Böyükağa Hacıyev haqqında bilmədikləriniz... "Mən dəhşətə gəldim"

Böyükağa Hacıyev təkcə qazandığı uğurlara görə sevilmirdi.

 

Onu insanlara sevdirən həm də savadı, danışıq qabiliyyəti, atmacaları, şirin zarafatları idi.

 

Jurnalistlər öz aramızda ona “çörək ağacı” deyirdik. Qəzetə manşet lazım olanda ilk ağla gələn şəxs Hacıyev idi. Heç kimdən qorxmaz, çəkinməz, düşündüyünü dilinə gətirərdi.


Artıq neçə gündü mətbuatda Böyükağa Hacıyevin müsahibələrində işlətdiyi maraqlı açıqlamalar dərc olunur.

 

Amma ayrı-ayrı şəxslərlə yaşadığı maraqlı əhvalatlar var ki, onları nəinki siz, bəzilərini heç mən özüm də bilmirdim. Rəhmətliyə yaxın olmuş, vaxtilə onunla çalışmış bir neçə şəxsə tribuna verdik.


“Dedi, oyunun diski tapılmasa, istefa verib gedirəm”
Onun Yaşar Seyidovla qarşılıqlı “atışmaları”, zarafatları dillər əzbəridi. Xüsusilə bu iki şəxsə yaxın olanlar yaşananlardan xəbərdardı. Hacıyevin Seyidovun başına açmadığı oyun qalmamışdı. Öz dilindən eşidin.

 

- Allah Böyükağa müəllimə qəni-qəni rəhmət eləsin. Yaxşı insanı, futbol mütəxəssisini itirdik. Azərbaycan futbolu adına böyük itkidi. Özünə olmasa da, hər yerdə deyirdim ki, futbol savadı var, işləməyi bacaran adamdı. Rəhmətliklə münasibətim hamıya bəllidi. Biz onunla Xəzər dənizi kimiydik. Bəzən sakit, bəzən dalğalı. Bütün bunlara baxmayaraq, hər zaman xoş münasibətimiz olub. Özü də bilirdi ki, indi istəməyim, xətrini çox istəyirəm. Böyükağa müəllimlə bağlı o qədər xatirələrim var ki, ucu-bucağı yoxdu. Danışmağa başlasam, dayanmayacam. Böyükağa Hacıyevlə işləmisənsə, mütləq xatirələr, sərgüzəştlər, maraqlı əhvalatların şahidisən. Tək məndə yox, çox adamda belədi.


- Deməli, “Bakı” “Daçiya” ilə oynayırdı. İlk görüş xatırlayırsızsa, Bakıda baş tutmuşdu. Bakıdakı oyundan sonra moldovanları aeroportda yola salanda, məlum oldu ki, texniki səhv üzündən yeddi futbolçuları Azərbaycanı tərk edə bilməz. Bir neçə gün burda qalmalıdılar. Dərhal məsələni qabardım yuxarı instansiyaların köməkliyi sayəsində yoluna qoya bildim. Gecəni Bakıda qalıb, səhər uçmalıydılar. Onları otelə gətirib, məskunlaşmalarını, qidalanmalarını, bir sözlə, bütün işlərini təşkil etdim. Ertəsi də aeroporta aparıb yola saldım. Etdiyim yaxşılıq yadlarına qalmışdı. Cavab oyunu üçün Moldovaya gedib otelə yerləşəndə, baxdım ki, iki nəfər məni axtarır. Tanış olduq və məlum oldu ki, onları “Daçiya”nın prezidenti göndərib. Biri sürücü idi, o biri mühafizəçi. Dedilər ki, burda olduğunuz müddətdə ikimiz qulluğunuzda durmalıyıq, tapşırıq belədi. Nə qədər imtina etsəm də, xeyli olmadı. Axşam sağollaşdıq, səhər otelin qarşısında olacaqlarını bildirdilər. Səhər ikinci mərtəbədə dayanıb eyvandan baxıram. Üzr istəyirəm, üzümü qırxırdım. Baxıram ki, bu iki nəfər dayanıb, Böyükağa Hacıyev də onların yanında. Rəhmətlik yavaş-yavaş onlara yaxınlaşıb, kimi gözlədiklərini soruşdu. Mənim adımı eşidən kimi başladı ki, bəs, Yaşar Seyidov kimdi, klubda ondan da vəzifəli şəxslər var – filan. Mən də Böyükağa müəllimin dediklərini eşidirəm. Qayıtdım ki, Böyükağa müəllim, nə olub, nə məsələdi? Pərt halda üzünü moldovanlara tutub dedi k, “Bakı”da bir nəfər söz sahibi var, o da Yaşar Seyidovdu. O de, özü də eyvanda dayanıb bizə baxır. Ondan sonra başladı, nə başladı. Sizin gözlədiyiniz Seyidov odu, ona qulluq etmək lazımdı, onsuz bir günümüz olmasın, Azərbaycan futbolunda sözünü demiş adamdı, nə bilim, daha nələr. Düşdüm aşağı, məni görüb soruşur, necə dedim onlara? Dedim, yaxşı dedin, amma ondan qabaq nə deyirdin? And-aman elədi ki, sənin qulaqların səhv eşidib.


