“Ad çəkmək istəmirəm, artıq iki şirkətlə danışmışıq”

“Sumqayıt” – “Kəpəz” matçından 1 gün öncə, daha dəqiq desək, çərşənbə axşamı “Kapital Bank Arena”da əvəzedicilərin oyunu baş tutdu.

 

Elbrus Məmmədovun yetirmələrinin 3:0 hesabıyla qalib gəldiyi görüşü “sarı-göylər”in icraçı direktoru Elnur Camalxanovla birgə izləyən kimyaçılar”ın yeni prezidenti Riad Rəfiyev nəticədən məmnun görünürdü.


Sportinfo.az xəbər verir ki, AFFA-da çalışdığı dönəmdə daim mətbuata açıq olan Riad bəy klub prezidenti təyin olunan ilk gündən mediaya qapalı şəxsə çevrilib.

 

Ancaq əvəzedicilərin qarşılaşmasından sonra yeni prezidentə yaxınlaşıb, bəzi məsələlərlə bağlı fikir mübadiləsi apardıq. Kamran Quliyevin xələfi bizimlə söhbətdə öncə susqunluğuna aydınlıq gətirdi (Futbol+):

 

“Prezident təyin olunduğum cəmi bir neçə gündü. Hələ heç klubda işləyən əməkdaşları, aşağı yaş qruplarında çalışan məşqçiləri düz-əməlli tanımıram. Düzdü, təqdimat keçirilib, kollektivlə ümumi görüş olub. Ancaq hamını yaxından tanımaq, klubda görülən işlərlə tanış olmaq üçün müəyyən zamana ehtiyacım var.

 

Ona görə də media nümayəndələri ilə görüşmək, müsahibə vermək istəmirəm. Komandanın ötən tur səfərdə “Səbail”i udması mənim üçün çox yaxşı oldu. Belə deyək, debütüm uğurlu alındı. Həmin 3 xal bizə hava-su kimi vacib idi. İnanıram ki, “Kəpəz”lə matçda da sevinən tərəf biz olacağıq”. 


Sumqayıt həmişə istedadlı futbolçuları ilə seçilib. Ancaq bu şəhərin təmsilçisi tarixi boyunca avrokuboklara qatıla bilməyib. 2017/18 mövsümü istisna ola bilər. Sumqayıtlı azarkeşlərin Samir Abasovun rəhbərlik etdiyi kollektivin tarixi nəticəyə imza atacağına inamı çox böyükdü.

 

Belə həssas məqamda kluba rəhbərlik etmək də asan iş deyil. Xüsusilə yeni təyin olunan prezident üçün. Ancaq Rəfiyev heç nədən çəkinmədiyini, hansı məsuliyyətin altına girdiyini yaxşı dərk edir: “Özümə güvənim olmasaydı, bura gəlməzdim.

 

Özünüz bilirsiz ki, rəhmətlik atam Rasim Rəfiyev vaxtilə “Neftçi”nin prezidenti olub. “Ağ-qaralar” həmin dönəmdə ən uğurlu illərini yaşayıb. Futbol ailəsində böyüdüyümdən, vaxtilə “Neftçi”nin əvəzedcilərində oynadığımdan, bir müddət Braziliyada futbolun sirlərini öyrəndiyimdən özümü bu sahəyə yad insan saymıram.

 

Futbolçu kimi uğurlu karyera qura bilməsəm də - bunu deməkdən utanmıram - menecment sahəsində müəyyən biliklərə yiyələnmişəm. Hər zaman yaxınlarımla söhbətləşəndə deyirdim ki, klub prezidenti olsam, az büdcə ilə iddialı, ölkəmizi avrokuboklarda təmsil edə biləcək bir komanda yaratmaq arzusundayam.

 

Qismət elə gətirdi ki, bu gün “Sumqayıt”ın prezidentiyəm. Çalışacam ümidləri doğruldum. Heç kimə sirr deyil ki, klubumuz büdcəsinə görə əksər premyer-liqa təmsilçilərindən geri qalır.

 

Lakin işlər düzgün qurulduqda, kollektivdə normal ab-hava olduqda maliyyə arxa plana keçir. Bu gün “Sumqayıt” söylədiklərimi bir daha sübut edir. İnanıram ki, komanda ilə birlikdə bunu bacaracaq və qitəmiqyaslı turnirə vəsiqə qazanacağıq”.


Yarandığı gündən ancaq yerli oyunçulara güvənən “gənclik şəhəri” təmsilçisinin avrokuboklara vəsiqə qazanacağı halda heyətə legioner cəlb olunub-olunmayacağı sumqayıtlı azarkeşləri çox maraqlandırır.

