Tərlan Əhmədov “Neftçi” tarixində görünməmiş bir iş etdi

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunu “Neftçi” üçün nəticə baxımından uğursuz alındı.

 

Paytaxt klubu səfərdə keçirdiyi ilk oyunda 2:1 hesabı ilə məğlub etdiyi “Qəbələ”yə 1:3 hesabı ilə uduzdu və mübarizəni dayandırdı.

 

Lakin “Bakcell Arena”dakı qarşılaşma “ağ-qaralar” üçün bir sıra rekordlarla əlamətdar oldu. Uzun illər “Xalq komandası” adını daşıyan “Neftçi” tribunları az qala  yarıyadək doldurmaqla minlərlə azarkeşin ürəyində olduğunu bir daha təsdiqlədi.

 

Bu matçadək ardıcıl 8 oyun uduzmamaqla fanatlarını stadiona qaytaran bakılıların final uğrunda savaşını 6 min seyrci izlədi. Düzdü, bu rəqəm böyük ölçüdə demək deyil.

 

Lakin Azərbaycan stadionlarının daxili yarışlarda az qala boş, ən yaxşı halda yarıboş olduğunu nəzərə alsaq, “Neftçi” – “Qəbələ” qarşılaşmasını əsl istisna hesab etməliyik.

 

Turnirin mütləq rekordu
Bir oyunda 6 min tamaşaçının qeydə alınması Azərbaycan kubokunun 2017/18 mövsümü üçün mütləq rekorddu.

 

Öz meydanındakı tamaşaçı sayı finalda da dəyişməz qalacaq. Çünki qaydalara görə həlledici duel bir matçdan – neytral meydandakı görüşdən ibarət olacaq.

 

Hansısa komanda püşklə nominal meydan sahibi sayılsa da, final “Qəbələ”nin stadionunda keçirilsə belə, bu, hansısa komandanın ev oyununda çox azarkeş toplaması anlamına gəlməyəcək. Çünki rəsmən qarşılaşma neytral meydanda baş tutacaq.

 

“Neftçi”nin mövsüm üçün kubokdakı ev oyunları rekordu toxunulmaz qalacaq. Bunadək rekord eyni komandaların Qəbələdəki matçına məxsus idi. Yarımfinalın ilk oyunu indiki ilə müqayisədə iki dəfədən çox az – cəmi 2800 tamaşaçı ilə rekord vurmuşdu.

 

Gəncədən kənar rekord
Ümumiyyətlə isə 2017/18 mövsümünü nəzərə alsaq, bir matçı 6 min azarkeşin izləməsi 7-ci göstəricidir. Təbii ki, avrokubokları saymamaq şərtilə. Daxili arenada – çempionat və kubokda yalnız 6 dəfə daha çox seyrçiyə təsadüf olunub.

 

Bu matçların da hamısı “Kəpəz”in Gəncədəki Premyer Liqa qarşılaşmalarıdır. Bir sözlə, Gəncdəki matçları saymasaq, tək Bakı deyil, həm Qəbələ və Sumqayıtdakı görüşlərin hamısı azarkeş marağına görə “Neftçi” – “Qəbələ” qarşılaşmasının kölgəsində qalıb.

 

1200 nəfərlik artım
Mövsümün Gəncədən kənardakı rekordu o deməkdi ki, “Neftçi”nin ev matçlarında da bundan yüksək göstərici qeydə alınmayıb. “Ağ-qaralar” 2017/18 mövsümünün əvvəlki çempionat və kubok matçlarında ən yaxşı halda 4800 tamaşaçı toplamışdı. Bu, mövsümün ilk turunun Premyer Liqa matçında yaşanmışdı. “Qarabağ”la ev matçında bakılılar 4800 nəfər qarşısında oynamışdı. Bu dəfə “Bakcell Arena” daha çox – 1200 seyrçi artıq topladı.

