"Xəzər" Elxan Məmmədovu niyə və necə aldatmaq istədi?

(əvvəli burda - http://sportinfo.az/news/33552)

 

Sadıqovla rabitənin kəsilməsinin onlara elita yolunda heç bir problem yaratmayacağını vəd edənər varıydı axı.

 

Hansılar ki, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin adından danışır, onun köməyi ilə 4 pilləli «lisenziya imtahanı»ndan uğurla keçəcəklərini bildirirdilər.

 

O kəslər mayın 11-də - Şüvəlandakı oyundan əvvəl VİP-lojada əyləşmiş Musayevin yaxınlığına belə, düşə bilmədilər. Nəinki onunla bir fincan çay içmək şərəfinə nail olmağa. Bildiyimə görə, Musayev klubun problemləri və lisenziyalaşdırma məsələlərinin gedişi ilə bağlı bir neçə maraqlanıb, görüşə dəvət edib. Getməyiblər. Niyəsini bilin, dəhşətdi! «Onun əlindən heç nə gəlmir». 


Paho, nə "gözəl" ikili yanaşma…

Bu, «Xəzər»in Premyer Liqadan kənarda qalmasının qeyri-rəsmi tərəfi. Keçək rəsmi hissəyə.

 

Qələbələr mirvariyə düzüləncə və medianın artan dəstəyi AFFA-ya qarşı təzyiqə çevrilincə, klubda bəzi adamlar əmin idi ki, Elxan Məmmədov geri çəkiləcək, lisenziyalaşdırma şərtlərinə güxəştə gedəcək. Baş katibi biz də daxil olmaqla, əksər həmkarlarımız tez-tez nələrdəsə suçlayır, kəskin formada tənqid edirik.

 

Ancaq bəzən yaddan çıxarırıq ki, onun da gətirdiyi əks arqumentlər tutarlıdı. Bank təminatı verməyən, hüquqi şəxs portfeli ilə zamin dayanmayan, uşaq futbolu ilə bağlı real addımlar atmayan, regionu təmsil etmək barədə yalnız sonda düşünən klubun Premyer Liqada nə işi var?

 

Əgər «Xəzər» arxasında dayanmış spounsorları şirkət deyil, fərd halında təqdim edirsə, «Günaybank»la əlaqəsi olduğu halda, bu bankdan 1,5 milyon manatlıq təminat ala bilmirsə, mən olmayım, siz olun Elxan Məmmədovun yerində – nə addım atardız? Tərəddüd içində var-gəl etməzdiz?

 

AFFA vaxtilə «Rəvan»a, «Araz-Naxçıvan»a və başqa klublara güzəştə gedibsə, bu, o deməkdi ki, həmin səhvi bu gün də təkrarlamalıdı? Bəs özgə vaxt federasiyanı qeyri-peşəkarlıqda suçlayır, futbolumuzun ən böyük daxili səhnəsini balaca «cücülər»lə zibilləməsindən dad döyürük.


Lisenziyalaşdırma proqramının bütün meyarlarının açarı maddiyatdı. Pulun varsa, Premyer Liqanın qapısı üzünə açıqdı. «Sabah»ın maliyyə rıçaqları genişdi, AFFA ona görə də vizit-kartı onlara bağışladı. Yenə bilirlər ki, «Sabah»ın dünəni və bugünü Mikayıl Cabbarova – vergilər nazirinə bağlıdı. O, bu posta aylar öncə keçib və yuxarı dairələrdə dayaqları kifayət qədər güclüdü.

 

«Xəzər»in bəs? Bu klubun əsl himayədarları nə vaxt kamera önünə keçdi, yaxud özlərini uzaqdan-uzağa tanıtdı. Yaxşı ki, Sportinfo.az «ZZ Group» və «Günaybank» haqda ilk dəfə yazdı, yoxsa ictimaiyyət indinin özündə də biqafil qalacaqdı ki, «Xəzər»in çətiri kimlərin əlindəndi. 


