"Xəzər"in sirr dəryası - Rəşad Sadıqov zamin dayandı, AFFA sonra…

I Divizionda 2017/18 mövsüüə ötən həftə yekun vuruldu.

 

İlk dəfə bu turnirə qatılan «Xəzər» 50 xalla çempion oldu.

 

Qış fasiləsinə ən yaxın rəqibi «Binə»dən 14 xal öndə yollanan «Qaradağ-Lökbatan» yeni ildən sonra davamlı depressiya yaşadı və yarışmanı 46 xalla 2-ci sırada bitirdi.

 

«Xəzər» qızıl medala layiq futbolu ilə izləyənlərin rəğbətini qazandı. Bu komanda heç bir futboldankənar işlərlə baş qoşmadı, başını aşağı salıb, hədəfi üçün çalışdı və məqsədinə çatdı. Bu mənada, Elşad Əhmədova alqış düşür. Qısa müddətdə istədiyi heyəti topladı, mübariz komanda yaratdı və öz fəlsəfəsini aşıladı.

 

Yeni baş məşqçinin dönəmində cəmi 2 məğlubiyyətlə üzləşən «Xəzər» çempion olmasaydı belə, debütant tərif dərinizdə çiməcəkdi. İki, ya üç – fərq etməyəcəkdi. Birinci yeri tutmaları daha çox «Qaradağ-Lökbatan»ın içində və ətrafında baş verən neqativ hadisələrlə, mənfi auranın formalaşmasıyla əlaqədardı. Vaxtı çatanda, biz Sadıq Sadıqovun klubunda yaşanan müəmmalı proseslərə daha geniş yer ayıracaq, bildiklərimizi dəyərli oxucularımızla bölüşəcəyik.


İndi meydan «Xəzər»indi. Çünki QL çempionluğu qızıl sinidə divizionun yeni iştirakçısına təqdim və təklif elədi. 19 xal geridən gəlib zirvəni ələ keçirmək bir tərəfdən Elşad Əhmədovun və onun drujinasının qəhrəmanlığı sayıla bilər. Digər tərəfdən isə Həbib Ağayevin bir məşqçi kimi özünü sıfırlaması və təkzib etməsi deməkdi. Ağayev gərək bundan sonra kompyuterini də qoltuğuna vurub, bu sahədən getsin. Toyuq-cücə fermasında işə düzələ bilər. Anronomdan-zaddan. 


Bu il də Premyer Liqaya səmt almayacaqlarını bəribaşdan bilən «Qaradağ»ın və «Zirə»nin forpostu adıyla gah barışan, gah da barışmayan «Şüvəlan»ın enişli-çıxışlı qrafik cızması «Xəzər»ə çox yardım etdi. Onlar yıxılıb-qalxmağında oldu, debütant isə bala-bala qələbələrini sıralamağında. Meydanda öz işini artıqlamasıyla görən «Xəzər»in meydandan kənarda hansı siyasət yürüdəcəyi böyük əhəmiyyət kəsb edirdi.


Açıq etiraf eləmək lazımdı ki, düzgün kurs götürmədilər. Gedişləri yanlış və düşünülməmiş idi. Əlbəttə, biz də istərdik ki, bu klubun timsalında Premyer Liqaya yeni nəfəs gəlsin, 8 üzvlük dar qəfəsin qapısı açılsın. Güclülər dəstəsində 10 də yox, minimum 12 komanda mübarizə aparmalıdı. Sportinfo.az daim bu ideyanı təbliğ və təşviq edib, AFFA-nı lisenziyalaşdırma meyarlarını yumşaltmağa, bürokratik əngəlləri dayandırmağa çağırıb. 


«Xəzər» rəhbərliyi insaflı Allah qullarına oxşayır. Gərək ki, mətbuatın ilk həftələrdən onlara ciddi dəstək verməyini etiraf edərlər. İdman KİV-i geridə qalan müddətdə «Xəzər»ə olmazın dərəcədə sıcaq münasibət göstərdi, yerdən qaldırdı, ucaltdı, inandırdı.

