“Zirə” rəhbərliyinin növbəti səhvi – Azarkeşi yox, Ayxan Abbasovu qovmaq lazım idi

Dünən “Neftçi” ilə qarşılaşan “Zirə” oyunu baş məşqçisiz bitirdi.

 

Qarşılaşmanın sonlarında yerli azarkeşlərin Ayxan Abbasovu istefaya səsləməsi onun sərt reaksiyası ilə nəticələndi.


Texniki zonadakı su qablarını təpikləyən Abbasovun hərəkəti hakimlərin diqqətindən yayınmadı. Ordan uzaqlaşdırılaran baş məşqçiyə azarkeşlərin etirazı davam edib.


Yerli fanatlar “Ayxan, rədd ol, get!” şüarı səsləndirdilər. Yalnız oyunçuların müdaxiləsindən sonra onları sakitləşdirmək mümkün oldu.


Maraqlıdı ki, zirəli azarkeşlər ikinci qolunu vuran “Neftçi”ni alqışladılar. Ardınca isə klub rəhbərliyinin istəyi ilə polislər həmin fanatları tribunadan uzaqlaşdırdı.


Heç nə təsadüf deyil. «Zirə»nin 2018-ci ilin geridə qalan 9 turunda qələbə qazana bilməməsi də, tərəfdarların Abbasovu istefaya səsləməsi də, VİP-də əyləşənlərin sıravi fanları stadionun qapısından bayıra atdırması da.

 

Bunlar olmalıydı və oldu. Niyə təəccüblənirsiz, aylar öncədən belə bir şeylərin gözlənildiyini, Abbasovun komandanı açıq dənizdə suyun dibinə batıracağını yazmırdıqmı? Barmağımız qabar bağladı, amma «Zirə» rəhbərliyi özünü o yerə qoymadı, faktı görməzdən gəldi.

 

Belə deyək də, gedişatı ölçüb-biçmədi, ciddiyə almadı.  Onlara görə, avrokuboklara vəsiqə qazanmaq su içmək kimi bir zaddı, «ol» desələr, olacaqmış…


Futbolun bir də tərs üzü var. Şans/öəxt həmişə gətirmir. «Zirə»liləri ilk 2 sezon aldatdı. Rəqabətsiz çempionata yeni nəfəs gətirən kimi sandılar ki, dünya artıq bunlarındı, işlər həmişə istədikləri kimi gedəcək.

 

Onda Rəşad Sadıqov da vardı, vaxtı az deyildi, məşqçilərlə, futbolçularla maraqlanmağa, diqqətdə saxlamağa, tədbir almağa zaman tapırdı.

 

Nə qədər ki, başı ayıq idi, «Zirə»ni nizamdan çıxmağa qoymurdu. Bu gün isə Sadıqovun özü saatın əqrəblərini satın almağa hazırdı ki, ondan istədiyi qədər möhlət götürə bilsin. İşi başından aşır, 50 yerə bölünür. İnsan bir əlində neçə qarpız tuta bilər axı7

 

Sadıqov min dərdin dalısınca qaçır indi, odu ki, «Zirə»nin problemlərini müzakirə etməyi gecənin bir vaxtına, hansısa restoranın dar guşəsinə salır. Belə də komandanın başını və ayağını bir yerə yığmaq nə dərəcədə mümkündü, görürük. 


Zirə camaatı futbolu bilir. Çox həssasdılar. Heç nəyi gözdən qaçırmırlar. Bu qəsəbədə «x» bir məşqçinin baş çıxarması üçün mütləq surətdə işini bilməsi lazımdı. Necə ki, o vaxtlar hər sinəsinə döyən, «mən ustadam» deyən müğənni Bakı kəndlərinə ayaq basmağa qorxurdu. Çünki muğam oxuduğu yerdə tez-tez onu saxlayıb, səhvlərini tuta bilərdilər. Bura məktəbdi, dərsinə yaxşı hazırlaşmayan tələbənin yüksək qiymət alması qeyri-realdı.


Abbasov «Zirə»ni 1-2 ayın içində rəzil vəziyyətə salmayıb. Bunun əvvəli ötən yaya, «Differdanj»ı Avropa Liqasının ilkin mərhələsindən uzaqlaşdırandan sonrakı həftələrə təsadüf edir. «Astra» ilə səfər qarşılaşmasından üzü bu yana düşərgədə qarışıqlıqdı, futbolçularla məşqçi korpusu arasında soyuq küləklər əsir. Nizam-intizamı yerlə sürünən bir kollektivin bugünlərə qalması qaçılmaz idi.

 

Ona təəssüf edirəm ki, Abbasov üzərinə düşəni etmədi, vaxtında istefaya getmədi. Rəhbərliyin fikri isə ötən günlərdə qaldı, gərəkən məqamda «qan dəyişikliyi» etmək istəmədi. Bu, risk deyildi, təcili, verilməsi vacib qərar idi. O anı qaçırdılar. 


Azarkeşi tribunadan yox, baş məşqçini texniki zonadan uzaqlaşdırmalıydılar. Görünür, özünü «futbol adamı» adlandıran Natiq İsmayılov və ələkçinin qıl verənləri futbolu elə Ayxanın səviyyəsində bilirlər. Ziyanın yarısından qayıtmadılar, indi isə gecdi.


MUSA

Tarix: 16 Aprel 12:24    Oxunub: 507    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 Aprel 2018
25 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.