Samir Abasovu özündən çıxaran incə məqam

Ölkə kubokunun ilk yarımfinal qarşılaşmasında Samir Abasov növbəti dəfə hakim qəzəbinə tuş gələrək texniki zonadan uzaqlaşdırıldı.

 

Sportinfo.az xəbər verir ki, “kimyaçılar”ın baş məşqçisi 2017/18 “futbol ili”ndə artıq ikinci dəfə belə halla üzləşir.

 

Samir bəy ilk dəfə premyer-liqanın 16-cı turu çərçivəsində “Neftçi”ylə keçirilən matçda “radara düşmüşdü”. Həmin qarşılaşmada Abasov hakimin qərarına sərt etiraz edib, topu nümayişkəranə şəkildə meydana vurmuşdu. Sonradan özü də mətbuata açıqlamasında səhvə yol verdiyini, daha səbirli davranmalı olduğunu etiraf etmişdi.

 

Ancaq görünür, Abasov çılğınlığından əl çəkə bilmir. 40 yaşlı mütəxəssis “Keşlə” ilə görüşdə də hisslərini cilovlaya bilmədiyindən və bir neçə dəfə texniki zona qaydalarını pozduğundan ən azı cavab qarşılaşmasını tribunadan izləmək məcburiyyətində qalacaq. 


Oyundan sonra təşkil olunan mətbuat konfransında yaşananlara münasibət bildirən Abasov hakimə etirazını bununla əsaslandırıb: “Keşlə”nin 6-7 futbolçusu sarə vərəqə limitində idi. Çox güman, məndən əvvəl referiyə bu haqda məlumat verilmişdi.

 

Bir-iki epizodda rəqib futbolçular bizimkiləri açıq çəkildə əllə tutub saxlasalar da, hakim vərəqə göstərmədi. Mənim narazılığım buna görə idi. “Niyə vərəqə vermirsiz” sualına görə məşqçini tribunaya göndərmirlər. Söyüş söymədim, təhqir etmədim, haqqımı tələb edirdim”.

 

Bəs görəsən, Abasov “Keşlə”nin 6-7 futbolçusu dedikdə kimləri nəzərdə tutur və həqiqətənmi həmin futbolçular srağagün keçirilən qarşılaşmada vərəqə almalıydılar?

 

Bu suallara cavab tapmaq üçün bir qədər geriyə qayıdıb, paytaxt təmsilçisinin ölkə kuboku çərçivəsində keçirdiyi matçlara diqqət yetirməyi lazım bildik.

 

Onu da qeyd edək ki, Əsasnaməyə görə premyer-liqadan fərqli, kubokda passivində 2 vərəqə olan oyunçu növbəti qarşılaşmanı buraxır.


1/8 finalda “Keşlə”nin rəqibi MOİK olub. Bir oyundan ibarət qarşılaşmada elita təmsilçisinin heyətində Pərdis Fərcad-Azadla Murad Qayalı qarşısında “sarı” görüb ki, ikincinin adı “Sumqayıt”la ilk dueldə iştirak ərizəsinə salınmayıb.

 

1/4 finalda paytaxt təmsilçisi “Kəpəz”lə üz-üzə gəlib. İki oyundan ibarət bu mərhələnin ilk qarşılamasında Tərlan Quliyev, Adrian Skarlatake, Slavik Alxasov, Fuad Bayramov və qışda “Zirə”yə üz tutan Mirsahib Abbasov görüşün baş hakimi Rauf Cabbarov tərəfindən sarı vərəqə ilə “mükafatlandırılıb”.

 

Gəncədə baş tutan cavab oyununda isə qonaqların heyətində Emil Əliyev hakimin qəzəbinə tuş gəlib ki, o da “kimyaçılar”la görüşdə heyətə salınmayıb (Futbol+). 


Kiçik araşdırmadan sonra məlum oldu ki, Samir bəy 6-7 futbolçu deyərkən Alxasov, Quliyev, Skarlatake, Bayramov və Pərdisi nəzərdə tutub. Adını çəkdiklərimizdən hansısa yarımfinalın ilk oyununda qarşısında vərəqə görsəydi, aprelin 18-də “Kapital Bank Arena”da keçiriləcək cavab qarşılaşmasını buraxmalı olacaqdı.

 

Təbii ki, bu da “Sumqayıt”ın işinə yarayacaqdı. Ancaq Rəhim Həsənov bu futbolçuların heç birini cəzalandırmadı. Abasovu özündən çıxaran da məhz bu məqam olub. Ancaq necə deyərlər, arzular başqadı, reallıq başqa. Samir bəy komandasının işini asanlaşdırmaq üçün bu incə məqamdan yapışıb, hakimə irad tuta, idarəçilikdən narazı qala bilər.

 

Lakin irad bildirmək üçün əldə əsas olmalıdı. Aprelin 12-də baş tutan oyuna baxdıqda Rəhim Həsənovun vərəqə limitində olan futbolçulardan yalnız Fuad Bayramova güzəşt etdiyini söyləmək mümkündü. O birilər isə vərəqəyə layiq qayda pozuntusuna yol vermədilər.

 

Bayramov yalnız ilk hissədə 3-4 dəfə meydanın mərkəzində cərimə etməklə yadda qaldı ki, bunun ikisində qonaq komandanın perspektivli hücumunun qarşısı alındı. Hakim Bayramova sarı vərəqə verməli idi.

 

Ancaq nədənsə Həsənov əlini cibinə atmadı. Belədə Yuri Maksimov cavab qarşılaşmasında da meydana optimal heyət çıxara biləcək. “Sumqayıt”ın çalışdırıcısı isə bir futbolçuya görə özünü “yandırmamalıydı”.

Tarix: 17 Aprel 10:48    Oxunub: 423    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Aprel 2018
23 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.