«Quba, gözlə, gəlirik!» pankartı… Arxı keçməmiş «hop» demək budu. Bu şüarı kim fikirləşibsə, dolayısı ilə «Xəzər»ə, birbaşa isə AFFA-ya düşmənçilik edib. Nə gərək varıydı buna? AFFA-ıqıcıqlandırmaq, görəsən, hansı art niyyətə qulluq edirdi? Bildiyin halda ki, federasiyanın kluba simpatiyası yox dərəcəsindədi, onu daha da barışmaz mövqeyə tərəf itələmək lazım idimi?

 

AFFA ilə danışıb razılaşdırmamış, Quba variantını ortalığa atmaq, hətta bu ideyanın baş tutacağına əmin kimi davranmaq yalnız burnundan o tərəfi görməyən şəxsin ağlına gələ bilərdi. Bu pankart, deyərdim ki, «Xəzər»in həm elita, həm də Quba yolunu bağladı. «Ögey ana» filmindən bir epizodu xatırlasaq, lap yerinə düşər: «Nə oldu? Bəs sən gələcəkdin, İsmayıl?».


Elxan Məmmədovu «Xəzər»in alınmayan işiylə bağlı qınayanları subyektiv fikrin daşıyıcıları qəbul edirəm. Təəssübkeşlik hissinə qapılıb, bəzən obyektivlik hissini itiririk. Baş katibin «n» qədər səhvi var və onları tapıb üzə çıxarmaq gərəkmir. Çünki hamısı üzdədi.

 

Konkret «Xəzər»ə yanaşmasından danışırıqsa, bağlı qapılar arxasında gedən söhbətləri zibil qutusuna atmadan E.Məmmədovun üstünlük qazandığını deməyi özümə borc sayıram. «Kişi sözü» çoxdan tarixin yaddaşına qovuşub və it-bat olub.

 

Günümüzün ciddiyəti rəsmiyyətdədi. Fərz edəlim ki, «Xəzər» cəmi 5 yaş qrupu üzrə fəaliyyət göstərən İskəndər Cavadovun adını daşıyan akademiya ilə anlaşıb, özünün uşaq futbol məktəbini birtəhər formalaşdırdı. Aslan adlı gənc məşqçiyə «Xəzər»in adı yazılmış formanı geyindirib, hərdənbir «İnter Arena»da görünməsini təmin etməklə, 8-13 yaşarası uşaqları bir yerə yığmaqla, «alt yapı» yaradırıq görüntüsü vermək olar, amma axı problemlər tək aşağılarla bağlı deyil.

 

İddia sözlə olmur, əziz dostlar! E.Məmmədovu fakt qarşısında qoymaq və o, bunlardan yayınardısa, həmin bilgiləri, sənədləri media ilə bölüşmək, ictimailəşdirmək lazım idi. Siz ilboyu mətbuatdan dəstək umduz, o dəstəyi aldız, bu gün isə baş katibin əsas gətirdiyi dəlillərin qarşısında susursuz. Bank təminatı hanı?

 

Məqsədləriniz ciddi, layihəniz uzunmüddətlidisə, «Günaybank» hara yoxa çıxdı? AFFA Emin Zeynalov tanıyır? Yoxsa onun özü kimi dindar dostu Mahir Məmmədovu? AFFA-ya sənəd-sübut lazımdı! KİV üzərindən top-tüfənglə gedirdiz AFFA-nın üzərinə - geridə qalan zamanı şirkətləşməyə, beləliklə də, təşkilatlanmaya həsr edə bilməzdiz?

 

Siz hələ bu kimi çoxsaylı səhvlərə yol verdiyiniz halda, hansı məntiqlə özünüzü Elxan Məmmədova alternativ və daha güclü «beyin mərkəzi» olaraq görürsüz? Təqdimat sırınmaqla, sırımaqla olmur. Çempionluq görüntüdü, ayna deyil, hərdən özünüzə ordan da bir baxın.

 

(ardı var)


Əlisahib

Tarix: 14 May 15:48    Oxunub: 339    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2018
22 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.