Azərbaycandan qaçaq düşən Valeh Seyidov Portuqaliyada klubunu dəyişir: "İki təklifim var"

Portuqaliyanın 3-cü liqa klubu “Luoletano”da oynayan Valeh Seyidov vətənə qayıdıb.
 
Yay fasiləsini Bakıda keçirəcək legionerimiz dönüşündə başqa kluba gedə bilər.
 
Sportinfo.az xəbər verir ki, hücumçu hədəfləridən, problemlərdən, incikliyindən danışdı.
 
Bakıya nə vaxt gəlmisən? Portuqaliyada işlərin necədi?
- Mayın 5-də qayıtdım. İşlərim daha yaxşıya doğru gedir. Avqustun 1-i getmişdim. Uyğunlaşmağım bir qədər gec başa gəldi. Portuqal dili bilmirdim, ünsiyyət problemi var idi. İlk dəfə ölkədən kənara çıxırdım. Sonra kursa gedib, dili öyrəndim, mühitə uyğunlaşdım və zaman keçdikcə daha çox oynadım. 7 oyuna çıxdım və bir qol vurdum. Yoldaşlıq görüşləri bura daxil deyil.
 
Ora gedənə kimi nə qədər müddətə futbolsuz qaldın?
- Bir ara peşəkar səviyyədə oynamırdım. “Bakı”da həvəskarlar liqasında mübarizə aparırdım. Heç vaxt məşqsiz qalmamışdım.
 
Bir ara futbolu atmaq haqda da düşünmüşdün.
- Bir müddət hə. Amma sonradan bəzilərinə gücümü sübut etmək qərarına gəldim.
 
Kimə?
- İlk növbədə özümə sübut etmək istəyirdim ki, inkişaf edə, xaricdə də oynaya bilərəm. Millidə oynamaq istəyirəm. Bəzi məşqçilər mənə etinasız yanaşdılar, rəsmi oyunlara çağırmadılar. Onlara səhv etdiklərini sübut etmək istəyirəm.
 
Uşaq liqalarında neçə dəfə bombardir olmusan?
- 3 dəfə. Ən sonuncusu 17 yaşlıların yarışında idi.
 
İndiyədək hansı yığmalara çağırılmısan?
- 17 və 19 yaşlılardan ibarət millilərə dəvət almışam. Amma hamısında seleksiya xarakterli məşqlərdə iştirak etmişəm, rəsmi oyunlara çağırılmamışam.
 
Bu, nə ilə bağlı idi? Zəif idin?
- Həmin vaxt çempionatın 2-ci, 3-cü bombardirləri çağırılmışdı, mən isə yox. Halbuki onlar məndən 2 dəfə az qol vurmuşdu.
 
Bu, nə ilə bağlı idi?
- Mənimlə bağlı deyildi. Səbəbini məşqçilər bilər.
 
Səndən geridə qalan həmin 2-ci, 3-cü bombardirlər indi hardadı?
- Fəhmin Muradbəyli hazırda “Səbail”dədi, digəri I divizionda oynayır.
 
Portuqaliyaya necə getdin?
- Bir təklif gəldi. “Bakı”nın sabiq qapıçısı Xalidu Sissoko orada işləyir. Məni çağırırdı. Amma o daha aşağı liqada qapıçı məşqçisidi, mən isə 3-cü liqadan gələn təklifə görə getdim. Daha yaxşısına gücüm çatırdı, mən də “Luoletano”nun dəvətini dəyərləndirdim.
 
Perspektiv necədi? Yuxarı çıxa bilərsiz?
- Biz 16 komanda arasında 6-cı yeri tutduq. İlk 2 yeri tutanlar pley-offa gedir. Lakin yeni mövsüm üçün orada qalmaq fikrim yoxdu. Daha yaxşı komandaya getmək fikrindəyəm. Gücümə inanıram, təkliflərə baxıram. Daha yüksək liqadan gələn dəvətlərə menecerlər diqqət edir. 2-ci liqadan 2 klub var.
 
