"Formula 1" üçün Bakıda keçiriləcək əyləncə tədbirləri

 “Formula 1” üzrə Azərbaycan Qran Prisi çərçivəsində keçiriləcək əyləncə tədbirlərinin detalları müəyyənləşib.

 

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Sportinfo.az-a verilən məlumata görə, Dənizkənarı Bulvar boyunca uzanan “Formula 1” Azarkeşlərin Əyləncə Zonasında 26 - 29 apreldə yarışı izləməyə gələn avtoidman həvəskarlarına bir-birindən zövqlü yeni əyləncələr təqdim olunacaq.

 

Əyləncə tədbirləri aprelin 26-da saat 12:00-dan 21:00-dək, aprelin 27-28-də saat 10:00-dan 19:00-dək və aprelin 29-da saat 10:00-dan 14:00-dək keçiriləcək. Həmçinin musiqili əyləncə proqramı 27 - 29 apreldə axşam saatlarından başlayaraq Bakı Kristal Zalında bir-birinin ardınca səhnəyə çıxacaq dünya ulduzları və məşhur DJ-lərin möhtəşəm performansları ilə gec saatlaradək davam edəcək.

 

Dördgünlük bilet alan tamaşaçılar aprelin 26-da saat 14:00-dan 15:30-dək Pit Yolu Gəzintisində iştirak edə biləcəklər. Yürüş zamanı tamaşaçılar Pit Yoluna daxil olaraq F1 komandalarının qarajlarda bolidləri yarışa necə hazırladıqlarının şahidi olacaqlar. Pit Yolu Gəzintisi üçün giriş Formula 1 Azarkeş Zonasında yerləşən Abşeron tribunası tərəfdən olacaq.

 

Bundan başqa, “Formula 1” Azarkeş Zonasında builki Azərbaycan Qran Prisində mübarizə aparan bütün pilotların iştirakı ilə 27 - 29 apreldə saat 11:00-dan etibarən günün müxtəlif saatlarında avtoqraf sessiyaları keçiriləcək. Sessiyalar zamanı azarkeşlər sevdiyi pilotlarla üz-üzə görüşərək şəkil çəkdirə və avtoqraf ala biləcəklər. Tamaşaçıların sevimli pilotları ilə görüşü üçün məkana erkən gəlmələri tövsiyə olunur.

 

Bu il tamaşaçılar “Formula 1”in yeni pilotları ilə yanaşı, Bakı Şəhər Halqasını da daha yaxından tanımaq fürsətinə sahib olacaqlar. Aprelin 28-də Azarkeş Zonasında saat 15:30-dan 16:00-dək F1-in yeni pilotları ilə sual-cavab sessiyası keçiriləcək.

 

Həmçinin 26 - 28 apreldə yarış sessiyaları başa çatdıqdan sonra trek tamaşaçıların gəzintisi üçün açıq olacaq. Həmin müddət ərzində trek daxilində xüsusi avtobuslar da xidmət göstərəcək. Tamaşaçılar trekin müxtəlif yerlərindəki dayanacaqlarda enərək Bakı Şəhər Halqasının özünəməxsus xüsusiyyətləri ilə ətraflı tanış ola biləcəklər.

 

Ötən illərdəkindən fərqli olaraq, bu il tamaşaçıları salamlama mərasiminin açılışı Pilotların Paradından əvvəl baş tutacaq. Musiqili tamaşa formasında keçəcək mərasimin açılışından dərhal sonra pilotlar xüsusi nəqliyyat vasitəsilə Bakı Şəhər Halqasında dövrə vuraraq trek ətrafında olan tamaşaçıları salamlayacaqlar.

 

Bundan bir qədər sonra yarışa start verilməzdən əvvəl himn mərasimi keçiriləcək. Azərbaycan himni səsləndikdən sonra pilotlar qrid düzülüşündə yer alan bolidlərə yaxınlaşaraq yarış üçün son hazırlıqlarını görəcəklər. Yeni qaydaya əsasən, bu il qrid qızları olmayacaq və onların əvəzində pilotları yalnız himn mərasimində 7 - 10 yaşlı uşaqlar müşayiət edəcəklər.

 

Tamaşaçılar “Formula 1” Azarkeş Zonasında yerləşən Formula 1-ə və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə məxsus simulyatorlarda yarışmaq imkanı əldə edəcəklər. Bu yarışlarda ən sürətli nəticə göstərən tamaşaçıya dəyərli mükafatlar veriləcək. Bununla yanaşı, müxtəlif növ əyləncəli oyunlar, o cümlədən pit-stop yarışı da keçiriləcək.

 

Bütün bilet sahibləri 27 - 29 apreldə axşam saatlarından etibarən keçiriləcək konsert və əyləncə proqramlarında pulsuz iştirak edə biləcəklər. Aprelin 27-də əvvəlcə səhnəyə “Jamiroquai” qrupu çıxacaq və sonra onun ardınca gecə saatlarında DJ Afrojack-ın iştirakı ilə əyləncə proqramı baş tutacaq.

 

Aprelin 28-də bir-birinin ardınca səhnədə Kristina Agilera ilə Axwell Λ Ingrosso, aprelin 29-da isə Dua Lipa ilə Martin Solveyq yer alacaq. Həmçinin proqram aralarında verilən fasilələrdə yerli DJ-lər də səhnəyə çıxaraq tamaşaçılara əyləncə ilə dolu gecə təqdim edəcəklər. Əvvəlki illərdəkindən fərqli olaraq bu il dünya ulduzlarının konsert proqramları Bakı Kristal Zalında keçiriləcək. Tamaşaçıların konsert zonasına rahat gediş-gəlişini təmin etmək üçün Azneft dairəsi ilə Kristal Zal arasında xüsusi avtobuslar fəaliyyət göstərəcək.

 

Əyləncə zonaları boyunca səyyar məzhəkəçi-aktyorların tamaşaları yarışı izləməyə gələnlərin əhval-ruhiyyəsini yüksəldərək yarış həyəcanına əyləncə coşqusu qatacaq. Burada keçiriləcək səyyar tamaşalara sirk və balans şouları, pantomima aktyorları və ağacayaqların orijinal hərəkətləri, müxtəlif yerli DJ-lərin və müğənnilərin musiqili əyləncə proqramları, küçə rəqsləri, eləcə də digər maraqlı nömrələr daxildir.

 

Yarış həftəsonunun ən balaca qonaqları üçün xüsusi sürücülük məktəbi təşkil olunacaq. Burada uşaqlar yol hərəkəti qaydalarını əyləncəli və sərbəst mühitdə öyrənə biləcəklər. Bundan başqa, azyaşlı tamaşaçılar üçün dəbilqə formasında əyləncə mərkəzi fəaliyyət göstərəcək. Həmçinin uşaqlar müxtəlif interaktiv və maarifləndirici oyunlarda da iştirak edərək hərtərəfli şəkildə əylənə biləcəklər.

 

Dənizkənarı bulvar boyunca uzanan “Formula 1” Azarkeş Zonasının müxtəlif yerlərində tamaşaçılara şəkil və selfi çəkdirmək üçün fərqli arxafonlar, o cümlədən Azərbaycan Qran Prisinə aid podium və haştaqlar, “Formula 1” pilotlarının heykəlləri və onları təsvir edən maskotlar, divar və yerüstü rəsmlər, yarışların keçirildiyi treklərin sxemləri, milli ornamentli bolidlər və retro avtomobillər təqdim olunacaq. 

Tarix: 18 Aprel 00:10    Oxunub: 305    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.