Tərlan Əhmədov: "Qarabağ"la oyunda ömrümdən 10 il getdi"

«Son həftələr çox gərgin keçir, indi məni «Kəpəz»lə oyundan başqa heç nə düşündürmür».


Bu sözləri Sportinfo.az-a açıqlamasında «Neftçi»nin baş məşqçisi Tərlan Əhmədov deyib.


Mayın 20-da Premyer Liqada 28-ci turun oyunları keçiriləcək və bununla da çempionata yekun vurulacaq.

 

Paytaxt təmsilçisi həmin gün Gəncədə «Kəpəz»in qonağı olacaq. «Ağ-qaralar»ı bürünc medaldan 3 xal ayırır. 43 xala malik «Neftçi»nin bu yolda rəqibləri «Zirə» (41) və «Sumqayıt»dı (40).

 

Bu iki komanda Sumqayıtda üz-üzə gələcəyindən, Əhmədovun komandası işini şansa və ordan gələcək xəbərə bağlamaq istəmir.


Təcrübəli mütəxəssis klubdakı gələcək taleyi ilə bağlı düşünməyə vaxtının olmadığını bildirib: «Bütün fikrimi Gəncə səfərinə vermişəm. Bu oyundan qabaq heç nə danışmaq istəmirəm. Sonra danışmaq üçün kifayət qədər vaxt olacaq onsuz da…

 

Məni bu gün yalnız nəticə maraqlandırır. Son 2 turda 6 xal toplamışıq və bizə yenə qələbə lazımdı ki, çempionatı üçüncü pillədə başa vuraq. Qalan heç nəyə fikir vermirəm. Kim nə deyir, kim nə yazır… Mən hər şeyi çox yaxşı görür və başa düşürəm.

 

Hər kəs öz əməlinə cavabdehdi. Komandanı götürəndə, məndən medal istənilməmişdi. Sadəcə, deyilmişdi ki, 7-ci yeri tutma. «Neftçi» bürünc medalı qazanmağa yaxındısa, bu, gələndən bəri gördüyümüz işlərin nəticəsidi.

 

«Kəpəz» Premyer Liqadan düşsə də, yaddan çıxarmırıq ki, səfərimiz Gəncəyədi. Orda oyunlarımız həmişə ağır keçir. Bu dəfə də əksi olmayacaq. «Kəpəz»in bizə qarşı var gücüylə mübarizə aparacağını bilirik. Son oyunlar bir qayda olaraq gərgin alınır.

 

«Qarabağ»la oyunda ömrümdən 10 il getdi. «Səbail»i də asanlıqla udmadıq. Oyundan olmasa da, nəticədən razı qaldım. Hər rəqibin öz üslubu və taktikası var. Çox vaxt mənə 4-5 gün lazım olur ki, gecə-gündüz oturub onları analiz edim. Oyun vaxtı nə hisslər keçirdiyimi bir özümi bilirəm».

 

Tarix: 14 May 16:36    Oxunub: 642    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyul 2018
17 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.