Zaur Axundovun federasiyası klubları reqlamentlə aldatdı

Dünən futzal üzrə Birinci Liqada XXVI turun 3 oyunu keçirilib.

 

Bakı İdman Sarayında baş tutan matçlardan birində gözlənilməz nəticə qeydə alınıb.

 

Belə ki, autsayderlər sırasında yer alan “Gilan” ortabablardan “İtaldizain”i məğlub edib. Digər iki oyunda favoritlər qalib gəlib:  “İtaldizain” – “Gilan” 5:8, “Qarabağ” – “Standard” 9:1, “Baku Fire” – “Baku Fans” 5:2.

 

Turun qalan 3 oyunu isə mayın 9-da Olimpik Starda keçiriləcək və bununla mövsümün əsas hissəsinə yekun vurulacaq.


Əsl həngamə bundan sonra başlamasa yaxşıdı. Zaur Axundovun prezidenti olduğu federasiya çempionatı «cəngəllik qanunları» ilə idarə edir. Təşkilatçılar növbəti dəfə iştirakçıların başını «piyləyib». 


Bu barədə klubların bir neçəsindən redaksiyamıza şikayət daxil olub. Onların bildirdiyinə görə, cari mövsümün startından əvvəl keçirilən toplantıda federasiyanın baş katibi Mahmud Sadıqov çempionatın reqlamentinin dəyişməsi barədə məlumat verib.

 

Bildirib ki, ikidövrəli yarışmadan sonra turnir cədvəlinin ilk 8 pilləsində qərarlaşan komandalar öz aralarında medalçıları müəyyənləşdirəcək. Belə ki, tərəflər olimpiya sistemi üzrə yarışmada üz-üzə gələcək və iki oyunun nəticəsinə əsasən mübarizəni ya davam, ya da tərk edəcək.


Maraqlıdı ki, M.Sadıqov bu barədə danışsa da, reqlament barədə sənədi klublara təqdim eləməyib. Nə onda, nə də ondan sonra. İndi isə  baş katib çempionatın final mərhələsi keçirilmədən tamamlanması barədə iştirakçılara şifahi məlumat verib.

 

Düzdü, belə baxanda, Axundov kimi prezidenti olan federasiyadan istənilən addımı gözləmək mümkündü. Ancaq bu qədər yox da..! Axundovun başı qarışıb AFFA və «Keşlə»yə, futzalın başını buraxıb. Vaxtilə «mənə mili komanda lazımdı, klublarla maraqlanmıram» demişdi və görünür, həqiqətən belədi.

 

Özünə məxsus «Araz»dan savayı, heç bir iştirakçıyə can yandırmayan, çox nadir hallarda oyunların keçirildiyi arenaya təşrif buyuran hörmətli Zaur bəy bəlkə də heç bilmir ki, Yüksək Liqada neçə klub mübarizə aparır, kimlər oynayır. Birinci Liqa təmsilçiləri sonuncu dəfə onun üzünü eramızdan əvvəl görüblər. Nuhun oğul-uşağını özünü düzəltdiyi gəmidə yerləşdirib, ölümün pəncəsindən xilas etdiyi vaxt…


M.Sadıqov klublarla Z.Axundovun adından danışıb. Deyib ki, prezident çempionatın tez qurtarmasını istəyir.

 

Görünür, «Keşlə»nin ölkə kubokunun finalına vəsiqə qazanması onu necə məşğul edibsə, artıq Birinci Liqa ona «ağırlıq» eləyir. Belədə isə «Hell Energy» qızxıl medallara sahib çıxır.

 

Federasiyanın gündə bir qərar dəyişməsindən narazı qalmayan da yalnız onlardı. Nəylərinə lazımdı etiraz? Hazır çempiondular da, niyə riskə getsinlər axı? Olimpiya sistemi üzrə final mərhələsi keçirilsə, əmin deyillər ki, birinciliyi özlərində saxlayacaqlar. 


Baş katiblə əlaqə saxladıq. Mahmud Sadıqov dedi ki, klublarla mövsümöncəsi görüşdə həqiqətən belə bir məsələ gündəmə gətirilib, sadəcə, bu, tövsiyyə xarakteri daşıyıb: «Həmin təklifi reqlamentə salmamışıq.

 

Sadəcə, klublara demişəm ki, bütün Avropa bu sistemlə oynayır, biz də ona keçə bilərik. Yəni ki, çempionatın qalibləri pley-off mərhələsi ilə müəyyənləşir. Mən indi təxmini bilirəm ki, hansı klub sizə şikayət edib. Bir neçə klubdu?

 

Biz reqlamentlə tanış olmaq istəyən bütün klublara onu göndərmişik. Çempionat hələ başa çatmayıb, 3 oyun qalıb. Yaxınlarda Birinci Liqa klublarının iştirakıyla toplantı keçirib, bu məsələni bir də müzakirə edəcəyik. Sizi də həmin toplantıya dəvət edəcəyik». 

Tarix: 8 May 14:12    Oxunub: 530    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.