Əhmədovun sələflərindən fərqi: 31 oyuna 33 xal hara, 24 oyuna 42 xal hara?

Tərlan Əhmədovun gəlişindən sonra nisbətən özünə gəlməyi bacaran “Neftçi” iddialılara təhlükəli rəqib olmağı bacardı.

 

Qış fasiləsindən sonra səfərdə “Qəbələ”ni məğlub edən, evdə “Qarabağ”la heç-heçə oynayan “ağ-qaralar” “Zirə”ylə matçlardakı 3 illik qələbəsizlik sindromuna da son qoydu.

 

Üstəlik, kubokun 1/4 finalında həmin “Zirə” mübarizədən kənarlaşdırıldı. Kubok demişkən, bakılıların finala adlamaq, hətta kuboku qazanmaq şansı da vardı. Aprelin 18-də “Qəbələ”ni məğlub edə bilsəydilər, indi final haqda düşünəcəkdilər.

 

Bundan sonra ümid qalır premyer-liqanı azı 4-cü pillədə başa vurmağa. Hazırda bakılıları 4-cü sıradakı “Zirə”dən 1, 3-cü yerdəki “Sumqayıt”dan 5 xal ayırır. “Bürünc” şansı çətin görünsə də, yox deyil. Belə məqamda Tərlan Əhmədovun mövsümün sonunda komandası Avroliqaya vəsiqə qazanmayacağı halda istefa verəcəyini dilə gətirməsi anlaşılmazdı.

 

Çünki “Neftçi”nin bu vəziyyətə çatmasında, yəni, azarkeşlərin daha artığını tələb etməsində məhz Əhmədovun rolu var. Komandası hazırda parlaq futbol nümayiş etdirir, üstəgəl, əvvəlki kimi iddialı rəqibləri üçün “asan yem” sayılmır. Halbuki 2015-ci ildən bu yana, dəqiq desək, “Neftçi”də Sadıq Sadıqov erası başa çatandan sonra bir neçə məşqçi çalışsa da, bu cür istəkli və məzmunlu futbol oynamağı bacaran kollektiv görməmişdik. Təkcə bir fakta – Tərlan Əhmədovdan öncəki həmkarlarının statistik göstəricilərinə nəzər salmaq kifayətdi.

 

Arif Əsədov

Düzdü, Əsədov hələ kluba Sadıq Sadıqov rəhbərlik etdiyi vaxtdan qalmışdı. “Neftçi” bu mütəxəssisin rəhbərliyi altında meydana çıxdığı 12 oyunda cəmi 3 qələbə qazanmış, 4 dəfə heç-heçə etmiş, 5 məğlubiyyətə üzülmüşdü. “Ağ-qaralar” rəqib qapılarından 15 top keçirdiyi halda öz qapısında 20 qol görmüşdü. Bakılıların 2015-in iyununda kubokun finalında “Qarabağ”a uduzmasından sonra Arif Əsədov istefaya göndərilmişdi. Lakin komandası çempionatda 4-cü yeri tutduğundan, Avroliqada iştirak etmək imkanı qazanmışdı.

 

Samir Əliyev

Buna qədər heç vaxt elitada baş məşqçi kimi çalışmayan Samir Əliyevin əvəzedicilərdən birbaşa əsas komandaya gəlməsinin özü böyük risk idi. Lakin o vaxt əsas söz sahibi Müşahidə Şurası və klubun sabiq rəsmisi Elnur Məmmədov olduğundan, gələcək adına ümid verməyən tələsik addım atmış oldular. Sensasiya etmək düşmüşdü könüllərinə. Sanki Əliyev avrokuboklarda fırtına qoparacaq, “Neftçi”ylə çempionatda “at oynadacaqdı”. Lakin Əliyev dönəmi də çox çəkmədi. Bakılılar onun rəhbərliyi altında ümumilikdə 14 oyuna çıxdı ki, komandanın hesabına cəmi 3 qələbə yazmaq mümkün oldu. Daha 6 heç-heçə və 5 məğlubiyyəti də nəzərə alsaq, 15 xal edir. Əsədovdan 2 oyun və bir o qədər də artıq xal. Top fərqi isə belədi - 16-18. Yanlış seçim kimi dəyərləndirilən Samir Əliyev əsas komandada çalışmaq istəmədiyini deyib, yenidən əvəzedicilərə qayıtdı.

 

Əsgər Abdullayev

Samir Əliyev baş məşqçi olanda Əsgər Abdullayev Müşahidə Şurasına gətirilmişdi. Əvvəldən bilinirdi ki, Əliyevin azacıq “axsamasından” sonra baş məşqçi postu təcrübəli mütəxəssisə həvalə olunacaq. Halbuki qorxaq futbol oynatmasıyla ad çıxaran Əsgər bəyin “Neftçi”yə baş məşqçi gətirilməsi kökündən yanlış idi. Sadəcə, klubdakı söz sahibləri bunu dərk etmirdilər. Mövsümün gedişi ehtimalların həqiqətə uyğun olduğunu göstərdi. 2015/16 mövsümünün gedişində komandanın başına keçən mütəxəssis çempionat başa çatmamış istefa verdiyini açıqladı. Samir Əliyev kimi, o da komandanı 14 matçda meydana çıxardı. Sadəcə, ümumi göstərici nisbətən yaxşılaşmışdı: 14 oyun, 6 qələbə, 3 heç-heçə və 5 məğlubiyyət. Yəni, 21 xal. Top fərqi: 20-14.

