"Evdə "Neftçi"yə uduzandan sonra heç kim "Qəbələ"yə inanmırdı"

Sportinfo.az xəbər verir ki, "Qəbələ"nin kapitanı Cavid Hüseynov müsahibə verib.

 

Topaz Premyer Liqanın 24-cü turunda "Neftçi"yə 0:1 hesablı məğlubiyyəti dəyərləndirən yarımmüdafiəçi ölkə kubokunun finalında "Keşlə" ilə keçiriləcək görüşə də toxunub.

 

Kubokun yarımfinal mərhələsinin cavab oyununda "Neftçi"ni məğlub etdikdən sonra "Qəbələ"nin çempionat matçında da qalib gələcəyi, ən pis halda uduzmayacağı gözlənilirdi. 63-cü dəqiqədən etibarən 10 nəfərlə qalan rəqibə məğlubiyyətin səbəbini necə izah edərdiniz?

- Açığı, konkret səbəb demək bir qədər çətindir. Düzdür, erkən qol buraxmağımızın oyunumuza təsiri oldu. Qoldan sonra bir müddət özümüzə gələ bilmədik. Amma ümumi götürəndə, dünən komandamız pis oynamadı. Təəssüf ki, ələ düşən imkanları dəyərləndirə bilmədik. Rəqibdən üstün olsaq da, qol çatışmadı. Digər tərəfdən, kubok oyununun yorğunluğu da var idi. Uduzmaq istəməsək də, belə alındı.

 

Bəlkə kubok oyunundakı qələbədən sonra komandada arxayınlıq yaranmışdı...

- Mən komandanın içindəyəm, nəyin necə olduğunu yaxşı bilirəm. Arxayınlıqdan söhbət belə gedə bilməz. Çünki "Sumqayıt"la aramızda 3 xallıq fərq var. "Neftçi"ni məğlub edib mövqeyimizi daha da möhkəmləndirmək istəyirdik. Lakin istəyimiz gerçəkləşmədi.

 

"Neftçi"yə dünənki məğlubiyyət birmənalı qarşılanmadı. Xüsusilə "Sumqayıt" cəbhəsində "Qarabağ"la oyundan sonra müəyyən etirazlar səsləndi. Hətta "Neftçi"nin qələbəsini kubokun yarımfinalındakı nəticənin qarşılığı kimi dəyərləndirənlər də oldu...

- (Gülür). Yox, bunlar hamısı boş söhbətlərdir. Maraqlıdır, bu söz-söhbəti ortaya atanlar nəyə əsasən belə fikir bildirirlər?

 

Daha çox dünən "Qəbələ"nin start heyətində meydana çıxan futbolçulara görə. Xüsusilə qapıda Dmitri Bezotosnının deyil, Aqil Məmmədovun dayanması narazılıqlara səbəb oldu...

- Birincisi, Bezotosnının zədəsi var idi. Kubok oyununa da zədəli halda çıxmışdı. İkincisi isə Aqil özü pis qapıçı deyil. Dünən də yaxşı oyun sərgilədi.

 

Kubokun finalında "Keşlə" ilə qarşılaşacaqsınız. Həlledici oyunun Qəbələdə keçirilməsi rəqib düşərgədə narazılığa səbə olub. Bu barədə nə deyə bilərsiniz?

- Final oyununda ev sahibi və ya qonaq komanda anlayışı olmur. 1 görüşdən ibarətdir, istənilən tərəf sonda qələbə qazana bilər. Baxıram ki, oyunun Qəbələdə keçirilməsini başqa tərəfə yozanlar var. Halbuki yarımfinalın ilk oyununda evdə "Neftçi"yə 1:2 hesablı məğlubiyyətdən sonra heç kim "Qəbələ"yə inanmırdı.

 

"Keşlə"nin kapitanı kamran Ağayev deyib ki, final Qəbələdə keçirilirsə, onda elə əvvəlcədən kuboku rəqibə verək, onları təbrik edək...

- Lap yaxşı, gəlməsinlər, kuboku da biz götürək (gülür). Yenə deyirəm, final oyununun yeri əvvəlcədən müəyyənləşib. Kamrana xatırlatmaq lazımdır ki, "Neftçi"yə uduzandan sonra "Qəbələ"nin finala çıxmaq şansları çox aşağı qiymətləndirilirdi. Oyunun Qəbələyə salınmasının bizimlə heç bir əlaqəsi yoxdur.

 

Son olaraq milli komanda ilə bağlı soruşmaq istəyirəm. Yığmamız iyunun 5-də Qazaxıstan seçməsi ilə yoldaşlıq oyunu keçirəcək. Həmin qarşılaşma haqda fikirləriniz də maraqlıdır...

- Qazaxıstan güclü komanda, layiqli rəqibdir. Əvvəllər bir neçə dəfə qarşılaşmışıq. Düşünürəm ki, maraqlı oyun olacaq. İnanıram ki, belə bir rəqiblə oyunun millimizə xeyiri dəyəcək. Qurban Qurbanov özü hansı rəqiblərlə oynamaq lazım olduğunu yaxşı bilir (qol.az).

Tarix: 24 Aprel 19:36    Oxunub: 433    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.