BAXIN, "GƏZƏYƏN"Dİ O...

Bu gün Braziliya futbolunun dünyaya bəxş etdiyi ulduzlardan birinin ad günüdür.

 

Söhbət Pele, Ronaldinyo, Ziko, Ronaldo və digərləri kimi məşhur olmasa da, tez parlayan və tez də sönən Jodan gedir.

 

18 yaşında dünyanın ən istedadlı gənclərindən biri hesab edilən Jo karyerası ərzində “Mançester Siti”ni çıxmaq şərtilə top-komandaların heç birində oynamayıb. Bununla belə, Braziliya yığmasına düşməyi bacarıb. Hazırda karyerasının qürub çağını yaşayan futbolçunun Novruz bayramı günü 31 yaşı tamam olur.

 

Juan Alves di Assis Silva və ya sadəcə Jo 1987-ci il martın 20-də Braziliyanın San-Paulu şəhərində, kasıbların yaşadığı Sapopemba rayonunda dünyaya gəlib. Onun atası da futbolçu olub. Bir vaxtlar “Quarani Admananita" və “İtumbiara"nın şərəfini qoruyub. Amma övladı kimi məşhur olmayıb. Joda futbola həvəsi atası yaradıb. 1997-ci ildə 10 yaşı olarkən atası onu “Korintians"ın Futbol Akademiyasına aparıb. 5 il burada futbolun sirlərinə yiyələnin Jo 2002-ci ildə Braziliyanın gənclər yığmasına dəvət alıb. Elə həmin il o, “Korintians"ın heyətində gənclər arasında Braziliya Kubokuna sahib çıxıb.


Peşəkar futbolda siftə 2003-cü ildə gəlib. Jo 2003-cü ilə iyunun 29-da “Korintians"ın əsas heyətində debüt edib. “Quarani" ilə oyunda meydana çıxan hücumçu klub tarixində ən gənc futbolçu olub. Əsas komandada ilk qolunu isə həmin ilin avqustunda vurub. Yeri gəlmişkən, ilk ilindəcə Braziliya çempionu olan futbolçu “Korintians"da keçirdiyi 3 mövsümdə 113 oyunda meydana çıxıb, 18 qol vurub.


“Korintians"da oynadığı illərdə xarici klubların diqqətini cəlb etməyi bacaran Jo legioner həyatına 18 yaşında başlayıb. O, 2005-ci ilin dekabrında Moskva ÇSKA-sı ilə 5 illik müqavilə bağlayıb. Braziliyalı hücumçu bəlkə bir qədər də gözləsə idi, daha məşhur komandalara keçə bilərdi. Amma ailə vəziyyəti onu tələsik addım atmağa vadar edib. Sonralar bunu Jo ÇSKA-dan gələn təklifi məhz ailəsinin rifahını yaxşılaşdırmaq üçün dəyərləndirdiyini etiraf etmişdi.


Jo yeni klubunda 2006-cı ilin yanvarında “Birinci Kanal Kuboku"nda debüt edib. 2006-cı il mövsümündə Moskva təmsilçisinin əsas heyət oyunçusuna çevrilən futbolçu ilk mövsümündəcə ÇSKA-nın ən yaxşı futbolçularından biri olmaqla yanaşı, həm də komandanın bombardir adını qazanıb. O, 1-ci dövrədə 14 dəfə fərqlənib. Bu qollardan 4-nü 1 oyunda Yaroslavl “Şinnik"inin qapısından keçirməklə “poker" edib. 2-ci dövrədə zədələnərək bombardirlik mübarizəsindən kənarda qalan Jo çempionatın sonunda Roman Pavlyuçenkodan sonra 2-ci olub. Əgər 2-ci dövrəni boşa verməsəydi, daha 4 qol vurmaqda Romana çatmaq onun üçün o qədər də çətin olmayacaqdı.


