"Qaradağ Lökbatan" niyə "vurulur"?

«Qaradağ Lökbatan» 4 həftə sonra şeytanın qıçını sındırdı.

 

I Divizionda ikinci dövrəyə qələbəylə başlayan, növbəti 4 həftədə isə sırasıyla «Şüvəlan», «Xəzər», «Turan-Tovuz» və «Ağsu»ya uduzan qəsəbə təmsilçisi dünən 90+3-cü dəqiqədə vurduğu qolla dərindən bir nəfəs aldı.

 

Əliqulu Manafonun 3 xal gətirən zərbəsi QL-nın düşərgəsindəkiləri bəlkə də heç vaxt orlmadığı qədər sevindirdi. Tovuzdan alınan xəbər isə sevincin gözünə sevinc qatdı. Ən yaxın izləyicisi «Şüvəlan»ın qərb səfərindən əliboş dönməsiylə aradakı xal fərqi 11-ə yüksəldi.

 

Mövsümün qalan hissəsi növbəti sensasiyalara səhnə olmasa, «Qaradağ» tarixində ikinci kəs qızıl medalları boynundan asacaq. Bu isə onların Premyer Liqaya buraxılmasını qarantiya altına almır.

 

«Neftçi» İdman Klubunun nəzdində fəaliyyət göstərən QL uzun illərdi aşağı dəstədə mübarizə aparır, ona olan münasibət isə bu müddətdə qətiyyən dəyişməyib və yəqin ki, hər şey olduğu kimi qalacaq. Təkcə Sadıq Sadıqov amilinə görə deyil.

 

«Qaradağ»ın danışılmış oyunlarda iştirakına dair son vaxtlar geniş yayılmış şayiə tipli xəbərlər AFFA-nın onları elitadan kənar qoymasına yetərlidi. Federasiya «Rəvan» və «Şərurspor»un axırına necə çıxmışdı. Adını «şübhəli obyekt» qoyaraq. Əldəki faktları ictimailəşdirmədən, bu haqda geniş bilgi vermədən, elə-belə. 

 

AFFA lazım gəlsə, MOİK-lə dünənki matçı da «Qaradağ»ın əleyhinə çevirə bilər. MOİK-in arxa xəttinin hər iki qol yol verdiyi uşaq səhvi və QL-nın müdafiəçisi Elxan Cəbrayılovun adi epizodda -


künc zərbəsindən sonra topu uzaqlaşdırmaq istərkən etdiyi anlaşılmaz hərəkət qurum tərəfindən yaradılan xüsusi komissiya üçün sadə «yem»di. Təbii, fikirləri olsa. Artıq danışırlar. Yalnız sıravi futbol adamları deyil, eyni zamanda, mətbuat da axır həftələr «Qaradağ Lökbatan»la bağlı xoş olmayan xəbərlərə tez-tez yer verir.

 

Elə UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Kamran Cəbrayılova dünənki müsahibə zamanı ünvanlanan sualların 2-si konkret QL-la əlaqəlidi. O, UEFA-dan gələn serkulyar məktubların əsasən I Divizionla bağlı olmasını etiraf etsə də, digər yandan bildirib ki, hazırda “Qaradağ Lökbatan”la bağlı xüsusi bir hal yoxdu:

 

«Mətbuatda gedən yazılarda nəyə istinad etdiklərini bilmirəm. Araşırmalar ümumi şəkildə aparılır. “Qaradağ Lökbatan”la əlaqəli xüsusi araşdırma aparılmır. Başa düşürəm, son oyunlarda uduzması ictimaiyyətdə şübhə yaradır. Amma yenə də deyirəm: Sırf bu komandanın çıxışı ilə bağlı araşdırma getmir. Biz daha çox UEFA-dan gələn məlumatları əsas tuturuq». 


K.Cəbrayılovun diplomatik cavabı «Qaradağ»ın üzərinə alan qara buludları dağıtmır. Daha qorxulusu odu ki, Hacı Sadığın kurasiyasındakı klubun adı növbəti həftələrdə də «alver» məsələlərinin iştirakçısı kimi hallana bilər. Yerli-yersiz, əsaslı-əsassız.

 

Bu, artıq ikinci dərəcələdi. Söz-söhbətlər artdıqca, güman seli hər tərəfi öz ağuşuna alacaq. Onda deyən olmayacaq ki, «Qaradağ» Həbib Ağayevin «oyuncağ»ına dönüb, vaxtilə «Neftçala»da - Kamal Quliyevin yanında futbolun hər üzünü görən bu adam indi müstəqil şəkildə «bərbərlik» edir.

 

Azər Bağırovun qurduğu komandanı mövsümün startına sayılı günlər qalmış təhvil alan Ağayev yarım il «hazır maşın»ı sürdü, qışda gördüyü yarıtmaz seleksiya fəaliyyəti isə kollektivi böyrü üstə qoydu. Bundan danışmayacaqlar ki, Ağayev sadəcə nəzəriyyəçidi, pratikdə isə çox zəifdi.

 

«Qaradağ»ın əksər futbolçuları klub rəhbərliyinin onlara isti münasibətinə və bir tikə çörəyə görə Həbiblə işləməyə dözür, yoxsa o, niyə baş məşqçi olsun ki… Elə Ağayevin özü barədə zaman-zaman az şayiələr yayılmayıb. Doğrudu, yalandı - məlumumuz deyil, qoy, AFFA araşdırsın.

 

Nə biləsən, bəlkə federasiya ona görə «Qaradağ»ın önünə növbəti dəfə «qırmızı xətt» çəkəcək? Görünən odu ki, komanda daha bir məğlubiyyətlə üzləşsə, sarsılacaq və ətrafını bürüyən söz-söhbətin acı tüstüsünə boğulacaq.


SPORTİNFO.AZ

Tarix: 20 Mart 13:24    Oxunub: 468    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 İyul 2018
15 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.