Məəim uşağıma yaxşı bax, məllim!

Qurumalıdı əllərimiz!

 

O körpələrin başına sığal çəkən, müəllimlərə rüşvət verən əllərimiz.

 

Susmalıyıq, lal olmalıdı dillərimiz!

O körpələri rüşvətə, saxtakarlığa öyrədən, yalan deyən dillərimiz.

 

Dağılmalıdı, batmalıdı ölkəmiz!

O körpələr üçün miras olaraq saxlayacağımız, yalana, rüşvətə bulaşmış ölkəmiz.

 

Bizim bir məktəbimiz var idi, sıradan bir məktəb. Yeriyəndə taxta döşəməsinin cırıltısından qulaq tutulardı, qonşu otaqda müəllimin "materiklərlə qitələrin fərqi nədi” sualı bizim otaqdakı müəllimin "Çaldıran döyüşü neçənçi ildə olmuşdu” sualına qarışardı. Suallar suallara, cavablar cavablara qarışardı, amma ağlımızı qarışdıran başqa heç nə olmazdı. 8 mart, ad günü, müəllimlər günü... Qarışdırmazdı bunlar ağlımızı. Kimsə bizdən hədiyyə tələb etməzdi. Bizdən oxumaq tələb olunurdu, sadəcə, oxumaq!

 

Bəs indi?

Soruşuram: Niyə müəllimə rüşvət verirsən? 

Cavab verir: Mən müəllimə pul verməsəm, uşağımı gözüm-çıxdıya salacaq, maraqlanmayacaq.

Tanış sözlərdi, hə? Siz də eşitmisiz, hətta bəlkə siz də demisiz. Demisiz? Deyərsiz, sizi tanıyıram...

 

Bəs bütün valideynlər sözü bir yerə qoyub, müəllimlərə rüşvət verməsə? Deyəcəksiz ki... Yox, qoy mən deyim: Hər kəsin sözü bir olsa, hər kəs bir nöqtəyə vursaydı, yəqin nə Qarabağı itirərdik, nə də indi təhsilimiz rüşvətin, korrupsiyanın murdar caynaqlarında can verərdi, bir sözlə, bu günlərə gəlməzdik. Hansı yollarla pul qazandığını bir özü, bir də Allahı bilənlər, qazandığı o pullardan müəllimlərə "görüm-baxım” edənlər, ağzını əyə-əyə "məəim uşağıma yaxşı bax, məllim” deyənlərə baxdız və batdız, eləmi?

 

Batmısız!

Batmışıq!

Təhsilimiz batır!

Gələcəyimiz batır!

Bunu isə "facebook”da bir dostumuz yazıb:

 

"Biz məktəbi təhsil ocağı bilirik, valyutadəyişmə məntəqəsi deyil. Amma Ceyranbatan qəsəbəsi "2 saylı" orta məktəbdə əksinədi. Hazırlığa gedən 5 yaşlı uşağa deyir ki, mənim 8 martıma 10 manatdan pul gətir. Novruz xonçasi düzəltmək məqsədi ilə yuxarı siniflərdən 30 manatdan pul yığırlar, hesablasaq ki, 250 nəfərlik məktəbdə 800 şagird təhsil alır, bu da 24000 manat pul deməkdi. Hələ fond və süpürgə pulları bura aid deyil. Bu pullar hara gedir? 2018-2019 tədris ilində 1-ci sinifə qədəm qoyacaq günahsız mələklərin valideynlərinə deyirlər ki, 50 manat gətir, istədiyin müəllimin sinifinə uşağını qoy. Bazardı, ya təhsil ocağı?”

 

Biz hara gedirik, yoldaşlar? Bu gün 8 marta, ad gününə, müəllimlər gününə, uşağımıza istədiyimiz müəllimi seçmək üçün verdiyimiz pullar bizim üçün şərəfli, vicdanlı övlad yetişdirməyəcək. Biz özümüz öz əllərimizlə gələcəyin rüşvətxor müəllimini, həkimini, polisini hazırlayırıq. Siz bunun fərqindəsizmi? Fərqindəsiz… Bilirəm, əminəm, fərqindəsiz. Bəlkə elə doğrudan da siz gələcəkdə nə yolla olur-olsun, evə pul gətirməyi bacaracaq övlad arzulayırsız? Bəlkə siz müəllimlərə rüşvəti elə ona görə verirsiz ki, onlar özləri kimi rüşvətxor, saxtakar insanlar yetişdirsinlər? Bəlkə siz artıq bu ölkədə alnının təriylə, şərəfi, vicdanı ilə yaşamağın, lap qoy olsun, yaxşı yaşamağın mümkün olmadığına inanmısız, əminsiz?

 

Siz doğrudan da öz günahsız övladlarınızın, o mələklərin böyüyəndə rüşvətxor, vicdansız, şərəfsiz olmasını istəyirsiz? Hey, sizinləyəm, kar olmuş qulaqlarınızı, kor olmuş gözlərinizi açın və cavab verin - istəyirsizmi?

 

Rəşad Ergün

Tarix: 17 Mart 19:36    Oxunub: 382    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Aprel 2018
24 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.