TƏHLÜKƏ - Avroliqaya iddialı klublarımızın qeyri-müəyyənliyi

Ölkəmizi Çempionlar Liqasında növbəti dəfə “Qarabağ”ın təmsil edəcəyinə zərrə qədər də şübhə yox idi.

 

Hadisələrin axarı buna doğru aparırdı, sadəcə, qalmışdı işin rəsmi tərəfi. “Sumqayıt”la səfər matçında aktivinə növbəti 3 xalı yazdıran ağdamlılar ardıcıl 5-ci dəfə “qızıl” qazandı.

 

Odu ki, Qurban Qurbanov artıq indidən yayın planlarını cıza bilər.

 

“Qarabağ” işini bilir

Belə baxanda, “Qarabağ”da ciddi islahatların aparılmasına nə ehtiyac var, nə də bu, gözləniləndi. Baş məşqçi kimlərlə müqavilənin uzadılmasını istəsə, rəhbərlik bu yöndə problem yaratmadan Qurbanovun tələblərini yerinə yetirəcək. Bir-iki futbolçuyla güclənmək mütləqdi. Artıq bunun üçün qollar çoxdan çırmalanıb. Dünən necəydisə, bu gün də elə. Yəni, zəngin avrokubok təcrübəsinə malik rəhbərlik və baş məşqçi üçün narahat olmağa dəyməz. Baş məşqçi “get” deməyənə qədər kiminsə “köhlən atlar”dan ayrılması inandırıcı deyil.

 

 Bu işin qaydası var

Avroliqa məsələsində isə qeyri-müəyyənlik hökm sürməkdədi. “Qəbələ”nin növbəti dəfə bu yarışda iştirak edəcəyinə şübhə yoxdu. İndiki durumda “Sumqayıt” da şanslı görünür. “Neftçi”ylə “Zirə”, eləcə də “Keşlə” növbəti vəsiqəni əldən etmək üçün dəridən-qabıqdan çıxacaq. Avropada, hətta deyərdim ki, dünyada mötəbər yarışlara qatılması real görünən komandalarda yayın tədarükü bir neçə ay əvvəldən görülür. Komandanı tərk edən futbolçuların üzünə deyilməsə də, müəyyən yollarla mesaj ötürülür. Həmin futbolçu da əvvəldən bilir ki, qalacaq, ya yox. Baş məşqçilərlə bağlı durum isə fərqlidi. Məsələn, klub rəhbəri komandanın oyunundan, daxildəki ab-havadan, çalışdırıcının işinə yanaşmasında, davranışlardan razıdısa, çempionatın finişinə bir neçə ay və ya həftə qalmış siqnal ötürür ki, bəs, səninlə anlaşmanın müddəti uzadılacaq, indidən işini bil, hazırlıq gör. Və ya əksinə, çantanı yığ qoy qapının yanına.

 

Amma bizdəki durum fərqli, Azərbaycansayağıdı. Baş məşqçinin ilboyu gördüyü iş, oynatdığı futbol, gələcək adına verdiyi ümid qalıb bir tərəfdə, hamı gözünü dikib Avroliqaya vəsiqəyə. Yəni, Avropaya bilet olsa, qalacaqsan. Olmasa, səni göndərib, başqasını gətirəcəyik. Yeni baş məşqçi 10 futbolçunu göndərib, 15-ni dəvət edəcək, yekunda nəyə nail olacağı isə bilinmir.

 

Bəli, Avroliqaya vəsiqə qazanacağı inandırıcı görünən 5 komandanın hər birinin hədəfə çatacağı halda, güclənməyə ehtiyacı var. Az-çox “Qəbələ” hazırkı futbolçularla nəyəsə nail ola bilər. Amma digərləri mütləq və mütləq yeni nəfəsə ehtiyac duyur. Lakin daha vacib məqam var ki, kənardan ötəri görünsə də, kifayət qədər ciddi nöqtədi.

 

 “Qəbələ” 2014-ün yayını unutmamalıdı

“Qəbələ”, “Sumqayıt”, “Neftçi”, “Zirə” və “Keşlə” – bu komandaları çalışdıran baş məşqçilərin hər birinin klubla müqavilə müddəti mayda, deyək ki, iyunda başa çatır. Yəni, onların komandalarında qalıb-qalmayacağı bəlli deyil. 2014-ün yayı yadınızdadı?

 

Yuri Syomin klub tarixində “Qəbələ”ni ilk dəfə Avropaya daşımasına baxmayaraq, gözlənilmədən komandanı tərk etdi. Bu azmış kimi, Daniel Subotiç, Marat İzmayılov, Lorentso Ebesilyo, İbrahima Niasse kimi aparıcı futbolçular da bölgə təmsilçisindən ayrıldı. Tələsik yeni baş məşqçi və futbolçular gətirildi. Hadisələrin sonrakı axarı isə məlumdu.

 

“Qəbələ” o qədər də güclü olmayan “Şiroki Briyeq” qarşısında aciz qaldı. Eyni ssenari idi. Həmin mövsüm də “Qəbələ” kubokun finalına vəsiqə qazanmışdı deyə, rəhbərlik yekunda nəyin necə olacağını gözləyirdi. Kubok əldən çıxsa da, komanda Avroliqaya vəsiqəni təmin etməyi bacardı.

 

İndi də Roman Qriqorçukla yanaşı, Baqali Dabo, Filip Ozobiç, Dmitri Bezotosnı, Cavid Hüseynov kimi aparıcı fiqurların müqavilə müddəti başa çatır. Lakin ortada heç nə yoxdu. Nə yeni təklif, nə yeni müqavilə. Xatırlayırsızsa, ötən mövsüm Avroliqa mübarizəsini erkən dayandıran komandanın ukraynalı çalışdırıcı heyəti vaxtında hazır vəziyyətə gətirə bilmədiklərindən gileylənirdi.

