Yunis Hüseynovu "Kəpəz"ə biabır etməyə gətiriblər?

Çempionatın iki hissəyə parçalanması turnir cədvəlində aydın görünür.

 

Lakin «Kəpəz» də turdan-tura ümidlərini itirməyə doğru gedərək, bu cərgənin səfini dağıtmağa başlayıb.

 

Oyununda nə qədər dönüş yaratsa da, Gəncə təmsilçisinin özünü toparlaması müşkülə çevrilib. Çünki rəqiblər də finiş ərəfəsində daha keyfiyyətli dəyişikliklərə nail ola biliblər.

 

Bu mövsümün qış fasiləsinin ən müsbət məqamlarından biri məhz budu. Aşağılar yuxarılarla müqayisədə daha çox keyfiyyət əldə ediblər. «Keşlə» də daxil olmaqla, turnir cədvəlinin alt hissəsində yer alanların yaratdıqları dönüş ümidvericiliyi ilə diqqət çəkir. 

 

Əslində, «Kəpəz»in ötən mövsümdən özünü büruzə verməyə başlamış problemləri bu matçda «Səbail»in karına gəldi. Komandalar eyni səviyyədə, eyni problemlidilər.

 

«Səbail» qış fasiləsində elita üçün heyətinə yenidən əsaslı əl gəzdirdiyi üçün bu məsələni çox qabartmaq olmur. Çünki məşqçi korpusu oyun quruculuğu elementlərini hələ indi-indi inkişaf etdirir. Bu mənada yayadək dişəçəkilən olacaqlar.

 

«Kəpəz»ə isə gələn il autsayder olmamaq üçün artıq qəti qərarlar vermək zamanıdı. Lakin problemlərinin nə ucu var, nə də bucağı. Buna görə də bu komandaya qiymət üçün növbəti sezonu gözləmək lazım gələcək.


Açığı, AFFA-nın Gəncəni Premyer Liqasız qoyacağına inanmıram. Azsaylı bölgə klublarından biridi, özü də birbaşa Prezident Aparatından gələn təlimat əsasında güclülər dəstəsinin qapısı üzünə açılıb.

 

AFFA dövlət çapında güclü dayaqları olan Vəliyevlə düşmənçilik etməz. «Kəpəz»i Diviziona göndərmək bu soyadı daşıyanlara müharibə elan eləmək deməkdi. Elmar Vəliyev tək-tük icra başçılarındandı ki, futbolu sevir və maddi-mənəvi dəstək verir.

 

«Kəpəz»i bircə ona görə Premyer Liqada saxlayacaqlar, dəyməyəcəklər. Əsas bundan sonra proseslərin nə kimi səviyyə almasındadı. Klubu indiki kimi – bir qarını ac, bir qarını tox gələcək gözləyirsə, adı yaşamaq, əslində isə sürünmək olacaq. 

 

Yunis Hüseynovun «baqaj»ı bu mövsüm üçün doludu. Komandanı gec götürüb, onadək lələ xəlvət, tülkü bəy olub, başıpozuqluq hökm sürür, yeyintilər qala divarlarını çökdürüb. Hər küncündən üfunət iyi gələn düşərgəni dezinfeksiya eləmək səbr, iradə və müddət istər.

 

Tutalım, AFFA daha 1 ili peşkəş elədi», «Kəpəz» qaldı, lakin maliyyə mənbəyi genişlənmədisə, Hüseynovun nəticəsi bundan fərqli olmayacaq. Yalandan onu dağa-daşa salıb, dəyərdən endirməsələr yaxşıdı.


KAMİL

Tarix: 24 Aprel 12:24    Oxunub: 507    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.