"Sabah" AFFA-nın baş katibinə nə vəd edir?

Elxan Məmmədov o günü iplə çəkirdi.

 

Bəlkə nəzir-niyaz da demişdi. Bilmirəm.

 

Bildiyim odu ki, «Kəpəz»in kələyini kəsmək üçün sadəcə və sadəcə, fürsət gəzirdi. O məqam yetişdi, komanda sonuncu yeri tutdu və AFFA-nın baş katibinin yadına düşdü ki, idman prinsipləri adlanan nəsə bir zad var və onu qabağa verib, Gəncəni Premyer Liqasız qoymağın, Diviziona - arxaya atmağın vaxtıdı.

 

Hörmətli zat için-için yanırdı, partlayırdı. Keçən ilin oktyabrında baş verənləri o, necə unuda bilərdi? Təpəsindən tüstü çıxmışdı az qala. Maxinassiyaların hamısının üstü birdən-birə, bircə-birçı açılmış, adamlarının hamısını tək-tək «dənləmişdilər». Məmmədov bu hadisələr nəticəsində klubu faktiki olaraq itirdi. Elmar Vəliyevin yaxın çevrəsinə məğlubiyyətini həzm edə bilməsə də, hər halda dözməkdən, hadisələrin axarını izləməkdən savayı çarəsi də qalmamışdı. 


O, diplomatiyanın ən axırıncı yollarına da baş vuran katibdi. Təki qazanc yer(lər)i olsun! Ay Premyer Liqa ölkə çempionatı olmaqdan çıxıb Bakı birinciliyinə döndü, ay nə oldu, nə olmadı - umrunda da deyil deyilənlər. Gəncənin timsalında qərb regionunun böyük futbolsuz qalması onu niyə narahat etsin, yuxusunu qaçırsın ki? Rəsmən Bakı çempionatında iştirak edənlərdən öz «pay»ını alır, sözəbaxmayan, mərkəzdənqaçma siyasətinə qullaq eləyənlərlə sözü düz gəlməz. 


Elxan Məmmədovva «dolya» çatmalıdı. Çatdırmayanların aqibəti «Kəpəz» kimi olur. Ələ keçirdiyi klublara yerləşdirdiyi kadrlar özlərini «tərbiyəli toyuq»dan da yaxşı aparır, «Kəpəz»də kimi idi onun sözunə qulaq verən? 


İntiqamını aldı. Oktyabrda taxta qapısını döyənlərin dəmir darvazasını mayda təpiklə açan Elxan Məmmədova «Sabah» hər mənada əl verir. Burdakılar köhnə çevrəsinə daxil insanlardı. Onlardan özünə qarşı təhlükə gözləmir. Altdan-altdan nə iş görsə də, tüstüsü kənara yayılmayacaq.

 

«Kəpəz»də belə deyildi, nəzarət güclənmişdi. İndən belə istəsəydi də, «Kəpəz»dən qazana bilməzdi. Bir dəfə əli pis yandı axı.

 

Yumurtadan yun qırxmaq üzrə «master» dərəcəsinə yiyələnmiş baş katibə «Sabah» sabah çox şey vəd edir. Yağ-pendir, qatıq-süd, lüləkabab, tikəkabab, dana basdırması, quzu quyruğu və.s və ilaxır.

 

ELNUR

 

Tarix: 14 May 12:36    Oxunub: 674    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyul 2018
17 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.