- “Bakı”da işləyən vaxtlarıdı, “Gənclərbirliyi”ni udmuşuq.  Oyundan sonra futbolçularla matçı təhlil edir. İndiyə kimi yadımdadı, ilk 20 dəqiqədə 2 qol vurmuşduq. Diski qoyub ki, əvvəldən oyuna baxsın, qolları təhlil etsin, ekranda ancaq tribunanı görüb. Gözləyib-gözləyib, qollar da vurulub, baxıb ki, kamera bir nöqtəni çəkir. Başına döndüyüm operator cavan idi, tribunada iki qız görüb, obyektivi çevirib onlara tərəf, xeyli müddət elə qalıb. Başı qarışıb qızlara, oyunu çəkmək yaddan çıxıb. Bir də gördüm, Böyükağa müəllim məni çağırır. Məni görən kimi başladı narazılıq etməyə. Nə illah elədim, operatorun səhvini başa sala bilmədim. Tutduğundan buraxmırdı, zorla boynuma qoyurdu ki, mənə qarşı təxribatdı, komandamın vurduğu qolları bilə-bilə çəkməyə qoymamısız. Dedi, oyunun diski tapılmasa, istefa verib gedirəm. Güc-bəla ilə AFFA-dan xahiş edib, diski tapıb gətirdik. Ondan sonra sakitləşdi. Sizi inandırım, isrefa vermək qərarı ciddiydi. O qədər həssas adam idi ki.


-Yadıma düşümüşkən birinə də danışım. Yaxın keçmişin söhbətidi. Jurnalist Böyükağa müəllimdən müsahibə götürüb, söhbət əsnasında mənimlə indiki münasibətləri haqda da sual verib. Rəhmətlik də deyib ki, Yaşar kimdi e, “Bakı” dağıldı, Yaşar da bazada qukkulu kimi oturub, keşik çəkir və s. Müsahibədə haqqımda olmazın sözlərini deməsi azmış kimi, jurnalistlə sağollaşandan sonra mənə zəng vurub ki, bəs, müsahibə vermişəm, səninlə bağlı sualları da cavablandırmışam, səni göyə qaldırmışam, arada bir az zarafat etmişəm. Səhər müsahibəni oxudum, dəhşətə gəldim. Zəng vurub soruşuram ki, o nə sözlərdi demisən? Deyir, “Bakı” yoxdu, sən də kölgəyə çəkilmisən, özüm elə dedim ki, o ifadə manşetə çıxsın, hamı oxusun, anti-reklamın özü də reklamdı – filan. Sizi inandırım, deməyə söz tapmadım. Saatlarla danışmaq olar. O cür insanı itirdik. Onsuz da, gec-tez hamımız ora gedəcəyik. Allah rəhmət eləsin...”.