2007-ci ildə Braziliyada keçirilən gənclər arasında dünya çempionatında iştirak edən Jo az sonra Braziliyanın əsas komandasına da dəvət alıb. Yığmada ilk oyununu Türkiyə millisinə qarşı keçirib (0:0). Həmin il 13 qolla yenə də ÇSKA-nın ən yaxşı qoleadoru adını qazanan futbolçu “UEFA Champions" jurnalının rəyinə əsasən “Avropanın ən gənc 5 ulduzu" siyahısında yer alıb.


5 illik müqaviləsinin olmasına rəğmən, Jo Moskva təmsilçisindən tez ayrılıb. 2008-ci il iyunun 2-də “Mançester Siti" 18 milyon funt-sterlinq qarşılığında Joya sahib çıxıb. İngilis klubu braziliyalı ilə 4 illik müqavilə imzalayıb. Amma İngiltərə Premyer Liqasındakı karyerası o qədər də uğurlu alınmayıb. Sonralar “The Telegraph" nəşri bu transferi Premyer Liqa tarixinin ən pis transferlərindən biri kimi qələmə verəcəkdi. “Mançester Siti"yə qoşulandan az sonra Braziliya olimpiya yığmasının heyətində Yay Olimpiya Oyunlarında iştirak edən Jo Pekin olimpiadasının bürünc meydalını boyunundan asıb. Maraq üçün qeyd edək ki, 3-cü yer uğrunda oyunda Braziliya olimpiyaçıları belçikalıları 3:0 hesabı ilə məğlub etmişdilər və vurulan qollardan ikisi Jonun payına düşmüşdü.


“Mançester Siti"də ilk mövsümündə 21 oyunda cəmi 1 dəfə fərqlənməsi Jonun bu klubun səviyyəsinə uyğun olmadığı anlamına gəlirdi. Əsas heyətə düşməkdə çətinlik çəkən futbolçu bu üzdən 2009-cu ildə “Everton"a icarəyə verilib. Liverpul təmsilçisində ilk ilində 15 oyunda 6 qol vuran Jo qarşılıqlı razılıq əsasında daha bir mövsüm bu komandada oynamağa razılıq verib. Lakin 2010-cu ildə vətəni Braziliyaya özbaşına getdiyi üçün onunla müqavilə ləğv olunub. 


İşsiz qalan Joya “Qalatasaray" elçi düşdü. İstanbul klubu yenə də icarə əsasında Türkiyədə oynamağa razılıq verdi. “Qalatasaray"da yarım mövsüm keçirən hücumçu 2011-ci il iyulun 20-də Braziliyanın “İnternasional" klubuna keçdiyi barədə ictimaiyyətə məlumat verdi. Amma o, burada da çox duruş gətirə bilmədi. Nizam-intizam qaydalarını pozduğuna görə “İnternasonal"dan uzaqlaşdırılan Jonun növbəti dayanacağı “Atletiko Minyero" idi. 2012-ci ilin mayında 2,5 milyon avro qarşılığında bu kluba keçən Jo komandasının “Libertadores Kuboku"nu qazanmasında yardımçı oldu. Yeri gəlmişkən, bu, klubun tarixində ilk belə kubok idi. O, Ronaldinyo, Viktor və Pyerlə birlikdə turnirin bütün 14 oyununda meydana çıxan 4 futbolçudan biri idi. Bundan başqa o, 7 qolla turnirin bombardiri oldu. 


Onun bu çıxışı Braziliya millisinin məşqçilərinin diqqətindən yayınmadı və Jo 2007-ci ildən sonra ilk dəfə yığmaya dəvət aldı. Konfederasiyalar Kubokunda keçirdiyi 2 oyunun hər ikisində fərqlənən hücumçu 2014-cü ildə keçirilən mundialda iştirak edəcək futbolçular arasında da yer almağı bacardı. Braziliya millisinin baş məşqçisi Luis Filipe Skolari onu mundiala aparacaq futbolçular siyahısına daxil etdi.


