Pul-para boş şeydi, bu şəhər, bu klub, bu azarkeş sənindi!

“Sumqayıt”ın məğlubiyyətsiz oyunlar seriyası dünən, axşam saatlarında qırıldı. 


Premyer Liqada ardıcıl 11 matçda uduzmamışdılar. 24-cü turun “Qarabağ”la ev görüşündə 0:1 hesabı ilə yenildilər. 


Sonuncu dəfə 12-ci turda məğlub olmuşdular. 2017-ci il noyabrın 17-də Ağdam klubuna səfərdə 0:2 hesabı ilə uduzan sumqayıtlılar 156 gündən sonra meydanı xalsız tərk etdi.


Bu, həm də “Sumqayıt”ın Premyer Liqada 40-cı ev məğlubiyyəti idi. Öz meydanında 109 qarşılaşma keçirən komanda bu matçadək 39 dəfə uduzmuşdu.


Dünən məğlubiyyət «Sumqayıt»ın passivinə yazılmalı deyildi. Çempionat hayında olmayan «Qarabağ» yaddaqalan nəsə etmədi, qələbəyə can atmadı.

 

Bir cərimə zərbəsindən qol vurdular, bununla bitdi hər şey. Qurban Qurbanova əvvəlcədən desəydilər, bəlkə 1 xala da razılaşardılar.


«Sumqayıt» ilk dəqiqələrdən fəal idi. Dönüşü isə fasilədən sonra yarada bildilər. Rəşad Eyyubovla Cavid İmamverdiyevin meydana daxil olmasıyla. Onadək «Sumqayıt» canfəşanlıq edirdi, meydanın hər qarışı uğrunda mübarizə aparırdı, gəl ki, təhlükəli epizod yaratmağa çətinlik çəkirdi. İki lider oyuna qoşuldu, «Qarabağ» geri çəkildi. 


Samir Abasov öz ampluasında idi yenə. Mənim bir gözüm yenə ondaydı. Onu daha yaxından izləmək üçün ikinci hissəni «Sumqayıt»ın texniki zonasına yaxın yerdə keçirdim. O, Seymur Rəhimovdan betər, köməkçisi də ondan betər.

 

Bir dəqiqə dayanmaq yox, bir dəqiqə susmaq yox…

 

Daim oyunun içindədilər. Hər qaçan qol epizoduna necə təəssüfləndiklərini, üzüldüklərini, nə hisslər keçirdiklərini görmək az idi. Gərək həmin anın şahidi özün olasan.

 

Doğrudan da, futbol çox amansızdı. Bəzən layiq olduğunu ondan ala, geri istəyə bilmirsən. Təkid və tələb edirsən, çalışırsan, heç üzünə də baxmır.

 

Samir Abasovun oyundan sonra hakimlərə sərt reaksiyası bu mənada mənimçün qeyri-adi, təəccüblü olmadı. Mən ondan bunu gözləyirdim. Ömər Paşayev ev sahibi kimi «Sumqayıt»a simpatiyası heç 3-5 faiz də deyildi.
Amma o azarkeşin… 


Abasovun adı gah «Qəbələ», gah «Zirə» ilə yanaşı hallanır. 


Qətiyyən istəməzdim getsin «Sumqayıt»dan!


Qalmasını istərdim. Və bunu özünə də söylədim.


Bu şəhər, bu azarkeş səni sevir, Samir! Həyatdı bu. İstənilən məxluq pul da qazana, var-dövlət də toplaya bilər bu fani dünyada. Hörmət-izzət, sevgi qazanmaq isə hər yaradılışa nəsib olmur. 


Oyun bitmişdi. Sumqayıt əhli stadionu tərk etməyə tələsmirdi. Nəticə heyfsləndirmişdi hamını. Azından 1 xalın keyfini çıxarmaq ümidi ilə doldurmuşdular tribunanı, olmamışdı. Yəni ki, tək Abasov deyildi üzülən. 


«Qarabağ» və «Qəbələ» artıq avrokuboklardadı. Digər iki vəsiqədən biri «Sumqayıt»ın olmalıdı. Bu cür azarkeşə malik şəhər və klub o arenaya çıxmağı haqq edir. 


Görərdiz dünən neçə min sumqayıtlı stadiona daxil ola bilmədi. Oyunun başlamasından 1 saat əvvəl tribunalar artıq ağzınadək dolmuşdu. Çevik Polis Alayı fanat ordusunun önünü böyük güclüklə kəsdi. Futbol şəhəri bax belə olar!

 

O izdihamı, o ajiotajı, o məhəbbəti görüncə, Samir Abasova qibtə etdim. Hardan-hara gətirdi «Sumqayıt»… deyə.


İLKin

 

Tarix: 23 Aprel 17:24    Oxunub: 548    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.