 

Rəfiyevlə söhbətdə bu məsələyə də aydınlıq gətirməyə çalışdıq: “Klubun strategiyası bəllidi. Və görünən odu ki, yürüdülən siyasət düzgündü, özünü doğruldur. Ancaq yerlilərdən qurulan kollektiv bu gün avrokuboklara düşməyin biraddımlığındadısa, nəyə görə istiqaməti dəyişməliyik?

 

Ancaq indidən yayda nələrin olacağını demək çətindi. Gəlin, hadisələri qabaqlamayaq. Avropa Liqasına vəsiqə qazansaq, bəlkə klubun sponsorları qarşımıza başqa şərtlər qoyacaq. Heç kim istəməz ki, “Sumqayıt” ilk mərhələdəcə mübarizəni dayandırsın. Bir sözlə, heyətlə bağlı qərarı zamana uyğun, yəni vaxtı çatanda verəcəyik.

 

“Sumqayıt”a prezident təyin olunduqdan sonra mətbuatda mənim agent olmağımla bağlı yazılara rast gəldim. “Sumqayıt”dan öncə AFFA-da əsas və digər yığmaların seleksiya üzrə əlaqələndiricisi postunu tutmuşam. Yığma məşqçilərinin maraq dairəsində olan futbolçularla maraqlanmaq, bəzən onlara müəyyən məsələlərdə yardım etmək mənim vəzifə borcum idi”.

 

“Kimyaçılar”ın cari mövsümdə uğurlu çıxışı komandanın oyunçularına da marağı artırıb. Artıq indidən bəzi klublar “ağ-göylər”in bəzi futbolçularını növbəti mövsümdə heyətində görmək üçün qollarını çırmalayıb.

 

Son günlər Samir Abasovun da mövsümün sonunda komandadan ayrılacağı gündəmə gəlib ki, bu da sumqayıtlıları narahat edir. Ancaq yeni prezident narahatlığa əsas olmadığını vurğuladı: “Samir Abasov çox güclü mütəxəssisdi.

 

Onunla birgə çalışmaqdan məmnunam və gələcəkdə də birgə işləmək istəyirəm. Dedyiniz məsələlərdən xəbərim var. Baş məşqçimizlə görüşüb müəyyən fikir mübadiləsi aparmışıq. “Sumqayıt”ın daha da güclənməsi üçün maksimum səy göstərəciyik. Abasov hansı futbolçunu komandasında görmək istəsə, onunla müqavilə bağlayacağıq”.


Riad bəyin belə əmin danışması istər-istəməz ortaya bir sual çıxarır. Büdcəsi o qədər geniş olmayan klub baş məşqçinin istəklərini necə reallaşdıracaq? Heç şübhəsiz, Samir bəy növbəti mövsümdə də ən azı avrokuboklara düşmək uğrunda mübarizə aparmağa qadir komandanı çalışdırmaq arzusundadı.

 

Rəfiyev bu yöndə də müyyən planlarının olduğunu dedi: “Hazırda əsas məqsədim kluba yeni tərəfdaşların cəlb olunmasıdı. Bu məsələ ilə bağlı müəyyən görüşlərimiz olub. Ad çəkmək istəmirəm, lakin onu deyim ki, artıq iki şirkətlə danışmışıq. Onlar bizim layihədə maraqlıdılar.

 

Demirəm ki, əməkdaşlığa başalayacağımız qurumlar büdcəmizə milyonlar ayıracaqlar. Ancaq ən azı müyyən vəsait əldə olunacaq ki, bu da “Sumqayıt”ın inkişafına təkan verəcək. Mövsümün sonuna kimi bu işləri davam etdirməyi planlaşdırırıq”.


Ötən saylarımızın birində yeni meydanın salınması ilə bağlı “Sumqayıt”ın mövsümün son ev oyunlarını “Dalğa Arena”da keçirəcəyini xəbər vermişdik. Ancaq planlar dəyişib. Bunu da Riad bəydən öyrəndik:

 

“Baş məşqçimizlə görüşdə belə qərara gəldik ki, avrokuboklara bu qədər yaxın olduğumuz bir vaxtda başqa arenaya üz tutmaq bizə mane ola bilər. Süni örtüyün təbii ilə əvəzlənməsi prosesinin nəzərdə tutulan vaxtdan gec başa çatması problem deyil.

 

Uzağı, növbəti mövsümün ilk turlarını başqa stadionda keçirəcəyik. Bunda qorxulu heç nə yoxdu. Ancaq indiki məqamda rəqibləri “doğma divarlar” arasında qəbul etmək ən düzgün addımdı”.

Tarix: 18 Mart 00:30    Oxunub: 921    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.