qədər təcrübəsi var. Həm də mənim durumumu onunki ilə eyniləşdirmək düzgün olmaz. Əvvəla, “İnter”lə avrokuboklarda iştirak etməyəcəyimi bilirdim. Üstəlik, millidə qarşımda ciddi hədəf durmurdu. Növbəti tsikl üçün komanda hazırlamalıydım. Amma Qurbanovda fərqlidi. Yayda “Qarabağ”la uğurlu çıxışın davamını gətirməli, payızda yığmayla Millətlər Liqasında çıxış etməlidi. Onda hədsiz enerji var, bacaracağına inanıram.
 

Adətən, hədəfləri yüksək olan məşqçilər ortaq dil tapmır, bir-biriylə ədavət aparırlar. Sizinlə Qurban Qurbanov arasındakı isti münasibət hardan qaynaqlanır?
- O vaxt Qurban Qurbanovun iş metodunu və oynatdığı ağıllı futbolu bəyənirdim. Lakin zaman keçdikcə şəxsiyyətinə simpatiya bəsləməyə başladım. Qurban bu gün istəsə, Azərbaycanı tərk edib, Avropanın üzdə olan çempionatlarında işləyə bilər. Lakin yaxşı bilir ki, onun gedişi ölkəsinin futboluna boyük zərbə vuracaq. Millətçidi, vətənpərvərdi, xalqını, vətənini sevir. Mən də eləyəm deyə bu cəhəti xoşuma gəlir. Ən əsası, mən, yaxud kimsə yox, Azərbaycan xalqı onu sevir. Həm də işləməkdən yorulmur, bezmir, daim irəli addım atmaq istəyir.
 

Oğlunuz Baçana nə edir, hardadı?
- Baço zədə ucbatından uzun müddət oynaya bilmədi. Təzə-təzə sağalır, “Çixura”dadı. Qismət olsa, karyerasını orda davam etdirəcək. 


HƏBİB

Tarix: 14 May 19:36    Oxunub: 721    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.