"Dükanda işləmirik ki, kimsə kiməsə nəsə versin, nəyisə alsın"

Sportinfo.az xəbər verir ki, Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçında “Sumqayıt”la səfərdə 1:1 etməklə həlledici görüşə vəsiqə qazanan “Keşlə”nin sədri Zaur Axundov brifinq keçirib.

 

- Sevinc hissi keçiririk. Komandanın azarkeşlərini təbrik edirəm. Final matçına yüksək səviyyədə hazırlıq gedəcək. Lakin qarşıda çempionat oyunları da var. Şənbə günü Premyer Liqada “Zirə” ilə oyunumuz var. Həmin görüşə hazırlaşacağıq. Bir daha komandanın futbolçularını və azarkeşləri təbrik edirəm.

 

Baş məşqçiniz Yuri Maksimov bildirib ki, Azərbaycan Kubokunu qazansa belə, “Keşlə”də qalmayacaq. Bu barədə nə deyə bilərsiniz?

- Maksimov bir az emosional məşqçidir. Futbolçu kimi də bu cür olub. Gəlin, əvvəlcə mövsümü başa vuraq. Onunla müqaviləmiz mayın sonuna qədərdir. Müəyyən nəticələrdən sonra baş məşqçi ilə yenə söhbətimiz olacaq. Qərarı da ən birinci siz biləcəksiniz.

 

Əksər futbolçularınızın da klubla müqavilələrinin müddəti başa çatır. “Keşlə” avrokuboka vəsiqə qazanacağı halda, bu məsələ necə tənzimlənəcək?

- Əvvəldən danışmağı sevmirəm. Avrokuboka vəsiqə qazanmaq üçün qabaqda bir addım da var. Heç bir oyunçu bir yerdə daimi qalmır. Bu işin də öz üsulu, yolları var. Hazırda bu məsələni fikirləşmirik. Əsas odur ki, “Zirə” ilə qarşıdakı görüşə hazırlaşaq və çempionatı da yüksək səviyyədə bitirək. İlk yarıda müəyyən problemlərimiz oldu. Hazırda 7-ci pillədəyik. Mövsümü bu pillədə bitirmək istəmirik. İrəlidə bir neçə tur var. Ciddi şəkildə həmin qarşılaşmalara hazırlaşacağıq.

 

“Neftçi” və “Qəbələ” arasında yarımfinal mərhələsinin digər cavab görüşünü izləyəcəksiniz?

- Əlbəttə, maraqlı oyun olacaq. Həm “Neftçi”yə, həm də “Qəbələ”yə uğurlar arzu edirəm.

 

Yuri Maksimovun texniki zonadan qovulması barədə nə deyə bilərsiniz?

- Futboldu, belə şeylər olur.

 

Amma onun davranışı yolverilməzdir...

- Futbolda məşqçi də qovulur, oyunçu da. Təbii ki, sabah və ya birisi gün araşdıracağıq. Futbolda təbii haldır. Buna ciddi problem kimi baxmıram.

 

Maksimov deyib ki, klubun növbəti mövsüm üçün taleyinə də aydınlıq gəlməyib. Bu məsələyə də aydınlıq gətirərdiniz...

- “Keşlə” Azərbaycan Kubokunun finalına vəsiqə qazanıb. “Keşlə” olub, var və olacaq da.

 

Siz də emosionalsınız, Maksimov da. İki qoçun başı bir qazanda qaynayır?

- Belə deməzdim. İki qoçun başı bir qazanda qaynayır-filan. Bizdən də böyük emosional futbolçulardır. Biz onlara baxanda toya getməliyik.

 

AFFA-nın mükafat üçün “Keşlə”yə vəsait ayırmadığı, sizin öz cibinizdən verdiyiniz deyilir. Doğrudur?

- Xeyr, elə şey yoxdur. Əvvəlcə final qarşılaşmasıdı. Bundan sonra bu cür söhbətlərimizi edəcəyik.

 

Premyer Liqada ilk üç yeri “Qarabağ”, “Qəbələ” və “Sumqayıt”ın tutacağı, kubokun isə “Neftçi”yə veriləcəyi söylənilir. Bu cür söhbətlər sizi narahat etmir ki?

- Bu, boş cəfəngiyyatdır. Bunu danışmaq üçün mövzu belə saymıram. Bunu heç iki yaşında uşaq da danışmaz. Dükanda işləmirik ki, kimsə kiməsə nəsə versin, nəyisə alsın. Elə şey yoxdur. Azərbaycan futbolunda bu cür işlər olmayıb, bundan sonra da olacağına inanmıram. Məqsədimiz kuboku qazanıb Avropa Liqasında iştirak etməkdir.

 

Yəni ciddi qəbul etmirsiniz?

- Heç ciddiyə yaxın da qəbul etmirəm.

Tarix: 19 Aprel 17:12    Oxunub: 637    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.