Ölkəyə qayıtmaq istəmirsən?
- Belə istəyim yoxdu. Gələcəyimi Avropada görürəm. Hədəfim budur. Bura gəlmək geriyə addımdı. Azərbaycandan qıraqda nə qədər çox qalsam, o qədər yaxşıdı.
 
Portuqal dilində sərbəst danışırsan?
- İngilis dilini bilirdim, kursa yazılıb 3 aya portuqalcanı da öyrəndim. Heyətə düşməyimə də ünsiyyətdəki problem mane olurdu. Uşaqların çoxu ingilis dilini bilmirdi. Mən də şəraitə uyğunlaşmaq üçün dil baryerini aşmalı oldum. Orada rəqabət, oyunçuların səviyyəsi yüksəkdi. Birdən-birə heyətə düşmək olmur. Əziyyət çəkməlisən. Yalnız 6 aydan sonra mühitə tam uyğunlaşdım, gündə 2 dəfə məşq, özümü sübut etməyə başladım. Nəticədə heyətdə daha çox şans qazandım.
 
Məşqçinin sənə münasibəti necədi?
- Birinci məşqçinin münasibəti elə də isti deyildi. Öz bəyəndiyi, gətirdiyi futbolçulara üstünlük verirdi. O, videolarımı izləmişdi, hazırlığım tam olmadığından səbr etməyimi istəyirdi. Deyirdi ki, həmin gördüyüm futbolçu deyilsən, o səviyyəyə qayıtmalısan. Yeni məşqçi mənə daha çox güvəndi. Son turlarda da oynamaq şansı verdi.
 
Klub rəhbərliyi braziliyalıdı, deyəsən...
- Mənim mövqeyimdə oynayan 2 nəfər rəhbərliyin həmyerliləri idi. Onları satmaq üçün bu futbolçulara daha çox şans verirdilər. Biz də məcburiyyətdən kənarda qalırdıq. İlk vaxtlar aldığım zədə də mənə mane oldu.
 
Yığmaların yeni məşqçi heyətindən səninlə maraqlanan oub?
- Xəbərim yoxdu, amma böyük ehtimalla maraqlanıblar. Hələlik dəvət almamışam.
 
U-21-də oynamaq şansın var?
- Bu ilin sonuna kimi hə...
 
AFFA-dan səninlə maraqlanan olub?
- Milli komandalardan, AFFA-dan heç kim. Amma bəzi futbol veteranlarımız – İsgəndər Cavadov, Arif Əsədov, Novruz Əzimov, Qəhrəman Əliyev zəng vurub, danışıb, əhvalımla maraqlanıb.
 
Portuqal dilini öyrənməyin sənin İspaniyaya da yolunu aça bilər...
- “Bakı”da işləmiş Milinko Pantiçlə yaxşı münasibətim var. Mənə yazmışdı. Hələlik işləmir, klub tapan kimi mənimlə ciddi maraqlanacağını deyib. Formada olmağımı israrla tələb edir.
 
Portuqaliyada Azərbaycan haqda nə düşünürlər?
- Elə də böyük diqqət yoxdu, tanımırlar. Son illər “Qarabağ” və “Qəbələ”nin avrokubokdakı çıxışından sonra diqqət var. Orada oynayan Kamran Ağayev və Emin Mahmudovu tanıyırdılar.
 
 
- Bu futbolçular niyə orada möhkəmlənə bilmədi?
- Bilmirəm. Bəlkə də evdə oynamağı, ailələrinin yanında olmağı daha çox istədilər. Dil problemi də müəyyən əngəl yaradırdı.
 
- Sən onlara nə danışırsan?
- Mən harada futbola başlamağımızdan söz düşərkən, onlara “Bakı”nın bazasını göstərdim, heyrətləndilər. Çünki onların elita klublarının əksəriyyətində belə şərait yoxdu.
 
