Qardaşı Ruslan Abışovun adını öz oğluna verdi

Sportinfo.az xəbər verir ki, "Neftçi"nin kapitanı Ruslan Abışov evdə "Qəbələ"ni 1:0 hesabı ilə yendikləri Topaz Premyer Liqasının XXIV tur matçından sonra sualları cavablandırıb.

 

Bu qələbə sizə ilk növbədə psixoloji cəhətdən lazım idi. Çünki 3 gün öncə elə məhz rəqibə "Bakcell Arena"aa uduzaraq kubokdan kənarda qaldınız. İndisə uğurlu matç oldu. Nə dəyişdi bu 4 gündə?

- Heç nə dəyişmədi. Sadəcə, həmin kubok matçında arxayınlığa görə məğlub olduq. Erkən qol vurduq, bu da bizə mənfi təsir göstərdi. "Qəbələ" finala çıxmağı bizdən daha çox istəyirdi. Həm də ilk oyunda səfərdəki 2:1 hesablı qələbə də futbolçularda istər-istəməz rahatlıq yaratmışdı. Bugünkü matçda əlbəttə, revaş arzusuyla oynayırdıq. Üstəlik, dünənki qarşılaşmada "Zirə" xal itirmişdi. Çox yaxşı şansımız var idi ki, 4-cü pilləyə qalxaq. Şükürlər olsun ki, bu gün qələbə qazandıq və 4-cü yerə yüksəldik. Ancaq sona 30 dəqiqə qalmış bizim üçün daha ağır keçdi. Çünki qırmızı vərəqə alaraq 10 nəfərlə qaldıq. Ancaq şükür ki, qələbə hesabımızı sonadək qoruya bildik.

 

Qələbə topuna imza atdın. Bu qolu kimə həsr edirsən?

- Ailəmə. 4 gün əvvəl böyük qardaşım Sərxanın oğlu olmuşdu. Uşağa mənim adımı qoyublar. Vurduğum qolu balaca Ruslana həsr edirəm.

 

Bu xoş olay kubokdakı uğursuz matça təsadüf etdi...

- Bəli, məhz həmin gün idi.

 

Həmin gün sənin üçün təzadlı gün idi. Bir tərəfdən qardaşına görə sevinirdin, digər tərəfdən, öz uğursuz oyununa görə məyus olurdun...

- Bəli. Deyərdim ki, həmin gün mənim günüm deyildi. Məndə heç bir şey alınmadı. Bundan sonra sağ olsun klub rəhbərliyi, məşqçilər korpusu, bütün komanda yoldaşlarım, ailəm, dostlarım hamısı mənə dəstək oldu. Bunun nəticəsində əlbəttə, bugünkü matç tamam başqa motivasiya ilə çıxmışdım. Sözsüz ki, həmin uğursuz matçın bir təsadüf olduğunu sübuta yetirmək istəyirdim. Bu, hər bir futbolçunun başına gələn bir hadisədir. Futbol həyatında, karyeranda belə uğursuz qarşılaşmalar olur. Ancaq istəməzdim ki, bu, kubokda cavab yarımfinal matçında olsun. İstəyirdim ki, finalda çıxış edim. Ancaq çox istəməkdən həmin oyunda uğursuz çıxış etdim.

 

Avroliqada əsas rəqiblərinizdən olan "Sumqayıt" da bu turda uduzaraq 3 xal itirdi. Avropaya birbaşa vəsiqə verən 3-cü pilləyə yüksəlmək şansınızı necə dəyərləndirərdin?

- Açığı, o barədə hələ heç bir şey fikirləşmirik. Yalnız öz oyunlarımız haqda düşünürük. Qalan 4 turun hər birinə final kimi çıxacağıq ki, maksimum nəticə qazanaq. Rəqiblərimz xal itirəcək, qazanacaq, bunun bizə fərqi yoxdur. Əsas odur ki, biz qələbə qazanaq, öz xalımızı artıraq.

 

"Forza Neftçi" azarkeş qrupunu bu gün adət etdiyimiz sektorda görmədik. Halbuki, qələbə qazandığınız oyundan sonra hər dəfə qələbəni onlarla bölüşürsünüz. Bu imkandan məhrum olmaq sizə necə təsir göstərdi?

- Düzdür, onlarsız stadion çox soyuq görünürdü. Ancaq sağ olsun "Neftçi" azarkeşləri, bu gün də tribunalarda var idi. Onlar bizi bu gün dəstəklədilər. Stadiona gələn və öz azarkeşlərimizə təşəkkür edirəm. Onlar onsuz da hər zaman "Neftçi"ni sevirlər. İnanıram ki, qarşıdakı oyunlarda yenidən öz yerlərində olacaqlar.

 

Ola bilərmi ki, kubokdakı məğlubiyyətdən incik düşmüşdülər?

- Ola bilər. Çünki həmin oyunda doğrudan da çox yaxşı azarkeş dəstəyimiz var idi. Onları da başa düşürəm. Azarkeşlərimizi məyus etdik. Ancaq bu, futboldur. İnanıram ki. bu mövsümü ən azından medalçılar sırasında başa vuracağıq. "Neftçi" ən azı təsəlli olaraq mövsümü medalla başa vuracaq.

 

Emin Mahmudov çox sakit təbiətli futbolçudur. Ancaq qırmızı vərəqə aldığı epizodda çox aqressiv idi, onu meydandan güclə çıxardınız. Bir kapitan kimi bu epizodu necə dəyərləndirərdin?

- Əlbəttə, həmin epizoda Eminin heç bir aidiyyəti yox idi. Ancaq baş hakim artıq qırmızı vərəqəni vermişdi. Düzdür, Mahmudov çox hirslənmişdi. Günahı olmaya-olmaya onu meydandan çıxardılar. Doğrudan da yaxşı çıxış edirdi. Futboldur, normaldır belə hallar. Bu haqda AFFA-nın İntizam Komitəsi qərar çıxarar və Eminin 2-ci sarı vərəqəsi ləğv olunar. Bunun da nəticəsində Mahmudov qarşıdakı oyunda bizə kömək edər. Çünki o, bizim üçün çox vacib futbolçudu.

 

Bir epizodda isə baş məşqçiniz Tərlan Əhmədov hakim qərarına qarşı çox aqressiv oldu, sənə də kəskin formada irad bildirdi. Orda nə olmuşdu?

- Həmin standart vəziyyət zamanı rəqibin cərimə meydanına getmək istəyirdim. İçimdə hiss vardı ki, 2-ci qolu da vura bilərəm. Ancaq baş məşqçi müdafiədə qalmağımı tapşırdı.

Tarix: 23 Aprel 16:36    Oxunub: 430    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.