Zaur Axundov yenə bütün Azərbaycanı özünə güldürür!

Azərbaycan Futzal Federasiyası növbəti özbaşnalığa hazırlaşır.

 

Dünən dediklərini bu gün təkzib edirlər. Və ya zidd gedirlər.

 

Fərqi nədi ki? Əsas odu ki, Zaur Axundov hoqqabazlıqlarından əl çəkmir. Bu, onun köhnə şakəridi. «Burda mənəm, Bağdadda kor xəlifə» metodikası ona çox doğmadı. 


Birinci Liqada ilk mərhələ başa çatıb. «Hell Energy» bu etapın qalibidi. Federasiya indi onları çempion etmək, bununla isə mövsümü vaxtından əvvəl bağlamaq istəyir.

 

Pley-off mərhələsini təşkil etmək qurumun əlindən heç nədi. Gəl ki, Axundov «Hell Energy»nin himayədarlarından aldığı tapşırığı yerinə yetirməyə tələsir.

 

Halbuki federasiyanın baş katibi Mahmud Sadıqov püşkatma mərasimində hamının qulağı eşidə-eşidə demişdi ki, final mərhələsi Olimpiya sistemi üzrə keçiriləcək. Yəni ki, birinci mərhələni turnir cədvəlinin ilk 8 pilləsində bitirən komandalar pley-offda üz-üzə gələcək və «uduzan çıxır» prinsipi ilə qalibi müəyyənləşdirir.

 

Vaxt keçir, final mərhələsindən isə xəbər yoxdu. Axundovun göstərişini icra etmək Sadıqovun üzərinə düşüb. Başqa sözlə, baş katib aylar öncə dediyini danmalı, klubların üzünə durmalı, onlardan razılaşmayanları nə yollasa cəzalandırmalıdı.

 

Onsuz da, Birinci Liqada hərc-mərclik hökm sürür, Sadıqov hər il bir imkanlı komandanın maraqlarını qoruyur.

 

Ötən mövsüm «Nəbi»nin çempion olması üçün dəridən-qabıqdan çıxan, Təmkin Xəlilzadə qalmaqalına görə onlara texniki məğlubiyyətin verilməsinin qarşısını alan baş katib hazırda «Hell Energy»nin «keşiyindədi». Axundov tapşırıbsa, ümumiyyətlə, qurtardı: çempion pley-offsuz elan olunmalıdı!


Klubların bir çoxu federasiyanın öz reqlamentinə naxələf çıxmasından narazıdı. Düzdü, etiraz etməyənlər də var və təşkilatçılar məhz onların tərəddüd içində vurnuxmasını əlində bayraq edir. 


”Mövsümün əvvəlində komandalara pley-off mərhələsi ilə bağlı məlumat verilmişdi. Həm də bu qərar tövsiyə xarakteri daşıyırdı. Ancaq ikinci dövrə başa çatdıqdan sonra ilk “8-lik”dəki komandalardan 6-sı katibliyə (Hell Energy, ABDTİA, Standard, Yeni Günəşli, İtaldizain, Qarabağ) pley-off oyunlarında iştirak etmək istəmədiklərini bildirib. Əsasnamədə isə digər yerləri tutan komandaların bu mərhələyə cəlb edilməsinə icazə verilmir. Buna görə də pley-off mərhələsinin keçirilməməsi qərara alınıb”.

 

Görürsüz, federasiya «çempionatın tez bitməsini istəyənlər az deyil, biz daha nə edək..?» kimi gülməli mövqe tutub. Necə yəni, nə edək? Nə demisiz, onu da edin! Bu, necə təklifdi ki, onu reqlamentə salmamısız? Yaxud reqlamentə düzəliş olunmayıbsa, belə bir təklif və vəd niyə verilirdi? 


Futzal başbilənlərinin bu yanaşması klublara hörmətsizlikdən başqa bir şey deyil. 


Əsasnamədə digər yerləri tutan komandaların bu mərhələyə cəlb edilməsinə icazə verilmirsə, niyə Mahmud Sadıqov həmin reqlamenti redaksiyamıza təqdim etməkdən boyun qaçırır? Əgər həqiqətən ilk 8 pilləni tutanlar arasında pley-offda iştirakdan imtina edənlər varsa, onları aşağı sıralarda gedənlərlə əvəzləyin.

 

Liqada 14 komanda mübarizə aparır, istəməyənlər getsin, istəyənlər gəlsin. «Baku Fans», «Gilan», «Yasamal-2» məsələn. Olmayan yerdə U-17 yığmasını pley-offa qoşun. Necə ki, yuxarı yerlərdə lövbər salan klublar federasiyaya hörmətsizlik edir, siz də onları bu cür cəzalandırın! 


Bildiyimizə görə, narazı klublar imza toplayır. Zaur Axundovun özünə, həmçinin AFFA prezidenti Rövnəq Abdullayevə rəsmi formada şikayət edəcəklər. Ki, bu, nədi belə? 


Klubların istəməməsi ilədi? Onda Peşəkar Futbol Liqası da mövsümün ortasında çempionatı dayandırsın ki, medallara iddiası qalmayanlar çıxışını davam etdirmək istəmir. Bəs reqlament, qayda-qanun kim və üçündü?

 

İştirakçıların hamısı əvvəlcə bununla razılaşıbsa, federasiya, heç olmasa, özünə hörmət xatirinə hər gün bir qərar verməməlidi. İndi başa düşdüz ki, Zaur Axundovun rəhbər olduğu yerdə niyə din-bərəkət yoxdu, başıpozuqluqdu?


SPORTİNFO.AZ

 

Tarix: 11 May 15:00    Oxunub: 754    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2018
22 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.