Tualet tikin də...

Azərbaycan kubokunun final qarşılaşmasının harda keçirilməsi ilə bağlı qızğın müzakirələr yekunlaşdı axı deyəsən. Qərar verildi ki, final oyunu Qəbələdə keçiriləcək. Amma Qəbələ variantına etiraz edənlər də vardı. İddia edirdilər ki, bu rayonda yerli komandanın oyununa iki cüt, bir tək adam gəlir, final qarşılaşmasında stadionda anşlaq olmayacaq.

 

Narahatlığı başa düşürəm. Amma və ancaq yazıq PFL-i də başa düşmək gərəkdi axı... Rövnəq Abdullayevin yekə-yekə danışmağına baxmayın, ölkədə Azərbaycan kubokunun final qarşılaşmasını keçirmək üçün Bakı və Qəbələdən başqa heç yerdə stadion yoxdu ey...

 

Final oyununun Gəncədə keçirilməsi də təklif edilirdi. Bunun Cümhuriyyətin 100 illiyinə töhfə olacağı da deyilirdi. Və məlum oldu ki, Gəncə stadionunda heç tualet də yoxdu. Azarkeşlər təbii tələbatlarını ödəmək üçün Gəncə çinarlarının həndəvərini hədəf seçirmişlər. Və Gəncənin rəhbərliyi isə daha qlobal layihələr reallaşdırmaq amacındadı. Şəhər rəhbərliyi iki ayağını bir başmağa soxub ki, yox ey, Gəncə 2019-cu ildə mütləq Avropanın idman paytaxtı olmalıdı. Bu layihənin gerçəkləşməsi üçün az xərc də tələb olunmur ha... Məsələn, işdi, Gəncənin namizədliyi qəbul edilsə, şəhərin bəzədilməsi üçün ən azı bir 3 milyon manat lazım olacaq. Sonra da at belində, açıq avtobusda şəhər gəzintisi-zad.

 

Bir 1 milyon manat da buna sərf ediləcək. Avropadan gələn qonaqların qəbuluna, yedirdilib-içirdilməsinə də 3-4 milyon lazım olacaq. Bunlar xırda-xuruş xərclərdi ha. Əsas tədbirlərin keçirilməsi üçün lazım olan vəsaitin hesablanmasına mənim iqtisadi savadım çatmır. Amma onu bilirəm ki, Gəncə stadionunda tualet tikmək üçün uzaqbaşı 100 min manat bəs edər.

 

Aprel ayında da Avropa İdman Paytaxtı Assosiasiyasının (ACES) nümayəndələri şəhərə səfər edərək, vəziyyətlə yerində tanış olacaqlar. İndi məni dərd alıb ki, bu qonaqlar Gəncə stadionunda olarkən, “çiş” etmək istəsələr, özlərini hara verəcəklər? Gəncə çinarlarının dibinə?

 

A kişilər, gedin tualet tikin də...

 

Natiq Muxtarlı

Tarix: 18 Mart 17:30    Oxunub: 386    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.