 

“Özünə dedim ki, sən Moskvaya yox, elə bil, Avstraliyaya gedib qayıtdın”
Tahir Süleymanov da uzun müddət Böyükağa Hacıyevlə çiyin-çiyinə çalışmış şəxslərdəndi. Rəhmətə gedən gün Süleymanovun göz yaşlarına sahib ola bilmədiyini çoxları gördü. Heç şübhəsiz, onun da deyəcəkləri, xatirələri var


- Allah Böyükağa Hacıyevə rəhmət eləsin. Qəlbimdə xüsusi yeri var idi, bundan sonra da olacaq. İş yoldaşı olmaqdan başqa, həm də yaxşı insan idi. Qazandığımız uğurlarda komandadakı, klubdakı daxili ab-havanın xüsusi rolu vardı. Bunun da əsas səbəblərindən biri Hacıyevin ciddi olmaqla yanaşı, həm də zarafatı sevməsi, atmosferi yaxşılaşdıra bilmək bacarığında olmasıydı. Xəstəxanaya düşən günə qədər mütəmadi əlaqə saxlayar, danışardıq. Nədənsə narazılığı olanda, nəsə xoşuna gəlməyəndə, zəng vurub ürəyini boşaldırdı. Mən də onu səbrlə dinləyib, təsəlli verirdim. Allah ona rəhmət eləsin. Hamımızın son mənzili oradı. Ümid edirəm ki, o dünyada nə vaxtsa Böyükağa Hacıyevlə qarşılaşacam. Azərbaycan futbolu adı kimi, böyük bir insanı itirdi.


- 2013-ün yazıdı, 3-cü çempionluğa doğru gedirik. Mövsümün başa çatmasına da 4-5 tur qalıb. Otağıma gəldi, oturub ordan-burdan söhbət edirdik. Dedim, Böyükağa müəllim, nəhayət, “qızıl dubl”un vaxtıdı. Bu dəfə bacarmalıyıq. Özünəməxsus səs tonunda sual verdi ki, “qızıl dubl” etsək, vitse-prezident kimi nə edəcəksən? Mən də otağımdakı qlobusu göstərib, dedim, qlobusu fırlat, barmağın hansı ölkənin üstündə dayansa, ora iki nəfərlik səyahət bileti təşkil edəcəm. Rəhmətlik də söz altında qalan deyildi. Qayıtdı ki, elə olmaz, bəlkə barmağım Antarktidanın üstünə düşdü, ya da Avstraliyanın. Nə işim var orda? Dedim, yaxşı, onda özün ölkə, şəhər adı söylə. Dedi, Moskvaya iki nəfərlik bilet səndə. Razılaşdıq. Elə də oldu, mövsümün sonunda “Neftçi” “qızıl dubl”a imza atdı. Bir müddət keçəndən sonra klubun Maliyyə Departamentindən 3000 manatdan çox borcumun olduğunu bildirdilər. Bildim nə söhbətdi, amma o qədər borc olmamalıydı. Soruşdum, səbəb kimi Böyükağa Hacıyevin Moskvaya səfərini göstərdilər. Moskvaya gedib-gəlmək 3000 manat olmamalıydı axı. Çeklərə baxdım, rəhmətlik Moskvaya biznes-klasda uçub, hava limanından otelə bahalı xidməti avtomobil sifariş edib, ən yaxşı oteldə qalıb. Hamısını da mənim adıma yazdırıb. Qayıdandan sonra özünə dedim ki, sən Moskvaya yox, elə bil, Avstraliyaya gedib qayıtdın. Belə bir münasibət vardı aramızdı.