- Portuqaliya dilini öyrənmək çətindi?
- Normal. İngilis dilindən daha çətindi.
 
- Xaricə getmək istəyən həmyelilərimizə nə məsləhət verərdin? Onları xaricdə hansı problemlər, məişət qayğıları gözləyir?
- Mən sadəcə, dözdüm. Böyük futbolçu olmaq üçün bu, vacibdi. Mən də ailədən kənar qaldım. Burada evə gəlib, hazır yemək yeyirdim, orada isə hətta özümüz hazırlamalı olurduq. Bəzən restoranda yeyirik, lakin daha çox özümüz özümüzə qulluq edirik.
 
- Yəqin aldığnız maaş da kənarda yeməyə imkan vermir?
- Hə, klub ərzağı alıb verirdi, özümüz hazırlayırdıq. Bu, ilk aylar belə idi. Peşəkar klubdu, sonradan daha rahat yaşamağımıza imkan yaratdılar.
 
- Dostlaşdığın futbolçular var? Onlar burada oynaya bilərlər?
- 2 braziliyalı, 1 portuqal oyunçu ilə çox yaxınıq, indi də yazışırıq. Onlar bizim çempionatda çox rahat oynayarlar.
 
- Klubunuz mövsüm bitəndən sonra hansısa futbolçunu sata bildi?
- 2 oyunçu 2-ci liqaya getdi. Menecerlər yəqin, yenə kimlərisə aparacaq.
 
- Sənin müqavilən davam edir?
- Hə, amma onu uzatmaq üçün mənim razılığım olmalıdı. Mənim istəyimlə davam edə bilər. Böyük ehtimalla gedəcəm.
 
- Klubunuzun ikinci məşqçisi Bakıya gəlmişdi. Təəssüratları necə idi?
- Mən uşaqlara ölkəmizdən çox danışmışdım, inanmırdılar. Məşqçinin təriflərindən sonra hamı inandı. Bakıdan çox məmnun qalmışdı.
 
- Düzünü de: Azərbaycan futbol adamlarından incikliyin var?
- Olmadığını desəm, yalan danışaram. Bəzilərindən. Mənə şans verilmədi. Ən azı yoxlamalıydılar. Milliləşənlərə verilən dəyəri bizə vermədilər.
 
“Bakı”nın bazasında səninlə yanaşı çox uşaq yetişdi, lakin akademiya bağlandı, onlar pərən-pərən düşdü.
- Klub sayı azaldı, bir çox futbolçu özünə yeni sənət seçdilər. Diqqət görmədilər, halbuki çox istedadlı uşaqlar var idi.
 
“Qarabağ”ın Çempionlar Liqasında qrup oyunlarına baxırdın?
- Mütləq. Hamısına.
 
Özünü səninlə birgə oynamış Mahir Mədətovun yerində görürdün?
- İkimiz bir yerdə daha yaxşı oynayardıq.
 
Rəşad Sadıqovdan sınanmaq üçün dəvət gözləyirsən, yoxsa Qurban Qurbanovdan?
- Təbii ki, U-21-in baş məşqçisindən, daha sonra isə əsas millidən.
 
Bizim futbolçular adətən xaricə gedir, 1-2 il oynayır, vizit vərəqələrinə legioner sözünü yazdırır, daha sonra özlərini ölkə klublarına “baha satırlar”.
- Razıyam. Amma mən perspektivi düşünürəm, pul bu yaşımda o qədər də vacib deyil. Avropada qalmaq istəyirəm.
 
Hədəf hansı ölkədi?
- İtaliya. “Roma”nın pərəstişkarıyam, bu komandaya düşmək üçün çalışacam. Xəyalımın klubudu. İngiltərədə “Çelsi” sonrakı hədəfimdi (futbolinfo).
Tarix: 13 May 16:17    Oxunub: 691    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyul 2018
17 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.