Dünya dağılar, Qurban Qurbanov "Zirə"yə 3 xalı "hədiyyə" etməz!

Həftəsonu Premyer Liqada 25-ci turun oyunları keçiriləcək. 
 
Qarşıdakı turlar üç aspektdə böyük əhəmiyyət kəsb edəcək.
 
2-ci, 4-cü yerlərə iddialı və sonuncu yerdə olmamaq üçün yarışan klubların bu və digər mənada mübarizəsində bunu müşahidə etmək mümkün olacaq. Təqdim etdiyimiz oyun qrafikində hər bir oxucumuz rəqiblərin imkanlarını dəyərləndirə bilər.
 
Builki çempionat «Sumqayıt» sürprizi ilə yaddaşlarda daha çox qalacaq. Lakin bu təsirin daha güclü üçün kollektivin ikinci yer uğrunda əməli mübarizə aparması lazımdı. Mövcud vəziyyətə görə, bu komandaların finiş ərəfəsindəki turda bunu üz-üzə rəqabətdə aydınlaşdırması mümkündü.
 
Açığı, «Qəbələ»nin hazırkı oyun forması onun üçün bu çempionatda zəif rəqib qoymayıb. Hər qarşılaşmada bu komanda xal itirə bilər. «Qəbələ» üçün qarşıdakı iki tur da bir sınaqdı.
 
4-cü yer uğrunda «Neftçi» «Zirə»ni qabaqlamaq üçün fürsət əldə edib. Ötən tur «Neftçi», nəhayət, zirəlilərdən önə keçə bildi. «Qəbələ»ni Ruslan Abışovun erkən qoluyla üstələyərək. Son turlarda bu kollektivləri əsl sürprizli matçlar gözləyir.
 
Oyun baxımından «Neftçi»nin «Keşlə», «Zirə»nin isə «Sumqayıt»la qarşılaşmaları istisna olmaqla, qalan «Zirə» rəqibləri «Neftçi»yə ötürəcək. Əlbəttə, zirəlilərin qış fasiləsindən sonrakı vəziyyəti acınacaqlı hal alıb.
 
Lakin «Neftçi»nin də kubok uğursuzluğundan sonra finiş xəttini necə keçəcəyi müəmmaya çevrilib. Hərçənd «Qəbələ» ilə çempionat görüşündə əsl əzmkarlıq nümayiş etdirərək, özünə yenidən qayıtmaq üçün əsl cəhd edərək, buna da nail oldular. Bu tempi bir qədər də yüksəltmək və qalan oyunlara da iddialı qismində çıxmaq lazımdı.
 
 
 
Ayxan Abbasov «Zirə»də «ip»i əldən verib və hələ də komandanın əl-ayğını yığıb-yığışdıra bilmir. Oa görə də qələbəsiz oyunlar seriyası 10-a çatıb. XXIV turda “Keşlə”yə 1:2 hesabı ilə uduzan Abbasovun komandası 2018-ci ildə qələbə nə olduğunu bilmir.
 
Zirənin eyniadlı təmsilçisi sonuncu dəfə XIV turda qalib gəlib. 2017-ci il dekabrın 3-də “Səbail”lə səfər matçında 1:0 hesabına sevinən Abbasovun komandası sonrakı 10 görüşdə 5 heç-heçə edib və eyni sayda məğlubiyyət alıb.
 
“Zirə” son 10 turda “Sumqayıt” (1:1), “Qəbələ” (1:2, 1:1), “Neftçi” (1:1, 0:3), “Keşlə” (1:2, 1:2), “Qarabağ” (0:2), “Səbail” (1:1) və “Kəpəz”lə (0:0) qarşılaşıb. Qış fasiləsinə «Sumqayıt»dan 9 xal öndə yollanan qartallar» indi onlardan 4, «Neftçi»dən 2 xal geri qalır.
 
