UEFA-nın Azərbaycandakı nümayəndəsi: "Şübhə yaradan bəlli futbolçular var"

Sportinfo.az UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Kamran Cəbrayılovun müsahibəsini təqdim edir:

 

Martın 7-də keçirilmiş AFFA-nın Hesabat Konfransında danışılmış oyunlarla bağlı e-mail ünvanının açıldığı elan olundu. Ötən müddət ərzində elektron poçta məktub daxil olubmu?

- Hələlik [email protected] ünvanına məlumat daxil olmayıb. Amma biz insanların məlumatlarını bizimlə bölüşmələrində maraqlıyıq. Daxil olan istənilən məlumat tərəfimizdən araşdırılacaq. AFFA ictimai qurumdur. Danışılmış oyunlar ümumi işimizə xələl yetirir. Bu cür hallara qarşı birgə mübarizə aparmalıyıq. İctimaiyyətin fikrinə önəm verdiyimiz üçün bu e-maili açmışıq. İstənilən şəxs danışlmış oyunlarla bağlı hər hansı məlumatı bura göndərə bilər. Həmin şəxslərin anonimliyi təmin olunacaq. Yaxşı olar ki, məktubda yer alan şübhələr əsaslı olsun. Məsələn, hansısa video əlavə edilsin.

 

UEFA-dan gələn məlumatlar və e-mailə daxil olacaq məktublar öz yerində, AFFA özü daxili araşdırmanı hansı formada aparır və hansısa matçın nəticəsi şübhə doğuran zaman nə edirsiniz?

- Əlbəttə, şübhəli tendensiya olanda tərəfimizdən araşdırma aparılır.

 

I Divizonun lideri “Qaradağ Lökbatan”ın son 4 turda məğlub olması şübhələrə yol açıb. Bu barədə nə deyə bilərsiniz?

- Hazırda “Qaradağ Lökbatan”la bağlı xüsusi bir hal yoxdur. Mətbuatda gedən yazılarda nəyə istinad etdiklərini bilmirəm. Araşırmalar ümumi şəkildə aparılır. “Qaradağ Lökbatan”la əlaqəli xüsusi araşdırma aparılmır.

 

Ancaq 38 xalla 1-ci pillədə qərarlaşan və ən yaxın izləyicisini 8 xal qabaqlayan komandanın ardıcıl 4 görüşdə məğlub olması qəribədir...

- Başa düşürəm, son oyunlarda uduzması ictimaiyyətdə şübhə yaradır. Amma yenə də deyirəm: Sırf bu komandanın çıxışı ilə bağlı araşdırma getmir. Biz daha çox UEFA-dan gələn məlumatları əsas tuturuq. 

 

I Divizionda şübhə doğuran yalnız “Qaradağ Lökbatan”ın çıxışı deyil. Məsələn, “Turan Tovuz”un da nəticələrində uyğunsuzluqlar var. Bu komanda XVII turda lideri səfərdə 3:1 hesabı ilə məğlub edib. XVIII turda isə sonuncu pillədə qərarlaşan “Zaqatala”ya uduzub. Bu cür nəticələri araşdıran əməkdaşlarınız var?

- UEFA-dan gələn sənədlər təsadüfi materiallar deyil. Onların əsasında qərarlar verilir. İdman Arbitraj Məhkəməsi həmin sənədləri sübut kimi qəbul edir. Ona görə də istinad oluna biləcək araşdırmalara üstünlük veririk. Ancaq qeyd etdiyiniz formada tendensiyalı nəticələri ekspertlər qrupu təhlil edir. Hər bir şübhəli məqamı nəzarətdə saxlamağa çalışırıq.

 

Qış fasiləsindən sonra Premyer Liqada baş tutan 6 turun oyunları ilə bağlı UEFA-dan məlumat daxil olub?

- Xeyr. Əsas narahatlıq I Divizionla bağlıdı. Premyer Liqa ilə əlaqədar gündəlikdə ciddi bir məsələ yoxdu.

 

I Divizionda çıxış edən 10 komandadan neçəsi şübhə altındadı?

- Bunu detallı söyləməyim mümkün deyil. Bu, yalnız AFFA-da deyil, UEFA-nın özündə belə, ictimaiyyətə geniş məlumat verilmir. UEFA bizdən məlumatların məxfi saxlanılmasını tələb edir. Həmçinin, bizdə danışılmış oyunlarla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilib. Hüquq-mühafizə orqanları tərəfindən də araşdırmalar aparılır. Onlarla birlikdə işləyir, apardıqları araşdırmaların nəticəsində daha konkret faktların üzə çıxacağına ümid edirik. Biz AFFA olaraq, araşdırmanı sırf futbol adamları arasında aparırıq və yalnız onlara sanksiya tətbiq edə bilərik. Ancaq hüquq-mühafizə orqanlarının araşdırması daha əhatəlidir. Danışılmış oyunlara maliyyə ayıran, bu işin təşkilatçılığını həyata keçirən şəxslərlə bağlı onlar tədbir görə bilərlər.

 

Aparılan araşdırmalarla bağlı rəsmi qərarların verilməsi təxminən nə zaman olacaq?

- Beynəlxalq praktikaya baxsaq, bu cür qərarlar oyun baş tutandan 5 – 6 il sonra da verilə bilər. Yəni, hər şey araşdırmanın yekunlaşmasından, sübutların toplanılmasından asılıdır.

 

Hazırda şübhə altında olan futbolçuların siyahısı var?

- Siyahı deməyək, ümumilikdə nəzarətdə olan komandaların şübhə yaradan bəlli oyunçuları var.

 

Daha əvvəl I Divizonda danışılmış oyunlarda iştiraka görə futbolçular, referi və inzibatçı cəzalanıb. Lakin klub rəsmilərinin və məşqçiləri iştirakı olmadan nəticəyə təsir etmək bir qədər çətindir. Bu baxımdan, nəzarətdə olan rəsmi şəxslər və məşqçilər var?

- Hələlik geniş araşdırma gedir. Xüsusi nəzarətdə olan şəxslər var. Araşdırma, əsasən, şübhəli oyunun gedişatına uyğun aparılır. Matçın iştirakçısı futbolçular olduğundan, daha çox onlar təhlil edilir. Onlar dəvət olunurlar və soruşulur ki, bu işə necə etmisiniz, kimdən göstəriş almısınız və s. Futbolçu klub rəsmisinin və ya məşqçinin bu işdə iştirakı ilə bağlı əlavə məlumat vermirsə, bizim onları günahlandırmağımız düz deyil. Faktlar olmalıdır. Futbolçularla bağlı faktları müəyyənləşdirmək daha asandır. Çünki oyunçu matçda icraçı kimi çıxış edir və hər şey açıq-aydın görünür.

 

Danışılmış oyunların iştirakçıları arasında hakimlər də olur. Sabiq referi Anar Niyazov bu səbəbdən cəza alıb. Hazırda idarəçiliyi şübhə doğuran ədalət təmsilçiləri var?

- Xeyr, hələlik belə bir şey yoxdur. Hakimlər Komitəsi ilə sıx əlaqədəyik. UEFA-nın tövsiyəsi də odur ki, matçların hakimləri maksimum dərəcədə son anda təyin edilməlidirlər (report).

Tarix: 19 Mart 15:36    Oxunub: 386    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.