Söyün də, Tərlan Əhmədovu, niyə söymürsüz?!

«Neftçi» artıq liderlər qrupunun biraddımlığındadı.

 

«Qəbələ» bir ucdan itirir, «Sumqayıt» bir ucdan qazanır.

 

«Neftçi» yalnız onları narahat etmir, eyni zamanda, «Zirə»nin də nəfəsini kəsib. Dünənki oyundan sonra aralarındakı xal fərqi 1-ə enib.


Zirədə oyunu 3:0 aparan «Neftçi» 3 illik həsrətinə qovuşdu. ilk dəfə bir Premyer Liqa oyununda onlara qalib gəldilər. Bunadək ən yaxşı halda 1 xala sevinmişdilər. Ayxan Abbasovun ayağının altından yeri qaçıran oyunun gedişini izlədim. Qonaqlar 3 xala layiq tərəf idi, hiss olunurdu ki, Tərlan Əhmədov şeytanın bacağını sındırmağa qərarlıdı. 


Yoxdu da bu adamın gözündə qorxu-hürkü. Abbasovda bu, yalnız dildədi, Əhmədovda isə əməldə. Onları heç tərəziyə qoymaq, müqayisə etmək olar? Abbasov hələ bundan sonra bir əsr çalışmalıdı ki, baş məşqçi olsun. Quyuya su tökməklə deyil, gərək quyunun dibindən su sızsın.


Tərlan Əhmədov qış fasiləsində Antalyada neyləmişdi, özü bilər. Yada düşmür indi heç biri. «Neftçi» qazanır axı. Cümlə-cahan üstünə axışmışdı, asıb-kəsən kim, istefaya səsləyən kim, «qab»ında olmadığını iddia edən. Əlqərəz, meydanda tək qalmışdı.

 

Gəlin də, gəlin indi yenə üstünə! Niyə gəlmirsiz? Adam nə səhv etmişdisə, bunu özünə, şəxsinə qarşı etmişdi.

 

Ehtiyatsız davranmışdı, az qala Azərbaycanın yarısının Antalya küçələrində, otel və restoranlarında dolaşmasını gözardına almışdı.

 

O, başqa xətaya yol verməmişdi, bu sərgüzəştin komandaya mənfi təsiri də olmadı. İş ayrı, şəxsi həyat ayrı. Əhmədov iş baxımından Antalya toplanışını boşa xərcləməməsindən artıq hər kəsi əyan etdi.

 

Sezonun yeni ildən sonrkı 2,5 aylıq hissəsi göstərdi ki, əslində, hansı məşqçilər qış fasiləsində nə iş çevirib. «Zirə» də göz qabağındadı, «Qəbələ» də, «Qarabağ» da, «Sumqayıt» da.


«Neftçi» tamamilə özünə gəlməyib hələ. Yenə də tezdi bunu iddia etmək. Vaxtı qabaqlamayaq. Yəqin ki, Əhmədov da arxa keçməmiş «hop» deməyə tələsmir. Saç-saqqal ağardıb bu yolda, günü qurtarmaqla sezonu qurtarmağın fərqini bilməmiş olmaz.


Amma fakt odu ki, «Neftçi» ötənilki «Neftçi» deyil. Heç ötən aydakı «Neftçi» də deyil. Özünəinam bərpa olunub, çıxışdadı.

 

Yüksəliş mərhələsini keçiblər. Üçüncü dövrənin ən çox xal toplayan ikinci komandasıdı «Neftçi».

 

Final mərhələsinin ilk 2 oyunundan da 4 xal toplayıblar. Məşqçi əli var burda. O əl ki Antalyada qırmanclanırdı, istefa ərizəsi yazmağa məcbur edilirdi, təhqirlə bulaşdırılmış tənqidə məruz qalırdı… 


Xəzər Hikmət

Tarix: 16 Aprel 14:48    Oxunub: 664    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 Aprel 2018
25 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.