Tərlan Əhmədovlu “Neftçi” müstəqillik tarixinə damğasını vurdu

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Neftçi” – “Qəbələ” qarşılaşması Bakı klubunun tarixinə düşüb.
 
Paytaxt təmsilçisi bu görüşdə 1:3 hesabı ilə uduzub, finala vəsiqə qazanmasa da, “Bakcell Arena”da keçirilən görüşə 6 min tamaşaçı toplamağa nail olub.
 
Buna səbəb isə son illər uğursuzluq zolağında vurnuxan komandanın Tərlan Əhmədovun baş məşqçiliyi altında toparlanmasıdı. “Ağ-qaralar” bu matçadək ardıcıl 8 oyunda uduzmamaqla “Neftçi”sevərlərin inamını qaytarmağa nail olub.
 
Nəticələrlə yanaşı oyun planında da irəliləyişin olması “Qəbələ” ilə ilə cavab matçında yarımanlşlaq yaşanması ilə nəticələndi. Düzdür, ölkənin ən sadiq azarkeşlərindən sayılan “Neftçi” fanatları daim, hətta ən ağır günlərdə komandalarının yanında olublar.
 
Amma onların ordusu yetərincə kiçik olub. Əhmədovun gəlişi və komandada ruh yüksəkliyi yaratması isə fanatların sayında da əksini tapıb.
 
“Neftçi”nin son çempionluğunu qazandığı 2012/13 mövsümündən sonrakı 5 ilə baxsaq, ev oyununu 6 min və ya daha çox tamaşaçının izləməsi nadir hadisələrdəndi. 2013/14 mövsümündən başlayaraq bu günə qədər “ağ-qaralar” 10-cu dəfə belə dəstək görüb.
 
Son 5 mövsümün mütləq rekordu 18 minə bərabərdi. Lakin bu göstərici Avropa Liqasının pley-offunun cavab matçında, qrupun astanasında Serbiyadakı ümidverici məğlubiyyətdən (2:3) sonraya təsadüf edib. Ümumiyyətlə, son 5 mövsümün 10 ən çox tamaşaçı toplayan ev matçında 7-si avrokuboklarla bağlıdı.
 
“Qəbələ”ylə görüşədək bu müddətdə yalnız iki çempionat görüşündə daha çox seyrçi qeydə alınıb. Hər iki matç “Qarabağ”a qarşı olub ki, həmin görüşlərdə qonaqların da yetərincə azarkeşi stadiona təşrif buyurub. Sonuncu belə hadisə 2 il 2 gün öncəyə təsadüf edib. Yəni Əhmədovun komandası son iki il üçün daxili yarışlarda özünün azarkeş rekordunu vurub.
 
“Neftçi”nin son 5 mövsümdə (2013/14 – 2017/18) ən çox tamaşaçı topladığı 10 oyun
 
mövsüm tarix turnir oyun stadion Tamaşaçı
2014/15 28.08.2014 Avropa Liqası Neftçi - Partizan (Serbiya) – 1:2 Respublika 18000
2014/15 31.07.2014 Avropa Liqası Neftçi - Çixura (Gürcüstan) – 0:0 Baksell Arena 11000
2013/14 17.07.2013 Çempionlar Liqası Neftçi - Skenderbeu (Albaniya) – 0:0 8-ci KM arena 10000
2015/16 02.07.2015 Avropa Liqası Neftçi - Mladost (Monteneqro) – 2:2 Bakcell Arena 9866
2014/15 17.07.2014 Avropa Liqası Neftçi - Koper (Sloveniya) – 1:2 Baksell Arena 9500
2016/17 07.07.2016 Avropa Liqası Neftçi - Baltsan (Malta) – 1:2 Bakcell Arena 7650
2016/17 14.07.2016 Avropa Liqası Neftçi - Şkendiya (Makedoniya) – 0:0 Bakcell Arena 6891
2015/16 29.11.2015 Premyer Liqa Neftçi – Qarabağ – 1:0 Bakcell Arena 6500
2015/16 16.04.2016 Premyer Liqa Neftçi – Qarabağ – 1:2 Bakcell Arena 6500
2017/18 18.04.2018 Premyer Liqa Neftçi - Qəbələ - 1:3 Bakcell Arena 6000
 
Son 5 mövsümün ən çox tamaşaçı toplayan 10 ev oyununun siyahısında 7 avrokubok, 2 çempionat matçı ilə yanaşı, Azərbaycan kubokunun cəmi 1 qarşılaşması var.
 
Bu da təsadüfi deyil. “Qəbələ” ilə görüş “Neftçi”nin Azərbaycan kubokunda nəinki son 5 ilinin, ümumiyyətlə tarixinin mütləq rekordudur. Paytaxt klubu Azərbaycan kuboku tarixində heç vaxt bu qədər tamaşaçı görməyib.
 
1992-ci ildən keçirilən yarışın yeganə daimi iştirakçısı 26 ildə heç vaxt ev oyununda 6 min və ya daha çox seyrçi yığmamışdı. “Neftçi” – “Qəbələ” görüşü bu mənada mütləq rekord vurdu.
 
Bunadək kubokda 26 ildə 73 dəfə öz meydanında oyun keçirən “ağ-qaralar”ın rekordu 5 min tamaşaçı idi. Bu göstərici də 3 dəfə qeydə alınıb.
 
“Kəpəz”lə 1999/2000, “Bakılı” ilə 2003/04 mövsümlərinin yarımfinal qarşılaşmaları, həmçinin 2010/11 mövsümündə 1/4 finalın “Xəzər Lənkəran”la görüşü “Bakcell Arena”dakı görüşədək rekord sayılırdı.
 
Lakin həmin rekord artıq keçmişdə qaldı. Bunda azarkeşləri, onların inamını qaytarmağı bacaran Tərlan Əhmədov və komandası klubun 26 illik müstəqillikdəki kubok tarixinə öz damğasını vurdu.
 
SPORTİNFO.AZ
Tarix: 24 Aprel 14:12    Oxunub: 594    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2018
22 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.