2015-ci ilin iyulunda Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Şabab"ına keçən futbolçu 2016-cı ilin 5 fevralında 2 milyon avroya Çinin “Szyansu Sunin" klubuna transfer olundu. Amma həmin ilin yayında legioner limitinə görə bu kludan ayrılmaldı. Yenidən “Korintians"a qayıdan hücumçu Braziliya çempionu olmaqla yanaşı A Seriyasının bombardiri adını da qazandı. 


Bu ilin yanvarından iş yerini dəyişən 31 yaşlı Jo indi Yaponiyanın “Naqoya Qrampus" klubunun futbolçusudur. Fevralın 24-də “J-Liqa"da yeni mövsümün ilk oyununda “Qamba Osaka"nın qonağı olan “Naqoya Qrampus" 3:2 hesabı ilə qələbə qazandı. Jo indiki komandasının əsas heyətində meydana çıxaraq 2 məhsuldar ötürmə verməklə yanaşı, “Naqoya Qrampus"un qələbə qolunun da müəllifi oldu. “İvata" və “Şonan” ilə oyunlarda da əsas heyətdə yer alaraq 90 dəqiqə meydanda olan Jonun Yaponiyada işləri pis getmir. Amma ünvanını tez-tez dəyişməyə adət edən ulduz futbolçunun burada nə qədər duruş gətirəcəyini zaman göstərəcək.

 

Nailiyyətləri

“Korintians": 2 dəfə Braziliya çempionu (2005, 2017), 3 dəfə San-Paulu ştanının çempionu (2001, 2003, 2017), 


ÇSKA: Rusiya çempionu (2006), 2 dəfə Rusiya Kubokunun (2006, 2008), 2 dəfə Rusiya Superkubokunun qalibi (2006, 2007).


“Mançester Siti": İngiltərə Kubokunun qalibi (2011)


“Atletiko Mineyro": Minas-Jerays ştatının çempionu (2013), Libertadores Kuboku (2013), Cənubi Amerika Kuboku (2014) və Braziliya Kubokunun (2015) qalibi. 


Milli: Konfederasiyalar Kubokunun qalibi (2013).


Şəxsi: 2 dəfə Rusiyanın “33 ən yaxşı futbolçusu" siyahısında yer alıb (2006, 2007). Həmin illərdə ÇSKA-nın bombardiri olan Jo 2013-cü ildə 7 qolla Libertadores Kubokunun, 2017-ci ildə isə 18 qolla Braziliya birinciliyinin bombardiri adını da qazanıb. Bundan başqa 2008-ci ildə Pekində keçirilən Olimpiya oyunlarının bürünc mükafatçısıdır.

 

Hazırladı: NEMƏT
«Het-trik news» qəzeti

 

Jonun statistik göstəriciləri: 
İllər Komanda (ölkə) Oyun Qol 
Gənclər komandası
1994-2002 “Korintians” (Braziliya)
Klub karyerası
2003-2005 “Korintians” (Braziliya) 81 17
2006-2008 ÇSKA (Rusiya) 53 30
2008-2011 “Mançester Siti” (İngiltərə) 21 1
2009 “Everton” (İngiltərə) 27 5
2010 “Qalatasaray” (Türkiyə) 13 3
2011-2012 “İnternasyonal” (Braziliya) 16 2
2012-2015 “Atletiko Mineyro” (Braziliya) 69 17
2015-2016 “Əl-Şabab” (BƏƏ) 13 8
2016 “Szyansu Sunin” (Çin) 17 6
2017 “Korintians” (Braziliya) 64 25
2018 “Naqoya Qrampus” (Yaponiya) 3 1 
Milli karyerası
2007-2014 Braziliya 20 5
2008 Braziliya (olimpiya) 13 5
Bütün turnirlər daxil olmaqla bu günə kimi 505 oyunda iştirak edib, 166 qol vurub.

Tarix: 20 Mart 17:24    Oxunub: 376    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Aprel 2018
22 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.