 

 “Sumqayıt”ı gözləyən təhlükə

Təxminən eyni sözlər “Sumqayıt”a da aiddi. Mövsümün sürpriz komandası adını qazanmaqla heç kimin inanmadığı halda Avroliqada iştirak etməsi olduqca real görünən “kimyaçılar”ın baş məşqçisi Samir Abasov gündə bir açıqlama ilə diqqətləri üzərinə çəkir. Gah “Sumqayıt”da olmamaq ehtimalını dilinə gətirir, gah da “Sumqayıt” üçün böyük işlər görmək istəyindən bəhs edir.

 

Adam başını itirib. Çünki nəyin necə olacağını bilmir, yayın planları bəlli deyil. Bu cür həssas məqamda sponsorlar baş məşqçini qəbul edib, düz-əməlli söz demir ki, binəva Abasov işini bilsin, planlarını ona uyğun qursun. Samir bəyin adı bir gün “Qəbələ”, o biri gün “Neftçi” ilə yanaşı çəkilir. Yəni, sabah onun qəfil “Qəbələ”də peyda olması kimlər üçünsə komandaya arxa çevirməsi kimi görünsə də, əslində, doğru addım atmış olacaq.

 

Klub rəhbərliyi indidən xoş gələcək vəd edən məşqçisi ilə gələcək münasibətlərinə aydınlıq gətirməlidi. Eyni sözlər futbolçulara da aiddi. Klubun yeni prezidenti Riad Rəfiyev komandanın avrokuboklara vəsiqə qazanacağı təqdirdə, rəhbərlklə klubun yeni siyasətini müzakirə edəcəklərini deyir.

 

Cavid İmamverdiyev, Tural Axundov, Rəşad Eyyubov, Amil Yunanov başqa komandalara keçəndən sonra kimə lazımdı yeni strategiya, gələcək planlar? Cavid, yaxud Tural oturub gözləməyəcək ki, görək rəhbərlik nə düşünür, nə vaxt bir cavab deyəcək. Sabah “Sumqayıt”dan daha sərfəli təklif irəli sürən olsa, dabanlarına tüpürüb qaçacaqlar.

 

“Neftçi” rəhbərliyi nə etmək istəyir?

81 yaşlı “Neftçi”də isə “uşaq baxçasıdı”. Cari mövsümdə inanılmaz sıçrayışla yadda qalan, çempionatın iki aparıcı komandaları – “Qarabağ”la “Qəbələ”yə meydan oxuyan, finalın bir addımlığında olan, qış fasiləsindən sonra çempionatda cəmi 1 oyunda uduzan, belə deyək, bütün bu nəticələrə imza atan komandanın baş məşqçisinin qalıb-qalmayacağı məlum deyil.

 

Tərlan Əhmədovun “Avroliqaya vəsiqə qazanmasaq, istefa verəcəm” mesajının arxasında nələrin gizlənməsi sirr deyil. Adam hiss edir ki, rəhbərliyə komandanın oyunu, bir il əvvəllə indiki arasındakı fərq, növbəti mövsümlə bağlı planlar qətiyyən maraqlı deyil.

 

Başqa bir məqam: Tərlan Əhmədovla müqavilə müddəti uzadılmayıbsa, idman direktoru Ceyhun Sultanov Portuqaliyada, Ukraynada nəyi, yaxud kimi axtarır? Avropada klub rəsmiləri baş məşqçinin tapşırığına əsasən başqa ölkələrə səfər edir, futbolçuları izləyir.

 

Yox, Əhmədovun “Neftçi”dəki gələcəyi naməlumdusa, deməli, Sultanov xaricə yeni baş məşqçi axtarmağa gedib-gəlir. Ya da məşqçi tapıblar, onun göstərişinə uyğun “Neftçi”yə yeni futbolçular axtarılır. Bir neçə gün öncə məhz bu məsələ ilə bağlı həm klub prezidenti Kamran Quliyevlə, həm də Ceyhun Sultanovla danışmaq istəyirdim. Lakin hər ikisi söhbətdən boyun qaçırıb, mayın sonunu nişan verdi. Qatar gedəndən, başlar daşa dəyəndən sonra mayın sonu, iyunun əvvəli nəyimizə lazımdı?

 

 Tələsin, sonra gec olacaq.

“Keşlə” və “Zirə”də də eyni durumdu. Yuri Maksimov bir gün “gedəcəm” deyir, ertəsi sözünü “yeyir”. Ayxan Abbasovun, dolayı yolla “Zirə”nin gələcəyi isə ümumiyyətlə məlum deyil.

 

Yəni, klub rəhbərləri başa düşmür ki, Avroliqaya vəsiqə təmin olunandan sonra vaxt qalmayacaq. Qaçhaqaçda bilməyəcəklər gedən məşqçinin yerinə yenisi tapsınlar, yaxud müqaviləsi başa çatanlarda ortaq məxrəcə gəlsinlər, yaxud yeni transferlərin keçidini həll etsinlər.

 

Həmişəki kimi, aləm bir-birinə dəyəcək, 1-2 mərhələ adlayıb əlləri ətəklərindən uzun üstümüzə qayıdacaqlar. Bir də ki, məşqçinin gördüyü iş Avroliqaya vəsiqə ilə ölçülmür. Məgər sabah “Sumqayıt” avrokuboklara getməsə, bu, Samir Abasovun zəif, yaxud yararsız məşqçi olmasına işarə olacaq? Tələsin, sonra gec olacaq.

 

HƏBİB

Tarix: 26 Aprel 18:48    Oxunub: 717    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.