 

Vəli Qasımov

Abdullayevin vaxtilə Samir Əliyevə yaşatdığı bu dəfə öz başına gəlmişdi. Əsgər bəy klubda otura-otura Əliyevin postuna göz dikdiyi kimi, idman direktoru səlahiyyətlərini icra edən Vəli Qasımov da Abdullayevin gedişi üçün dua edirdi. Həmin Vəli Qasımov ki, futbolçu kimi ölkəmizi layiqincə təmsil etsə də, məşqçi kimi sözünü deməyi bacarmamışdı. Çalışdırdığı komandaların heç birində ciddi uğura sahib deyildi. Sadəcə, Müşahidə Şurasının sədri kimi, onun da xarici dilləri mükəmməl bilməsi baş məşqçi postuna gəlişini şərtləndirdi. Komandası uğursuzluqları sıralasa da, ona olan inam tükənmək bilmirdi. Vəli Qasımov yarıtmaz futbolçuları komandasına cəlb etməklə işini görür, zaman isə öz axarında gedirdi. “Qəbələ”yə 0:8 hesablı yenilgi olmasaydı, Qasımovun “Neftçi”li günləri davam edəcəkdi. “Ağ-qaralar”ı özündən əvvəlki məşqçilərin hamısından çox, 24 matçda meydana çıxardı. 10 məğlubiyyətin qarşılığında cəmi 8 qələbə qeydə alındısa, 6 matç bərabərliklə sonuclandı. 24 oyuna cəmi 30 xal. Vurulan topların sayı 27, buraxılanların sayı 33 idi. Təxminən bir il “Neftçi”nin “anasını ağlatdı”.

 

Elxan Abdullayev

2016/17 mövsümünün əvvəlində baş məşqçi təyin olunan bu mütəxəssis də çalışdığı komandalarda baş məşqçi kimi yarıtmaz olmuşdu. Uzun illər əsas yığmada Berti Foqtsla Robert Prosineçkinin köməkçisi kimi çalışan Abdullayev gözəgörünməz, amma güclü kanallar vasitəsi ilə “Neftçi”də peyda olmağı bacardı. Gələndə heyətin yetərsizliyindən danışır, qış transferlərindən sonra səhrada uca dağlar kəşf edəcəyinə söz verirdi. Onun fikri də Qasımovda olduğu kimi əsasən əcnəbi transferlərin komandaya cəlb olunması idi. İstər 2017-nin qışında olsun, istərsə də ötən ilin yayında, bir çox legionerlərin və yerli futbolçuların “Neftçi”yə yolunu açdı. Kamil Məmmədovla əl-ələ verib, istədiklərini edirdilər. Nəticəsi nə oldu? Komanda avrokuboklardan kənarda qaldı, bu azmış kimi cari mövsümə biabırçı şəkildə başladı. 31 oyunda rəhbərlik etdiyi kollektiv 18 dəfə məğlubiyyət acısı yaşayıb, cəmi 10 oyunda qələbənin nə olduğunu bildi. Üstəgəl, 3 heç-heçə. Bəli, 31 oyunda mümkün 93 xaldan cəmi 33-ü. Buraxılan top sayı ondan da betər: 29-38.

 

Tərlan Əhmədov

Bu məşqçilərin yararsız fəaliyyətindən sonra ağla gələn ilk ad Tərlan Əhmədov idi. Həmin Əhmədov ki, “Neftçi” 2012-də Avroliqanın qrup mərhələsinə vəsiqə qazananda, Böyükağa Hacıyevin köməkçisi idi. Həmin Əhmədov ki, 2015/16  mövsümündə AZAL-ın futbolçuları 300-500 manata oynayanda, komandanı Avroliqaya daşımağa yaxın idi. Özünəməxsus xarakteri və oynatdığı futbolla seçilən Tərlan bəy həmin dönəm üçün ən ideal seçim olsa da, rəhbərlik xeyli düşündükdən sonra bu qərarı verdi.

 

İlk vaxtlar nəticələr istənilən kimi olmasa da, tədricən yaxşıya doğru dəyişdi. Qış fasiləsinə qədər ardıcıl 4 oyunluq qələbə seriyasını yəqin ki, unutmamısız. Üstəgəl, kubokun yarımfinalına yüksəlmək. 2018-dəki nəticələr isə yaxın keçmişə təsadüf etdiyindən, xırdalıqlara varmağa gərək yoxdu. “Neftçi”nin cari mövsümdə Tərlan Əhmədovun rəhbərliyi altında kubok və çempionat oyunlarındakı göstəricilərini diqqətə çatdırmaq kifayət edir: 24 oyun, 13 qələbə, 3 heç-heçə, 8 məğlubiyyət. Yəni, 42 xal. Top fərqi: 40-24.

 

Nəticə

Yazılanlardan nəticə çıxarmağı öhdənizə buraxırıq. Biz, sadəcə, son 3 ildə əlcək kimi dəyişdirilən baş məşqçilərin göstəricilərini diqqətinizə çatdırdıq. Və göründüyü kimi, Əhmədovun rəhbərliyi altındakı rəqəmlər əvvəlki dönəmlərdəkindən daha üstündü. Oyun planında irəliləyişlə yanaşı, nəticələr də xeyli düzəlib.

 

Bircə qalır kiçik problemləri də aradan qaldırmaq. Tərlan Əhmədovu göndərib, bir başqasını gətirəcəklərsə, ötən mövsümlərdə gördüklərimizə yenidən şahidlik edəcəyimiz sirr deyil. Lap Əhmədov özü istefa versə də, rəhbərlik onu buraxmamalıdı. Məhz yuxarıdakı statistik mənzərəni əldə əsas tutaraq.

 

P.S. Kubok matçlarında qələbə 3 xal kimi dəyərləndirilmir. Sadəcə, yazı statistik üslubda yazıldığından, aradakı fərqi müəyyən etmək üçün kubokdakı qələbələr 3 xal kimi dəyərləndirilib.

 

HƏBİB

Tarix: 24 Aprel 20:36    Oxunub: 695    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.