Hara getdin, “Böyük”?

Ad gününə nə qalmışdı ki?

 

Aprelin 20-də 60 yaşını tamamlayacaqdı.

 

Qismət olmadı. 55 yaşını da istədiyi kimi keçirə bilməmişdi. Çalışdırdığı “Neftçi” həmin il çempion, bir neçə ay əvvəl ölkə futbolu tarixində ilk dəfə Avroliqanın qrup mərhələsinə yüksələn komanda olsa da, sağlamlığındakı ciddi problem onu incidirdi....


Böyükağa Hacıyev... Artıq haqq dünyasına qovuşan sözün həqiqi mənasında dostum olan biri haqda yazı yazmalıyam. Amma barmaqlarım klaviaturadan küsüb, beyindən barmaqlara siqnal gəlmir. Hardan başlayım, harda bitirim? Xatirələrdən, aramızdakı söhbətlərdən, mübahisələrdən, küsüb-barışmaqlarımızdan hansını yazım? Xəstəxanaya düşən günə qədər mütəmadi əlaqə saxlayar, dərdləşərdik. Məndən gizlin heç nəyi yox idi. Hətta ailənin içində olan problemi də bir-birimizlə bölüşəcək qədər yaxınlığımız vardı. Getdi...


Dünya boyda arzuları apardı içində. Rüstəmi də, Yusifi də, ikinci ailəsindən olan iki azyaşlı övladını da yetim qoydu. Hər nə qədər xəstə olsa da, nəfəs alması, xırıltılı səsiylə “dədə” deməsi balaları üçün hər şey idi. Yatağa düşən günə qədər balalarına korluq çəkməyə imkan vermirdi. Bəzən bezirdi, özündən çıxırdı, “ölsəydim, canları dincələrdi” deyirdi. Amma övladlarına olan sevgi, istək, bağlılıq ürəyinin bir küncünə yapışmışdı. 


O qədər mərd insan idi ki, reanimasiyadakı çarpayını düşmən gözündə görürdü. Əlacsız vəziyyətdə həftələrlə sistem altında qalmağı özünə sığışdırmırdı. Həkimlərlə dava edəcək dərəcəyə çatırdı ki, onu klinikadan azad etsinlər. Təmiz hava istəyirdi, qapalı otaqda qala bilmirdi. Yanına gələnlərə etdiyi şikayət də havaya çıxmamasıydı. Siqaret çəkmək olmazdı ona. Həkim “qəti qadağandı” demişdi. Buna baxmayaraq, zəhərli tüstüdən bir-iki qullab dartmaq üçün Rüstəmlə də, Yusiflə də savaşa çıxırdı. 


Fevralın 12-də yanına getmişdim. Xəstəxanaya ilk və son gedişim oldu. Yenə gedəcəkdim, amma orda eşitdiyim xəbərdən sonra növbəti dəfə “Mərkəzi Klinika”nın, “Modern Hospital”ın yolunu tutmağım, sadəcə, mümkünsüz idi. Həkim “bu gün-sabahlıqdı, indidən işinizi bilin” demişdi. Ona görə də qorxurdum. Qorxurdum ki, gözlərimin qarşısında dünyasını dəyişər. Qorxurdum ki, yenə dərdini danışmağa başlayanda ürəyi dayanar.

 

Bir neçə günlük, aylıq da olsa, olan ömrünün qarşısını kəsmək istəmirdim.  


“Həbib, eşidəm-biləm məndən nəsə yazmısan, üzünə baxmaram, hər şey qaydasındadı, bir az sol tərəfim ağrayır” – yataqda uzanıqlı vəziyyətdə gözlərimin içinə baxıb, gücsüz halda dilinə gətirdikləriydi. Olduqca təsirli görüş olmuşdu. Amma o vaxt hər şeyi yaza, deyə bilmirdim. ABŞ-a getmək istəyirdi. “Azərbaycan futbolunda mənə yer yoxdu” deyib, üsyan edirdi. Məni də özüylə aparmaq fikrindəydi. Viza şərtlərini soruşmuşdu, vətəndaşlıq almağın yollarıyla maraqlanmağımı tapşırmışdı. Dediyinə görə, ABŞ-dakı dostları onu okeanın o tayına səsləyirdi. Mənə də həmin dostların sayəsində işlə bağlı problemin olmayacağını demişdi. 


Rüstəmlə Yusifi də, hətta xanımını da otaqdan çıxarıb ikilikdə qalmağımızı istəmişdi. Siqaretə ehtiyacı vardı. Hamıdan “olmaz” eşidirdi deyə, son ümid yeri mən idim. Mən də imtina edəndən sonra dərindən “ah” çəkib üzünü yana çevirmişdi. Uşaqlaşmışdı, hər şeyi ürəyinə salır, küsürdü. 


Məşqçilər Komitəsində yeri var idi, AFFA ona aylıq maaş ayırmışdı. Kifayət qədər də güzəşt olunurdu. Amma bir gözü yenə “Neftçi”dəydi. Fevralın 11-də “Neftçi” “Kəpəz”i məğlub etmişdi. Əməliyyatdan sonra olsa da, nəticədən xəbərdar idi. “Həbib, “Neftçi”dən ağlın nə kəsir” sualının qarşısında susmuşdum. Pis də deyə bilmirdim, yaxşı da. Hansını desəydim, xətrinə dəyəcəkdi. Komandanı düşdüyü vəziyyətdən ancaq özünün çıxara biləcəyini deyirdi. 


Dostluğumuz “İsmət Qayıbov”da keçirilən “Neftçi” – “Turan” oyunundan sonra başlamışdı. Mətbuat konfrasında bir-iki artıq kəlmə işlətmişdi deyə, “Quş” adlı köşə yazmışdım. Səhvlərini nəzərdə tutmuşdum. Rəhmətlik “quş”u üstünə götürüb, özündən çıxmışdı. Səhərin gözü açılmamış zəng vurmuşdu, hədə-qorxunun biri 5 qəpikdən. Təxminən 20 dəqiqə “atışmışdıq”, heç bir halda “qabağından yeməmişdim”. Bu da onun xoşuna gəlmişdi. 2 saat sonra zəng vurub görüşə çağırmışdı. “Səni sınayırdım, görüm dilinə görə dilçəyin də var”la əlaqələndirmişdi səhər etdiyi zəngi. Öpüşüb-görüşüb, qucaqlaşmışdıq. Get-gedə daha da bərkimişdi dostluğumuz.  


Eh, o qədər xatirələrim var... İndi yaza bilmirəm, yadıma düşdükcə bir-bir nəql edəcəm. Tələsirəm çünki. Bu dəqiqə zəng vurub “Keşlədəki məsçiddə yuyacaqlar, gəl ora” dedilər. Mən məsçidə getməliyəm. Bəs sən hara getdin, “Böyük”?

 

HƏBİB

Tarix: 18 Mart 16:25    Oxunub: 580    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 Aprel 2018
26 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.