- Ağır oyunlarımızdan birindən əvvəl Erik Ramosun əhvalının yerində olmadığını gördüm. Maraqlandım, soruşdum, məlum oldu ki, fasilə dönəmində Paraqvaya gedib qayıdanda biletində problem yaranıb, nəticədə 1000-1500 manat artıq xərci çıxıb. Psixoloji problemi olmasın deyə, həmin məbləği cibimizdən ödəyəcəyimizi söylədik. Sağ olsunlar, həmin oyunda qalib gəldilər. Ramos otağıma gəlib, həmin pul məsələsini danışırıq, bu an Böyükağa Hacıyev otağa daxil oldu. Soruşdu nə məsələdi, dedim belə-belə. Böyükağa müəllim qayıtdı ki, Tahir müəllim, səni yük altında qoya bilmirəm, hansı məbləğdisə, tam yarısını mən öz cibimdən verəcəm... Belə jestləri də var idi rəhmətliyin.

 

“Ağ vərəqə “komanda sabah udmasa, vay halına” yazıb, qapının altından otağına sürüşdürdüm”
Güloğlan Cabbarov.... Sadıq Sadıqovun prezidentliyi dönəmində “Neftçi”də çalışanlar, komandayla birgə xarici səfərlərdə olan jurnalistlər sabiq idman direktoru ilə baş məşqçinin münasibətlərindən xəbərdardı. Cabbarovla rəhmətliyin arasındakı zarafatlar, məzəli əhvalatlar da çoxlarının yadındadı.


- Böyükağa Hacıyev Azərbaycan futbolunun inkişafında, onun dünyaya tanınmasında, inkişafında müstəsna xidmətləri olmuş məşqçilərdən idi. O təkcə güclü məşqçi deyildi. Həm də jurnalistlər üçün maraqlı həmsöhbət, yaxınları üçün maraqlı persona, azarkeşlər üçün sevimli mütəxəssis idi. Çətin ki, bundan sonra kimsə onun yerini versin. Nəticə qazanmaq olar, amma sırf Böyükağa Hacıyevin xüsusiyyətlərini daşımaq – inanmıram. Böyükağa müəllimlə bəzən ciddi, bəzən zarafatcıl olurduq. Hər şeyin yerini bilirdik. Nə olur-olsun, mən də Sadıq Sadıqov da, Tahir Süleymanov da onun xətrini əziz tuturduq. O qədər maraqlı əhvalatlarımız olub...
-Xaricdən yeni qayıtmışdım. Sadıq müəllim zəng vurdu ki, komanda Qəbələyə yollandı, sən də dayanma, birbaşa ora get. Çempion olmaq üçün bizə 1 xal lazım idi. Yorğun-arğın, birtəhər gedib Qəbələyə çatdım. “Neftçi” də “Qafqaz Resort”da qalırdı. Otelə çatan kimi Böyükağa müəllimi soruşdum, dedilər yatıb. Hamıya tapşırdım ki, mənim gəldiyimi səhər heç kim ona deməsin. Gecə ağ vərəqə “komanda sabah udmasa, vay halına” yazıb, qapının altından otağına sürüşdürdüm. Səhər vərəqə yazdıqlarımı oxuyub, dərhal Tahir Süleymanovdan soruşub ki, o nə vaxt gəldi ki? Tahir müəllim də “o kimdi” soruşub. Deyib, o da, o, Güloğlan... Bilirdi ki, mənim qədər onunla zarafat edən ikinci şəxs yoxdu. Rəhmətlik hər dəfə mənimlə söhbət edəndə eyni sualı verirdi: “Güloğlan, görəsən, bizim klub kimi klub var”? Danışa-danışa, gülə-gülə bir də baxırdıq ki, çemionuq. Allah rəhmət eləsin, qəbri nurla dolsun... (Futbol+)

Tarix: 20 Mart 11:36    Oxunub: 480    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Aprel 2018
24 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.