"Tüklərim biz-biz oldu, qazanmaq üçün hər şey edəcəm"

“Qəbələ” Topaz Premyer Liqasında növbəti oyununu keçirib.
 
“Qırmızı-qaralar” XXIII turun matçında “Səbail”lə görüşüb.
 
Qarşılaşma Qəbələ şəhər stadionunda baş tutub. Baş məşqçi Roman Qriqorçuk üç gün öncə “Neftçi”yə qarşı keçirilən kubok oyunu ilə müqayisədə start heyətində 5 dəyişiklik edib.
 
Belə ki, Qismət Alıyev, Asif Məmmədov, Cavid Hüseynov, Təmkin Xəlilzadə və Famussa Kone ilk “11-lik”dən kənar qalıb. Əvəzində Elvin Camalov, Rasim Ramaldanov, Omar Malone, İlqar Qurbanov və Yusif Nəbiyev ilk dəqiqələrdən meydana çıxıb.
 
Azarkeşlər oyunun ilk dəqiqələrindən qarşılıqlı hücumlara şahid olublar. “Qırmızı-qaralar” təşəbbüsü ələ almağa çalışsa da, qonaqların istəklə mübarizə aparması buna imkan verməyib. Yetərincə fəal təsir bağışlayan Bakı klubu ilk yarıda bir neçə dəfə qapı istiqamətində yaddaqalan zərbə endirməyə də müvəffəq olub.
 
“Səbail”in futbolçularının çərçivəni dəqiq nişan aldığı epizodlarda isə Aqil Məmmədov çətinlik çəkmədən topa yiyələnib. Daha çox sol cinahla hücumlar təşkil edən “qırmızı-qaralar” isə fasiləyədək rəqib qapıçıya gərginlik yaşada bilməyib. Komandamızın ən yaddaqalan hücumu Filip Ozobiçin yaxın məsafədən qeyri-dəqiq cərimə zərbəsi olub.
 
Fasilədən sonra Famussa Kone və Qismət Alıyevi meydana buraxan Qriqorçuk oyunun axarını dəyişə bilib. İkinci hissənin ilk dəqiqələrindən üstünlüyü ələ alan “qırmızı-qaralar” ardıcıl hücumlar təşkil edib. Lakin hesabı təhlükəli əks-hücumlar quran qonaqlar açıb. Vüqar Nadirovun soldan qapıya paralel ötürməsini Fəhmin Muradbəyli tamamlayıb – 0:1.
 
Bu qoldan 1 dəqiqə sonra Faruk Miya hesabı artırmağa yaxın olub. Cərimə meydanı daxilində əlverişli imkan əldə edən legioner şansdan yararlanmayıb. Hesabda tarazlıq yaratmağa çalışan “Qəbələ”nin hücumları daha yaddaqalan olub. Bakılıların qapıçısı Elxan Əhmədov ardıcıl 4-5 epizodda komandasını qoldan xilas edib.
 
O, öncə Ruslan Qurbanovun, ardınca Famussa Konenin yaxın məsafədən zərbələrini dəf etməklə yanaşı, digər epizodlarda da inamlı oynayıb. “Qırmızı-qaralar”ın fəallığı öz bəhrəsini verib. İlqar Qurbanovun sağ cinahdan qapı önünə ötürməsini Famussa Kone dəqiq zərbə ilə tamamlayıb – 1:1.
 
Bu, futbolçunun “qırmızı-qaralar”ın heyətində 7-ci qolu olub. Qoldan sonra da rəqib qapısına həmlələri davam etdirən “Qəbələ” daha bir neçə təhlükəli vəziyyət yaradıb. Filip Ozobiçin bir dəfə başla, bir dəfə ayaqla qapı istiqamətində endirdiyi zərbələr yaddaqalan olsa da, hesab dəyişməyib.
 
Beləliklə, Topaz Premyer Liqasında ardıcıl 4-cü oyunda 1:1 hesablı heç-heçəyə imza atıb. “Səbail”ədək “Keşlə”, “Sumqayıt” və “Zirə” ilə matçlarda da qollu sülh qeydə alınmışdı.
 

Roman Qriqorçuk: “Əlbəttə, xal itirməyimiz çox pis oldu. Ancaq belə vəziyyətdə də yaxşı şeylər axtarmaq lazımdı. Yaxşı odu ki, ikinci 45 dəqiqədə öz oyunumuzu oynadıq. Bunu görərək tam əminəm ki, belə oynasaq, finala keçə bilərik.

