"İşimiz çox, yolumuz uzun, vicdanımız təmiz, alnımız açıqdı"

Keçən ilin sentyabr ayından başlayan 2017-2018 mövsümü əsas komandalarımız üçün başa çatdı. 


European Football Academy olaraq 2017-2018 mövsümü bizim üçün tarixi və yaddaqalan oldu.

 

Son ana qədər müxtəlif düşünmə qabiliyyətinə məxsus insanlar tərəfindən çempionatdakı iştirakımıza ciddi əngəllər yaradılsa da, AFFA-nın Qeydiyyat şöbəsi əməkdaşlarının yardımı, səmimiyyəti və professionallıqlarının nəticəsi olaraq ilk dəfə U-10 və U-11 komandalarımızla ölkə çempionatına qatıldıq.
U-11 komandamız 17 komanda arasında ilk onluğa girməyi bacardı. 


Bizə əsl futbol həyəcanını isə U-10 komandamız yaşatdı. Kiçik yaşlı oyunçularımız 19 komanda arasında ilk altılığa daxil olaraq 2-ci mərhələyə qatılma haqqı qazandı. Çempionatın əsasnaməsinə görə daha sonra ilk 5-liyə qalmaq və oradan da play-off mərhələsinə yüksəlmək vardı.


Nə komanda yaradılanda, nə də daha sonralar heç belə fikrimiz və hədəfimiz yox idi. Çünki hədəflərimiz həqiqətən tamam başqadır və ölkə hüdudlarından kənara çıxır.

 

Buna baxmayaraq, oyunları həyəcanla izləyir, balaca qəhrəmanlarımızın bu qısa zamanda komanda kimi formalaşıb nələrə qadir olduqlarını maraqla seyr edirdik. 2-ci mərhələnin son turuna Zirə PFK ilə eyni xalla girmişdik.

 

Öz aramızdakı oyunlarda biz üstün olduğumuza görə (1:2 və 3:0) cədvəldə 5-ci yerdə bizim adımız yazılmışdı. Son turda həm biz, həm də Zirə güclü rəqiblərlə görüşəcəkdik. Zirə`nin işi çox çətin görünürdü, çünki onları Neftçi PFK ilə oyun gözləyirdi. Play-off mərhələsinə qatılacağımızdan demək olar ki, tam əmin idik. Çünki, Neftçi PFK həm bu yaş qrupunun ən güclüsü sayılır, həm də əvvəlki oyunda Zirəyə 10:0 hesabıyla qalib gəlmişdi. Lakin möcüzə baş verdi.


Oyunun gedişində hesab 3:1 Neftçi PFK komandasının xeyrinə olmasına baxmayaraq, rəqibimiz ölkənin əməkdar məşqçisi İslam Kərimova əsl futbol dərsi keçməyə başladı. Uşaq futbolumuzda özünəməxsus adıyla tanınan İslam müəllimin yanlış oyunçu dəyişiklikləri və peşəkarlığa yaraşmayan arxayınlığına görə Zirə bu oyunda 4:3 hesabı ilə güclü rəqibinə qalib gələrək play-offa vəsiqə qazandı. Beləliklə bizim balaca qəhrəmanların ilk futbol mövsümü başa çatdı.


Mövsüm boyu bizə əsl həyəcan yaşadan körpə balalarımıza, forma geyinib meydana çıxmış 27 oyunçumuza təşəkkür edirik. Onlarla birgə hər həftə sonu "Dalğa Arena"da bizi dəstəkləyən valideynlərə, nənə-babalara, bacı-qardaşlara, bütün müəllim və məşqçi heyətinə, inzibatçılara, həkim və psixoloqa, sürücülərimizə – bizi sevən və bizlərlə bərabər olan bütün insanlara minnətdarlığımızı bildiririk.


Novbəti 2018-2019 mövsümünə Bakı zonasından U-10, U-11, U-12 və U-14 olmaqla 4 komanda ilə qatılmağı düşünürük. Bundan əlavə, regionlarda şöbələrimizin açılması ilə əlaqədar digər zonalardan da EFA adı altında komandalarımızın çıxış etməsi ehtimalı da var. Bir sözlə, 2018-2019 mövsümünün bizim üçün daha maraqlı keçməsi gözlənilir. İşimiz çox, yolumuz uzun, vicdanımız təmiz, alnımız açıqdır. 


Sonda isə bu mövsüm qarşılaşdığımız bütün rəqib komanda oyunçularına uğurlar arzulayırıq. Geyindikləri formadan asılı olmayaraq onlar da bizim övladımızdır, futbolumuzun və ölkəmizin gələcəyidir. Bu balaların sağlam bədən və sağlam ruhda böyüməsi bütün klubların, bütün məşqçi-müəllimlərin üzərinə düşən ən başlıca vəzifədir.

 

European Football Academy

Tarix: 25 Aprel 09:24    Oxunub: 756    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.