Yeni klub rəsmisi: "Sumqayıt”ın bölüşdürülməsindən söhbət gedə bilməz”

PFL-in Texniki Departamentinin rəhbrəi Zamiq Hüseynovun fəaliyyətini “Sumqayıt”da davam etdirəcəyini ötən saylarımızın birində xəbər vermişdik.

 

Hüseynovun Ceyhun Sultanovun boşaltdığı baş menecer postuna təyinat aldığı bildirilsə də, əslində o “kimyaçılar”ın idman direktoru vəzifəsini icra edəcək.

 

Zamiq bəylə yeni posta təyinat aldığı gün görüşüb söhbətləşmək istəyirdik. Ancaq o hələ yeni işində “bismillah” etmədiyini söyləyib, görüşün bir qədər ertələnməsini istəmişdi.

 

Nəhayət, srağagün “gənclik şəhəri” təmsilçisinin yeni idman direktoru ilə iş otağında görüşə bildik. Hüseynov vaxtının az olduğunu, iclasa tələsdiyini bildirsə də, bəzi suallarımızı cabavladı.


Belə həssas məqamda “Sumqayıt”ın idman direktoru təyin olunduz. Yəqin ki, hansı məsuliyyətin altına girdiyinizi başa düşürsüz. Mövsümün sonunda komanda qarşıya qoyulan məqsədə çatmasa, günahkarlardan biri də siz ola bilərsiz.
- Təbii ki, qərar vermək bir qədər çətin oldu. Mənim kollektivə necə bağlı bir insan olduğumu çox yaxşı bilirsən. Xarakter olaraq da həyatımda kardinal dəyişikliklər etməyi sevməyən biriyəm. Sadəcə, təklif gələndən sonra Muxtar Babayevlə danışıb, Ramin Musayevlə halallaşdıqdan sonra qərarımı verdim. Hamı mənə uğurlar arzulayıb, lazımi köməyi edəcəyini bildirdi. Özünə yaxın insanlardan belə dəstək görmək çox xoşdu. Təyinatımdan sonra klub prezidenti Riad Rəfiyevlə də görüşüb gələcək planlar ətrafında fikir mübadiləsi aparmışıq.
 

Müasir futbolda idman direktoru klubun döyünən ürəyi sayılır. Əsas komanda ilə yanaşı, əvəzedici heyətin və akademiyanın da məsuliyyəti sizin boynunuzda olacaq. Belə gərgin iş qrafikində çalışmaq çətin olmayacaq?
- Futbolda ilk addımı AFFA-da atmışam. İki il orda, 10 il PFL-də işləmişəm. Orda çalışarkən belə, həmişə ürəyimdə klubda işləmək istəyi olub. Sabiq iş yoldaşım Aslan Şahgəldiyev həmişə klubda çalışmağın maraqlı olduğunu söyləyirdi. Bildiyiniz kimi, Aslanın “Karvan”da iş təcrübəsi var. Onun danışdıqlarını həmişə maraqla dinləmişəm və şüuraltı mənə də bu sahə maraqlı olub. Bununla yanaşı, onu da deyim ki, mən işdən, məsuliyyətdən qorxan adam deyiləm. İş olan yerdə səhv də olur, heç kim bundan “sığortalanmayıb”. Ancaq çalımaq lazımdı ki, bu səhvin miqyası böyük olmasın. Xırda-para çatışmazlıqları aradan qaldırmaq mümkündü. Əlbəttə, indiki vaxtda hansı məsuliyyətin altına girdiyimi yaxşı başa düşürəm. İnşallah, hər şey yaxşı olar.
 

Bu gün sumqayıtlı azarkeşlər komandadan Avropa Liqasına vəsiqə gözləyir. Klubda yeni olmağınıza baxmayaraq, sizin fikrinizi bilmək istəyirik. Necə düşünürsüz, Samir Abasovun komandası bu işin öhdəsindən gələcək?
- “Sumqayıt”da yeni olsam da, klubun yaranması gözümün qarşısında olub. Hətta bəzi sənədləşmə işlərində o vaxt yardımçı da olmuşam. İndi bu suala cavab vermək çətindi. Hər şeyi zaman göstərəcək.
 

İctimaiyyət arasında belə fikir formalaşıb ki, komandanın uğurlu çıxışı böyük qüvvələrin “Sumqayıt”a marağını artırıb və “kimyaçılar”ın bölüşdürülməsi kampaniyasına start verilib. Klub prezidenti Riad Rəfiyev AFFA-nın, siz isə PFL-in kadrı sayılırsız. Bu məsələyə də münasibət bildirərdiz...
- Bu heç də belə deyil. Mən Riad müəllimlə bəlkə də 5 ildən artıqdı tanışam. Həftədə bir-iki dəfə onunla görüşmüşük. O “Yuventus”, mən “Barselona” azarkeşi olduğumdan tez-tez bu iki komandanın çıxışı barədə danışırdıq. Yeri gəlmişkən, “Barselona”nın “Roma”ya məğlubiyyətindən sonra gecə yata bilməmişəm. Məni tanıyanlar bilir ki, necə azarkeşəm. Haşiyə çıxaraq onu da bildirim ki, “Barselona” hər dəfə uduzanda assosiasiyada rəhbərlikdən tutmuş, sıravi işçiyə qədər hamı mənə zəng vurub başsağlığı verir. O da gəncdi, yaşım 35 olsa da, məni də qoca saymaq olmaz. Söhbətimizin əvvəlində qeyd etdiyim kimi, müəyyən planlarımız var, çalışacağıq onları həyata keçirək. Biz də istəyirik ki, rəhbərliyində təmsil olunduğumuz “Sumqayıt” daha yüksək pillələrə yüksəlsin. “Bölüşdürmə” ilə bağlı qəzetinizdə gedən yazını oxuyanda, görəndə ki onun altında sənin imzan var, açığı, bir qədər şok oldum. Bir-birimizi az-çox tanıyırıq, səmimiliymə də yəqin ki, inanırsan. “Sumqayıt”ın bölüşdürülməsindən söhbət gedə bilməz. Hamımız futbolun inkişafına çalışırıq.
 

Klubun uşaq futboluna nəzarət də sizin kurasiyanızdadı. “Sumqayıt”ın Futbol Akademiyasının nəticələri ilə tanış olub, kollektivlə görüşmüsüz?
- Hələ ki akademiyada çalışan məşqçilərlə görüşməmişəm. Nəticələrlə isə kağız üzərində tanışam. Açığı, bu gün bütün diqqətimiz əsas komandaya ayrılıb. Heç şübhəsiz, akademiyaya da xüsusi diqqət ayrılacaq. Bununla bağlı da geniş planlarımız var. İndi bu haqda danışmaq istəmirəm. Hər şeyi əməldə görəcəksiz.
 

İdman direktoru həm də klubun transfer siyasətinə cavabdehlik daşıyır. Mövsümlərarası fasilədə “Sumqayıt”da hansı dəyişikliklər gözlənilir?
- Bu sualınıza çempionat başa çatandan sonra cavab verəcəm. İndiki məqamda bu haqda danışmaq tezdi. Hələ bilinmir ki, mövsümü necə başa vuracağıq.


RƏŞAD

Tarix: 14 Aprel 14:00    Oxunub: 336    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.