 

İki ildi belə şey olmurdu
“Neftçi”nin ev matçında bu qədər tamaşaçı yığması təkcə kubok üçün qeyri-adi hal deyil. Belə ki, artıq iki ildi azarkeşləri “ağ-qaralar”a belə böyük dəstək vermirdi. Düzdü, ölkənin ən sadiq azarkeşlərindən sayılan xeyli sayda fanat ən ağır gündə belə Bakı klubun yanında idi. Amma onların sayı nəinki 6 min, heç min nəfəri keçmirdi.

 

Son illərdə avrokubok matçları istisna olmaqla daxili yarışlarda belə yarımanşlaq yaşanmırdı. “Ağ-qaralar”ın bu qədər və ya daha çox seyrçi önündə oynadığı son qarşılaşmadan 2 ildən artıq vaxt ötüb. 2015/16 mövsümünün sonunda “Qarabağ”la ev matçında tribunları 6500 seyrçi yığışmışdı. 2016-cı il aprelin 16-dakı matçdan sonra “Neftçi” tamaşaçı sarıdan korluq çəkirdi.

 

Lənkəranı xatırladan yarım anşlaq
Əslində, “Neftçi” – “Qəbələ” matçı təkcə “ağ-qaralar” üçün deyil, həm də Azərbaycan kuboku üçün gözlənilməz tamaşaçı sayı toplayıb. Düzdü, hər il konsertlə, böyük şou ilə müşayiət olunan finallar böyük auditoriya qarşısında baş tutur. Amma komandaların ev oyunlarında belə böyük fanat kütləsi çoxdandı yaşanmır.

 

Ölkə kuboku tarixinə baxsaq, 6 min və ya daha çox seyrçi sonuncu dəfə 2013/14 mövsümündə qeydə alınıb. 2014-cü il martın 19-da Lənkəran şəhər stadionunda 6 min 300 nəfər “Araz Naxçıvan”la matçı izləyirdi. Həmin Lənkəranda ki, hər mövsüm azarkeş sayında hamıya nümunə olurdu. O vaxtdan 4 il 1 aya yaxın idi belə hal yaşanmırdı. 

 

“Neftçi” tarixində yeni rekord
Kubok mövsümünün rekordu, Gəncədən kənarda cari mövsümün ən çox tamaşaçı toplayan oyunu, ölkə kubokunda son 4 ilin, “Neftçi”nin daxili yarışlarda son 2 ildə ən yüksək göstəricisi... Bütün bunlar bir matçda yarımfinalın “Neftçi” – “Qəbələ” görüşündə qeydə alınıb.

 

Lakin bu matçla bağlı bir məqam da var ki, onu çox az sayda futbolsevər bilir, bəlkə də heç kim bilmir. “Qəbələ”ylə qarşılaşma “ağ-qaralar”ın tarixinə düşüb. Paytaxt klubu Azərbaycan kuboku tarixində bu qədər tamaşaçı görməyib.

 

Bəli, 1992-ci ildən keçirilən yarışın yeganə daimi iştirakçısı 26 ildə heç vaxt ev oyununda 6 min və ya daha çox seyrçi yığmamışdı. “Neftçi” – “Qəbələ” görüşü bu mənada mütləq rekord vurdu. Bunadək kubokda 26 ildə 73 dəfə öz meydanında oyun keçirən “ağ-qaralar”ın rekordu 5 min tamaşaçı idi. Bu göstərici də 3 dəfə qeydə alınıb.

 

“Kəpəz”lə 1999/2000, “Bakılı” ilə 2003/04 mövsümlərinin yarımfinal qarşılaşmaları, həmçinin 2010/11 mövsümündə 1/4 finalın “Xəzər Lənkəran”la görüşü “Bakcell Arena”dakı görüşədək rekord sayılırdı. Lakin həmin rekord artıq keçmişdə qaldı.

 

Bunda azarkeşləri, onların inamını qaytarmağı bacaran Tərlan Əhmədov və komandasının da əməyi az deyil. Düzdü, bakılılar 4 illik titul həsrətinə son qoymaq şansını qaçırdı. Lakin “ağ-qaralar”ın nümayiş etdirdiyi oyun komandaya inanıb stadiona gələnlərə nikbinlik üçün yetərincə əsas verir.

 

SPORTİNFO.AZ

Tarix: 23 Aprel 14:00    Oxunub: 603    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.