 

Açığı, «Xəzər»in iddiası o dərəcədə böyüdüldü ki, idman camiəsinin mövzusu olmaqdan çıxıb, ölkənin ictimai həyatına oturdu. Bunu mətbuat etdi! Jurnalistlərin isti nəfəsindən təəsirlənən klub böyüklərinə elə gəldi ki, artıq nə istəsələr, edə bilərlər və AFFA onlara «dur hələ bir» deməyəcək. Ölçüsüz-biçisiz, hay-küylə hərəkət etmənin fəsad törədəcəyini nəzərə almadılar, yaxud nəzərə almaq istəmədilər…


«Xəzər»in yaranması barədə məlumatı ilk dəfə Sporinfo.az yayıb. Bu klubun Rəşad Sadıqovun yaxın dostları tərəfindən ərsəyə gətirilməsini də. Rövşən Qasımovu debütantın sükanı arxasına da gənclər millisinin baş məşqçisi gətirib. Onu və onunla yanaşı, köməkçilərini, futbolçularının bir çoxunu.

 

AFFA-nın, əslində, «Xəzər»i heç I Diviziona buraxmaq niyyəti də olmayıb. Sadıqov dostları üçün federasiya rəhbərliyi qarşısında zamin dayanıb. Məhz Rəşadın təkidi və zəmanəti ilə «Xəzər»in problemi çözülüb. Qış fasiləsində isə onunla klubun prezidenti Mahir Məmmədov arasında fikir ayrılığı yaranıb.

 

Vaxtilə onunla birgə Bakı «Real»ının formasını geyinmiş və uşaqlıq illərindən dostluq etdiyi Qasımovun postundan uzaqlaşdırılması Sadıqovu incik salıb. O, bu hadisədən sonra AFFA mənsublarıyla görüşərək, «artıq mənim bu klubla heç bir əlaqəm qalmadı» deyib. 


Bu, «Xəzər»in futbolətrafı proseslərdə yol verdiyi 2 böyük səhvdən birincisi.


Yeni yaranmış, rəhbərliyində futbol icmasına tanış olmayan simaların yer aldığı klubu AFFA Sadıqovun bir kəlməsiylə I Diviziona buraxmışdı və işdi, həmin münasibətlər qorunsaydı, bu gün belə bir problem yaranmazdı. Millinin keçmiş kapitanın çəkisi ağırdı və sözü AFFA başda olmaqla, hər yerdə keçir.

 

«Xəzər» debüt ilini 10-cu sırada bitirsəydi əgər, yenə hazırkı vəziyyətlə üzləşməzdi. Necə ki, «Zirə» 2015-cı ildə yenə Sadıqovun bir kəlməsiylə Premyer Liqanın qapısından içəri adlamışdı. Bu, həmin vaxt idi ki, «Zirə»nin «Paşa Holdinq»ə bağlılığı futbol təsərrüfatının çox az bir kəsiminə məlum idi. Ancaq onda da «14 nömrə»nin adı hər yerdə birinci sırada hallanırdı.


«Xəzər» Qasımovu göndərməklə, nəticələrini yaxşılaşdırdı, reputasiyasını yenilədi. Əvəzində AFFA-nın Premyer Liqaya buraxmaması ilə 350 min manata yaxın büdcəsi havaya sovruldu. «ZZ Group» o pulu küçədən yığmamışdı və yəqin ki, çox keçmədən daxili sorğu-sual başlanacaq.

 

Sadıqovla rabitənin kəsilməsinin onlara elita yolunda heç bir problem yaratmayacağını vəd edənər varıydı axı. Hansılar ki, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin adından danışır, onun köməyi ilə 4 pilləli «lisenziya imtahanı»ndan uğurla keçəcəklərini bildirirdilər.

 

O kəslər mayın 11-də - Şüvəlandakı oyundan əvvəl VİP-lojada əyləşmiş Musayevin yaxınlığına belə, düşə bilmədilər. Nəinki onunla bir fincan çay içmək şərəfinə nail olmağa. Bildiyimə görə, Musayev klubun problemləri və lisenziyalaşdırma məsələlərinin gedişi ilə bağlı bir neçə maraqlanıb, görüşə dəvət edib. Getməyiblər. Niyəsini bilin, dəhşətdi! «Onun əlindən heç nə gəlmir». 


Paho, nə "gözəl" ikili yanaşma…

 

(Ardı var)

Əlisahib

Tarix: 14 May 12:24    Oxunub: 317    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.