 

İlk hissədə niyə belə yaxşı oynamadıq? Analiz var və bunu futbolçulara deyəcəyik. Oyana bildik, aqressiv, sürətli oynadıq. İndi vacib olan təhlil yox, ikinci hissədə meydanda olanlardı. Bu, mənim üçün vacibdi və ümidləndirir.

 

Son oyunlarda, belə demək olar ki, komandada qələbə ruhu ölüb. Biz bunu görürük və buna qarşı mübarizə aparırıq. Buna nail olmağın çətin olduğunu başa düşürük. Futbolçuları dəstəkləyirik. Əsas odu ki, futbolçular toparlana bildilər və oyunlarıyla finala çıxmaq ümidi verdilər.

 

"Neftçi"ylə cavab qarşılaşmasında azarkeşlər bizdən qələbə gözləyir. Tüklərim biz-biz oldu, Məni xoş xatirələrə apardınız. Mənim üçün finala çıxmaq vacibdi. Bunun üçün hər şey edəcəm. 

 

Ən vacibi odu ki, komanda ayıla bildi və ikinci hissədə aqressiv, sürətli, kəsərli oyun göstərdi. Bu da məni ümidləndirir. Komandada qələbə əzminin azalması ilə mübarizə aparır, bir-birimizə dəstək oluruq.

 

Bu matçda çətin vəziyyətdə, hesabda geri olanda qarşılaşmanın axarını dəyişməyimiz bizə inam verir ki, əvvəlki kimi oynayacağıq. “Neftçi” ilə qarşıdakı yarımfinal oyununda finala vəsiqə qazanmaq, kuboku əldə etmək üçün hər şeyə hazıram. Azarkeşlər, bizə inananlar üçün mümkün olanı edəcəyik”.

 

“Qəbələ” – “Səbail” 1:1

Qəbələ şəhər stadionu, 250 tamaşaçı  

Baş hakim: Əliyar Ağayev

Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Cəmil Quliyev          

Dördüncü hakim: Ziya Nəsirov 

AFFA nümayəndəsi: Rauf Hüseynli   

Hakim-inspektor: Əhmədağa Cabbarov 

Sarı vərəqələr: Rasim Ramaldanov, 27 (qeyri-idman hərəkəti); Elvin Camalov, 61 (qeyri-idman hərəkəti); Famussa Kone, 84 (hakimi aldatmağa cəhd); Qismət Alıyev, 90+4 (qeyri-idman hərəkəti) // Tamazi Tsetsxladze, 20 (qeyri-idman hərəkəti) 

Qollar:  Famussa Kone, 82 // Fəhmin Muradbəyli, 55

Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 4 dəq.

 

“Qəbələ” 
 
23. Aqil Məmmədov
 
3. Voislav Stankoviç
 
4. Elvin Camalov
 
(6. Elvin Məmmədov, 77)
 
5. Rasim Ramaldanov
 
10. Ruslan Qurbanov
 
16. Omar Malone
 
(45. Famussa Kone, 46)
 
18. İlqar Qurbanov
 
19. Filip Ozobiç
 
28. Stiven Monroz
 
34. Urfan Abbasov (k)
 
74. Yusif Nəbiyev
 
(8. Qismət Alıyev, 46) 
Ehtiyat oyunçular:
35. Murad Popov
 
66. Sərxan Osmanov
 
14. Cavid Hüseynov
 
29. Hacıağa Hacıyev
 
32. Amin Seydiyev
 
33. Təmkin Xəlilzadə
Baş məşqçi: Roman Qriqorçuk
 
“Səbail”
 
25. Elxan Əhmədov
 
3. Tamazi Tsetsxladze
 
4. Rahil Məmmədov
 
5. Kərim Diniyev
 
7. Fəhmin Muradbəyli
 
(18. Aqşin Qurbanlı, 72)
 
13. Faruk Miya
 
(6. Murad Ağayev, 90+2)
 
15. Nikoloz Apakidze
 
17. Vüqar Nadirov (k)
 
23. Ayron Stati
 
24. Ruslan Əmircanov
 
29. Yevgeni Koçuk
 
(11. Elman Taqayev, 88)
Ehtiyat oyunçular:
 
1. Emil Balayev 
 
10. Nurlan Novruzov
 
20. Eltun Yaqublu
 
26. Kamal Qurbanov
 
88. Orxan Qurbanlı
 
98. Kamran Əliyev
Baş məşqçi: Samir Əliyev
Tarix: 16 Aprel 10:12    Oxunub: 326    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 İyul 2018
16 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.