"Biz 4 oyunu udmaq lazımdı ki, Premyer Liqada qalaq"

«Bizə bundan sonra minimum 4 oyunu udmaq lazımdı ki, çempionatda yerimizi qoruyaq».

 

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Kəpəz»in baş məşqçisi Yunis Hüseynov deyib.


Gəncə təmsilçisi 10 xalla turnir cədvəlinin sonuncu pilləsində məskunlaşıb. Qış fasiləsində heyətini demək olar büsbütün dəyişən qərb klubu keçirdiyi 6 matçın 5-də məğlubiyyətlə üzləşib. 


Mövsümün başa çatmasına cəmi 8 tur qalıb. «Kəpəz» ən yaxşı halda 7-ci pilləyə yüksələ bilər ki, bunun üçün «Keşlə» ilə aradakı 6 xallıq fərqi «əritmək» lazımdı. Çünki daha üst sıradakı «Səbail» 8 xal öndədi.  


Vəziyyət, göründüyü kimi, kritikdi və hər ötən həftə ümidlər azalır. Bununla belə, Y.Hüseynov hələ inamını itirməyib:

 

«Məni hər şeyin yaxşı olacağına inandıran komandamın oyunudu. Bunu hər kəs deyir ki, «Kəpəz»in oyunu yaxşı təsir bağışlayır. Yaxşı oyun varsa, nəticə də olacaq. Məni yalnız o narahat edir ki, nəticənin gəlməsi gecikir.

 

Əslində, biz qışdan sonrakı 6 oyundan 5-ni uduzmalı deyildik. Uduzduğumuz o 5 oyundan dördündə azı 1 xal qazanmalıydıq.

 

Uduzduğumuz o 1 oyun hansıdı? Yox, qoy, o oyunu açıqlamayım, məndə qalsın. Bəxtimizin gətirmədiyini etiraf edirəm. Hər dəfə son dəqiqələrdə qol buraxırıq. Buna məyus olmayım, neyləyim?

 

«Sumqayıt»ı ilk hissədə tamamilə üstələmişdik. Sonra qol da vurduq. İkinci hissənin 25-30 dəqiqəsini bir balaca zəif keçirdik, qapımızda iki top gördük. Razıyam, pis oynayaq, amma qələbə qazanaq. Pis günün ömrü az olar.

 

Bilirsiz, mən buna inanıram ki, əziyyətli işin axırı həmişə yaxşı qurtarır. Bizdə də belə olacaq. «Səbail» və «Keşlə»nin neçə xalının olması məni maraqlandırmır.

 

Onların neçə xalı olur-olsun, əsas bizim 4 qələbə qazanmağımızdı. 14-15 xal toplasaq, ümumiyyətlə, əla olar.

 

Mən komandanı götürəndə, rəhbərliyə söz verməmişəm ki, filan yeri götürəcəm. Bircə demişəm ki, yaxşı komanda düzəldəcəm». 

Tarix: 17 Mart 19:48    Oxunub: 526    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 Aprel 2018
26 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.