"Kamrandı da, fikir verməyin, qalmaqal yaratmaq istəyib"

Sportinfo.az xəbər verir ki, "Qəbələ"nin müdafiəçisi İlqar Qurbanov "Neftçi" ilə dünənki oyun barədə danışıb.

 

"Neftçi"ni 4 gün öncə "Bakcell Arena"da məğlub etsəniz də, bu dəfə uduzdunuz. Qələbə qazanmağınız bu dəfə niyə alınmadı?

- Alınmadı deyəndə ki, 90 dəqiqə rəqibdən üstün oynadıq. İlk dəqiqələrdə olmayan cərimə zərbəsi verdilər. Ruslan Abışov da yaxşı zərbə vuraraq baxımlı qola imza atdı. Hesabda 1:0 önə keçdilər, ancaq yenə də üstünlük biz tərəfdə idi. Qol vurmaq üçün xeyli imkanımız var idi. Rəqib də əks-hücumlarda oynayırdı.

 

- Hesab edirsən ki, qol epizodunda qayda pozuntusu yox idi?

- Məncə, yox idi. Həmin epizoda yaxşı baxsınlar.

 

- Yəni baş hakim nəticəyə təsir edən səhvə yol verdi?

- Yox. Bu, səbəb deyil. Oldu da səhv. Qol imkanlarımız var idi, bunlardan yararlanmaq lazım idi.

 

- Sanki komanda kubokdakı kimi istəkli deyildi...

- Deməzdim. İstəkli olmasaydıq, bu qədər qol imkanı yaratmazdıq. Yenə də qələbəyə istəkli idik.

 

- Finala çıxandan sonra "Neftçi"ylə çempionat matçına köklənə bilməyəcəyiniz gözlənilən idi. Çünki Premyer Liqada motivasiyanız artıq qalmayıb...

- Motivasiya vardı. Gördünüz ki, nə qədər qol imkanları yaratdıq.

 

- Ancaq qol vura bilmədiniz. Hərçənd, həmin "Neftçi"yə kubokda bu stadionda 3 qol vurmuşdunuz...

- Səlahət Ağayev qapıda yaxşı oynadı. Kritik toplar çıxardı. "Neftçi" sonda tam müdafiəyə qapandı, qapalı futbol oynayırdı. Biz tərəfdən istək, yaxşı oyun var idi. Əsas budu. Bu oyunu yaddan çıxarmaq lazımdı. Qarşıda "Kəpəz"lə ev matçımız var. İnşallah, həmin oyunda qalib gələrik. Yavaş-yavaş formanı yığmaq lazımdı ki, finaladək lazımı formaya gələk. Bu oyunda səhvlərimizi təhlil edib gələn turlarda onlara yol verməyək. "Neftçi"ni təbrik edirəm. Onlar üçün bu xal daha çox lazım idi.

 

- Yəqin ki, keçmiş komandanı "Qarabağ"ı təbrik edərsən...

- Hə-hə, çempion oldular. Klub rəhbərliyi, baş məşqçi, futbolçuları, bütün kollektivi təbrik edirəm

 

- Bu dəfə çempion heyətdə olmadığına görə pis olmadın ki?

- Yox. Allaha şükür ki, qazandıqlarım olub. "Qarabağ"la 7-8 kubok götürmüşəm. İnşallah, "Qəbələ"ylə də bir kubok götürsəm, mənim üçün lap yaxşı olar.

 

- "Qəbələ" çempionatda artıq 5 turdu qalib gələ bilmir. Bunun nəticəsində 2-ci pillə də əldən gedə bilər. Bu təhlükəni hiss edirsinizmi?

- Düzdür, "Sumqayıt"la 3 xal fərqimiz var. Bu komandayla oyunumuz da var, özü də Sumqayıtda. Ancaq inanıram ki, bu həftə "Kəpəz"i udsaq, hər şey yoluna düşəcək.

 

- Finalda rəqibin heyətində qohumun Vaqif Cavadova rəqib olacaqsan. Dayıoğluyla həlledici matla bağlı danışmısınız? Bəlkə mərcə girmisiniz?

- Final haqda danışmaq tezdi. Bir aydan çox vaxt var. Həmin müddətə kimi nə olacağı bilinməz. Ona görə indidən "Keşlə"ylə final haqda danışmağın bir mənası yoxdu. Qarşıda çempionat oyunlarımız var ki, ona köklənməliyik. Turnir cədvəlində 2-ci yeri tutmaq lazımdı ki, Avropa Liqasına vəsiqəni qarantiya edək.

 

- "Keşlə"nin kapitanı, vaxtilə komanda yoldaşın Kamran Ağayev isə indidən finala toxunub. Əvvəla, o, həmin matçın Qəbələdən keçirilməsindən xəbəri olmadığını mediaya açıqlayıb. Səncə, bu nə dərəcədə ciddi açıqlamadı?

- Kamrandı da, qapıçıdı, fikir verməyin, olan şeydi. O, Azərbaycanda sevilən oyunçudu, sevilən uşaqdı. Yəqin, qalmaqal yaratmaq istəyib. Bilmirdi, xəbəri oldu da. Kamran nə desə, yeri var. Hər sözündə bir şey axtarmaq lazım deyil.

 

- Ağayev finalın Qəbələdə keçirlməsindən narazıdı. Deyir ki, oyun ya Naxçıvanda, ya da Lənkəranda olsun.

- Onu biz qərar vermirik ki, harda oynayacağıq, harda yox. Məkanla bağlı PFL qərar verir. Özü də qabaqcadan. Finala çıxmaya da bilərdik, "Neftçi" çıxa bilərdi. Yaxud "Keşlə" kənarda qala bilərdi. Nə fərqi var ki, orda oynadıq, yoxsa burda. Bizim üçün fərqi yoxdu.

Tarix: 23 Aprel 20:24    Oxunub: 571    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.