Aprelin 27-də «Qarabağ»ı qonaq edəcəklər. Ağdam təmsilçisi ötən tur ardıcıl 5-ci çempionluğunu Sumqayıtda rəsmiləşdirdi. Qalan 4 tur onlar üçün formal xarakter daşıyır.
 
Qurban Qurbanovun komandası üçün heç bir əhəmiyyət daşımayan bu matçlarda əsasən ehtiyatda qalanlara və gənclərə üstünlük verməsi gözlənilir. Bundan ötrü qınaq obyekti ola bilməz: qarşısına qoyduğu məqsədə vaxtından xeyli əvvəl nail olubsa, niyə ehtiyat qüvvənin hazırlığını yoxlamasın? Əsl məqamıdı.
 
Lakin Qurbanov istənilən halda tədbirli davranmalıdı. Son günlər geniş yayılmış söz-söhbətlərin kökünü kəsməlidi. Söz-söhbət isə odu ki, guya, «Qarabağ» səfərdə mübarizə aparmayacaq və 3 xalı «Zirə»yə hədiyyə edəcək.
 
Əlbəttə, kimlər nə şayiə yayır-yaysın, biz heç birinə inanmırıq. Qurbanov oyun «alverçi»si deyil. Alıb-satanları başqa yerdə axtarın! O, Azərbaycanın ən yaxşı məşqçisidi və bu adı dama-dama toplayıb. İllərdi imici üçün çalışan Qurbanov yığdıqlarını bir «Zirə»yə görə qurban verməz.
 
«Qarabağ» meydana ikinci heyətlə çıxsa belə, ev sahiblərini məğlub etmək iqtidarındadı. Çünki «Zirə»də zədə epidemiyası baş alıb gedir. Premyer Liqanın XXIV turunun ilk oyun günü bir futbolçunun cəzalı duruma düşməsi ilə başa çatıb. “Zirə” Milan Duriçin xidmətindən məhrum olub. Buna səbəb serbiyalı legionerin “Keşlə” ilə səfər matçında (1:2) sarı vərəqə almasıdı.
 
Bu, Duriçin mövsümdə 8-ci xəbərdarlığıdı. Milan bu cəza üzündən XXV turun “Qarabağ”la görüşündə oynamayacaq. Riçard Qadze, Aleksandr Şemonayev, Yozef Bum, Yovan Krneta, Sadio Tounkara, Aleksandr Dedov və Tellur Mütəllimov isə zədədən əziyyət çəkir.
 
Onu da nəzərə alsaq ki, ardıcıl uğursuzluqlar «Zirə»nin düşərgəsində psixolojgi gərginliyi artırıb və təzyiq altındadı, Ağdam təmsilçisinin işi nisbətən asan olmalıdı. Meydana rahat çıxmaları və özlərini göstərmələri üçün hər cür əsas var. Uduzmaqdan savayı.
 
Axı «Zirə» 3 illik Premyer Liqa keçmişləri ərzində hələ bir dəfə «Qarabağ»a qalib gələ bilməyiblər… Sindromun qırılması möcüzəyə bərabərdi. 
 
SPORTİNFO.AZ
 
Son 4 turda kim nə üçün oynayacaq?
 
Tur «Qəbələ» «Sumqayıt» «Zirə» «Neftçi» «Səbail» «Kəpəz»
 
25 “Kəpəz” (e) “Səbail” (e) “Qarabağ” (e) «Keşlə” (e) “Sumqayıt” (s) “Qəbələ” (s)
26 «Keşlə” (e) “Kəpəz” (s) “Səbail” (s) “Qarabağ” (s) “Zirə” (e) “Sumqayıt” (e)
27 “Sumqayıt” (s) “Qəbələ” (e) “Kəpəz” (e) “Səbail” (e) “Neftçi” (s) “Zirə” (s)
28 “Qarabağ” (e) “Zirə” (e) “Sumqayıt” (s) “Kəpəz” (s) «Keşlə” (e) “Neftçi” (e)
Tarix: 25 Aprel 19:48    Oxunub: 736    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.