Sportinfo.az 17 yaşadək futbolçulardan ibarət millinin sabiq baş məşqçisi Mirbağır İsayevin müsahibəsini təqdim edir:
- U-17-dən ayrıldıqdan bəri işsizsiniz. Sevimli peşəni kənardan izləmək çətin deyil?
- Düzdü, hələ bir işim yoxdu. Bu bizim sənətimizdi. Əlbəttə ki, çox çətindi.
U-17-dən söz düşmüşkən, komandanın yoxlama görüşləri və beynəlxalq turnirdəki nəticələri heç də xoş gələcək vəd etmir. Problemin kökü, sizcə, nədədi?
- Problemi baş məşqçi Ramin Quliyev deyə bilər. Əlbəttə ki, uduzanda adam pis olur. UEFA İnkişaf turniri uşaqları yoxlamaq məqsədilə təşkil edilir. Mən 1998-ci illərlə işləyəndə UEFA-nın İnkişaf turnirinə əsas komandanı aparmamışdım. Beynəlxalq arenada sınamadığım uşaqları aparıb, onların arasında seçim etmişəm. Belə turnirdə hamıya şans vermək lazımdı.
Təkcə U-17 yox, digər yığmalarımız da bu il iştirak etdikləri oyunların çoxunda məğlub olublar...
- Mənim vaxtımda rəqiblərimizin heyətlərindəki futbolçuların klublarının adlarını çəksəm, kifayət edər. Bəs bizim uşaqlar harda oynayırlar? Onların çempionatı ilə bizim çempionatın səviyyəsi arasında böyük fərq var. Aşağı yaş qrupu üzrə çempionatlarımız ürəkaçan səviyyədə deyil.
Problem istedadlı futbolçunun olmamasında, yoxsa onları düzgün yetişdirməməkdədi?
- Azərbaycanda istedadlı oyunçu çoxdu. Kim deyirsə ki, ölkəmizdə yaxşı futbolçu olacaq uşaq yoxdu, o, bütün futbol ictimaiyyətini aldadır. Problem məşqçilərdədi.
Niyə məhz məşqçilərdə?
- İlk növbədə düzgün seleksiya aparmaq, o uşaqları tapmaq lazımdı. Heç vaxt futbolçuda problem görməmişəm. Məşqçi seçimdə udmalıdı. Bir də məşqçi odu ki, heç kimin haqqına girməsin.
“Qəbələ” akademiyasının komandaları çempionatlarda hegemonluq edirlər. Belə rəqabətsiz mühitdən necə güclü oyunçu çıxa bilər?
- 2002-ci illərin çempionatında “Qəbələ” 14 xal irəlidədi. Bundan sonrakı oyunlarda uduzsalar da, heç kim onlara çata bilməyəcək. Rəqabət yoxdu. Bütün klubların akademiyaları “Qəbələ” səviyyəsində olsaydı, daha güclü rəqabət gedərdi. Millinin heyətində UEFA İnkişaf turnirində 3 oyun keçirməklə iş bitmir. Uşaqlar hər ay beynəlxalq turnirə qatılmalıdılar. Rəqiblərin çoxu həm milli, həm də klub səviyyəsində beynəlxalq turnirlərdə iştirak edirlər. Mən ötən il U-17-də çalışanda, elə uşaq var idi ki, ilk dəfə xaricə yollanırdı. Amma heç kim deyə bilməz ki, o, futbolçu olmayacaq. Azərbaycanda hər zaman istedadlı uşaqlar olacaq. Sadəcə, onlarla düzgün iş aparılmalıdı. Diqqət yetirin, “Bakı”nın yetirmələri hələ də digər klublarda oynayırlar. Tavanı vururuq, döşəmə hələ qalır.
Yalnız “Qəbələ”nin aşağı yaş qruplarının müntəzəm olaraq, beynəlxalq turnirlərdə iştirakını müşahidə edirik. Tək əldən səs çıxarmı?
- Əksər uşaqların beynəlxalq oyun təcrübəsi sıfıra bərabərdi. Xarici ab-havaya uyğunlaşmaq mütləqdi. Avropada klublar artıq uşaq yaşlarından transfer edir, müqavilə bağlayırlar. Skautlar, menecerlər bizimkiləri yalnız millinin matçlarında görə bilirlər. Bu da kifayət deyil. Oyunların sayını artırmaq lazımdı.
Premyer Liqanın səviyyəsini də aşağı yaş qrupları üzrə çempionatlara bənzətmək olarmı?
- Hər şey göz qabağındadı. Burda da “Qarabağ” bütün komandalardan iki dəfə üstündü. Bu klub ardıcıl Avropa Liqasının qrupunda iştirak etdi və son olaraq Çempionlar Liqasında mübarizə apardı. Şəxsi ambisiyalar məni maraqlandırmır, nəticə göz qabağındadı. Artıq görürük ki, “Qəbələ” də xal itirə-itirə gedir. Komandada o yanğı, istək yoxdu. Bu gedişlə, “Qarabağ” da digər klubların səviyyəsinə düşəcək. Əvvəllər “Xəzər Lənkəran”, “Neftçi”, “Bakı”, “İnter” var idi. “Neftçi” indi 2-3 turdu “dirilib”. Həmçinin Ağasəlim Mircavadov, Kaxaber Sxadadze, Qyoko Haciyevski kimi məşqçilər var idi. Komandalar mövsüm ərzində bir-biriləri ilə azı 4 dəfə qarşılaşırlar. Məsələn, dünən “Zirə” – “Neftçi” matçına baxdım. Görüşün gedişində nə olacağını görürsən. “Qarabağ” isə “Kəpəz”lə oyunu gəzə-gəzə keçirdi və yenə də qalib gəldi. Halbuki istər “Neftçi”, istərsə də “Qarabağ” vaxtilə Gəncədən 1 xalla dönəndə sevinirdilər. Bu gün rəqabət olmasa, futbolçular da inkişafdan qalacaqlar. Neçə ildi eyni oyunçuların öz mövqelərində müntəzəm çıxış etdiklərini görürük. Arxalarından heç kim yetişməsə, onlar da arxayın oyunlarını keçirəcəklər.
Klublarda yaranmış maliyyə probleminin bu rəqabətsizlikdə rolu varmı?
- Düşünmürəm ki, pul sarıdan problem yaşanır. Hər klubun öz səviyyəsinə görə pulu var. Bu, bütün Avropada belədi. 8 komandanın 2-si çempionluq, 2-si kubok uğrunda mübarizə aparırsa, qalan 4-ü də oyunçu yetişdirməlidi. Hamısı əcnəbiləri yığmalı deyil. Yerli uşaqlara da üstünlük vermək lazımdı. Amma elə şərait yaradılmalıdı ki, bu uşaqlar pulu havayı almasınlar, əziyyət çəkib oyunları ilə qazansınlar.
Futbolçunun xarakterindən də çox şey asılıdı...
- Bu da məşqçinin işidi. Hər məşqçi komandasına özünə uyğun oyunçu gətirir. Yəni məşqçi necədisə, o cür də oyunçu seçir (apasport.az).