"Neftçi"nin "qara zolaq"dan yaxa qurtarmaq ümidləri görünməkdədi

Qış fasiləsindən sonra "Neftçi" qazandığı xallarla 3-cü dövrənin liderlərindəndir.

 

Hiss olunur ki, klub/komanda yavaş-yavaş özünə gəlməkdədir... 

 

Nə baş verib? Büdcəmi artıb, qışda transfer olunan legionerlərmi komandanı arxasınca aparır?! Bunların heç biri baş verməyib. Əksinə, gətirilən futbolçular ehtiyatda oturmaqla xərclənən vəsaiti havaya, ciblərinə sovurur.

 

Belə olan halda irəliləyişin səbəb(lər)i nədir? 

 

Məşhur kəşfiyyat qurumlarında ictimaiyyəti aldatmaq, yönəltmək məqsədilə ardıcıl addımlar atılır. Şaiyə, ictimai fikirin formalaşdırılması və sonda bunların sintezi. Təbliğat mexanizmi "uğur"la aparılandan sonra
məqsədli şəkildə qeyd olunanlar beyinlərə yeridilir, istəklərinə nail olurlar... 

 

"Neftçi" son 3-4 ildə bu nəzəriyyəni praktikada həyata keçirməklə idarə olunub. Futbol, nəticə düşünülmədən ictimaiyyət, azarkeşlər yönləndirilib, dəyişən rəhbərlik ardıcıllıqla bu siyasəti yürüdüb...

 

Müəyyən mənada istədiklərinə çatıblar. Daha doğrusu çatmışdılar. Vəziyyət o həddə idı ki, əksəriyyət haqq sözü deyənlərə qulaq asmır, klubla bağlı daxildən məqsədli yayılan dezinformasiyalara inanırdılar...

 

"Plan"larının üzə çıxmaması üçün qarayaxma kompaniyası da vüsət almışdı. "Neftçi" adına doğru olanları deyənlər bir çoxlarının gözündə düşmən obrazında idilər. Hətta klubun azarkeşləri arasında vəziyyət qarşıdurma həddinə çatmışdı. Bir tərəfdə rəhbər "idarəçi kəşfiyyatçı"lara aldananlar, inananlar, onlara dəstək verənlər, digər tərəfdə isə real duruma qiymət verənlər... 

 

Təəssüf ki, birincilər çoxluq təşkil edirdi. Meydanda qalib ola bilməsələr də yuxarıda qeyd olunan və millətə sırınan informasiya "müharibə"sində özləri üçün müvvəqqəti qələbələr qazana bilirdilər. Beləcə "Neftçi"ni çökdürərək illəri bir-birinə caladılar, tarixi klub autsayder durumuna salındı...

 

Yanılmışdılar. Sadiq "Neftçi" azarkeşlərinin sonda ağı qaradan ayırmasını bilmirdilər. Heç nədən çəkinmədən fikirlərini bildirən jurnalistlərin, az sayda mütəxəssislərin davamlı təhlillərini, haqlı təzyiqlərini gözləmirdilər.

 

Gözləmirdilər ki, "Neftçi" sıradan bir klub deyil. Sonda "Neftçi"ni əzənlərin özləri əziləcək. Elə də oldu...
İndi isə yoxa çıxıblar. Nə səsləri gəlir, nə də soraqları. Futbolda təsadüfi, bacarıqsız insanların aqibəti belədir. Gec-tez məğlubiyyətə məhkumdular. Məğlub olsalar da itirəsi bir şeyləri yoxdur. İtirən "Neftçi" oldu, zərbə futbola dəydi...

 

Bu proses daha tez başa çata bilər, bilərdi.

 

Əgər çoxluq şaiyələrə, dezinformasiya şəbəkəsinə inanmasaydı. Sadə azarkeşləri, ictimaiyyəti qınamaq da doğru olmaz. "Neftçi"nin illərdi çörəyini yemiş veteranlar, məşqçi, orta, gənc nəsil futbolçuların böyük əksəriyyətinin susduğu halda "şəbəkə"nin bu qədər beyinlərə dərin işləməsi təbiidir.

 

Bu günlərdə "Olimpiakos"un prezidenti komandasını 3-cü yerdə ola-ola böyük məbləğdə cərimələyib. Çünki, öz ölkəsində böyük klubdur. Böyük klublar üçün isə 3-cülük də qəbulolunmazdır. 

 

Dəfələrlə bildirmişəm, rəqabətsiz, zəif çempionatda "Neftçi"nin adı artıq minimum 3-cü yer deməkdir. Bacarıqlı rəhbərlik, məşqçi, futbolçularla qalır çempionluq, kubokları qazanmaqla azarkeşləri sevindirmək... "Neftçi"nin "qara zolaq"dan yaxa qurtarmaq ümidləri görünməkdədir. Təfəkkürdə "Neftçi"in çempionatdakı qələbələri sıradan bir nəticələr olmalıdır. Çempionluqlar, kuboklar, qrupların qazanılması üçün hər kəs son illərdəki uğursuzluqlardan dərs almalıdır. 

 

Çətindir. Tək futbolda deyil, ümumi ictimaiyyətdə dərin təhlillərdən, doğru fikirlərdən daha çox şaiyə, qarayaxma, üzdən yanaşma, tez aldanma meylləri üstünlük təşkil edir. Belə durumda "Neftçi"nin "ağ-qara" rəngləri kimi ağı qaradan ayırd etmək çoxları üçün heç də asan deyil. Gələcəkdə yenidən məqsədli futbol "şəbəkə"si təsiri altında "qara zolağa" düşməmək üçün ağ, doğru yolun seçilməsi mütləqdir. Qaranlıq tuneldən bacarıqla çıxıb yenidən çempionluq, günəşli qrup yollarının gedilməsi üçün...

 

"Neftçi"nin istənilən şəraiti var. Yetər ki, doğru işlər görülsün.

 

Uğurun təməli getdiyin yolu bilməyindədi!

 

Tahir Süleymanov

Tarix: 15 Aprel 14:38    Oxunub: 478    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 Aprel 2018
25 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.